06 yanvar

Nəqliyyat dəhlizləri üzərindən sülh strategiyası: İlham Əliyevin regiona baxışı - ŞƏRH

Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə səsləndirdiyi fikirlər Cənubi Qafqazda formalaşmaqda olan yeni geosiyasi və geo-iqtisadi reallıqlara rəsmi dövlət baxışını əks etdirir. Prezidentin “Ermənistan Naxçıvan vasitəsilə İranın dəmir yollarına, Azərbaycan vasitəsilə Rusiyanın dəmir yollarına çıxış əldə edəcək” fikri, ilk növbədə, regionda nəqliyyat-kommunikasiya xətlərinin bərpası və açılmasının yalnız Azərbaycan üçün deyil, bütün region ölkələri üçün qarşılıqlı fayda yaradacağını göstərir. Bu yanaşma 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda əksini tapmış nəqliyyat əlaqələrinin açılması müddəasının məntiqi davamı kimi çıxış edir.

Prezidentin vurğuladığı əsas məqamlardan biri də Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işləri ilə Naxçıvan Muxtar Respublikasının inkişafının paralel şəkildə həyata keçirilməsidir. Rəsmi mövqeyə görə, Naxçıvanda yaşıl enerji layihələrinin icrası, kənd təsərrüfatının inkişafı, böyük suvarma layihələrinin reallaşdırılması və turizm potensialının artırılması bölgənin uzunmüddətli sosial-iqtisadi inkişaf strategiyasının tərkib hissəsidir. Bu layihələr yalnız regional inkişaf məqsədi daşımır, eyni zamanda, Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə faktiki və funksional birləşməsini möhkəmləndirir. Prezidentin “biz bunu onsuz da edəcəkdik, amma yaxşı ki, bunu sülh yolu ilə edirik” fikri Azərbaycanın bu hədəflərə güc yolu ilə deyil, regional əməkdaşlıq və sülh mexanizmləri çərçivəsində nail olmağa üstünlük verdiyini nümayiş etdirir.

Zəngəzur dəhlizi kontekstində bu yanaşma daha geniş məna kəsb edir. Rəsmi Bakı dəhlizi yalnız Azərbaycanın Naxçıvanla bağlantısı kimi deyil, region üçün yeni nəqliyyat-konseptual platforma kimi təqdim edir. Prezidentin müsahibəsində Ermənistanın da bu prosesdən faydalanacağı xüsusi vurğulanır. Belə ki, Ermənistan Naxçıvan üzərindən İranın dəmir yolu şəbəkəsinə, Azərbaycan ərazisi vasitəsilə isə Rusiyanın dəmir yollarına çıxış əldə etməklə uzun illər davam edən nəqliyyat təcridindən qismən çıxmaq imkanı qazana bilər. Bu, Ermənistan üçün tranzit imkanlarının genişlənməsi, ticarət əlaqələrinin şaxələndirilməsi və iqtisadi fəallığın artması deməkdir.

Region ölkələri baxımından Zəngəzur dəhlizi və əlaqəli nəqliyyat xətləri Cənubi Qafqazın Avrasiya məkanında mühüm tranzit qovşağına çevrilməsi perspektivini gücləndirir. Azərbaycan bu prosesdə əsas logistika və nəqliyyat mərkəzi rolunu möhkəmləndirir, Rusiya üçün Cənubi Qafqaz üzərindən yeni və daha qısa yük daşımaları marşrutları formalaşır, İran isə şimal-cənub və şərq-qərb istiqamətlərində mövqeyini gücləndirir. Rəsmi yanaşmaya görə, bu marşrutlar dövlətlərin suverenliyi və beynəlxalq hüquq normaları çərçivəsində fəaliyyət göstərməli, heç bir ölkənin təhlükəsizlik maraqlarına zidd olmamalıdır.

Prezident İlham Əliyevin fikirlərinin analitik mənası ondan ibarətdir ki, nəqliyyat-kommunikasiya layihələri təkcə iqtisadi deyil, həm də siyasi sabitlik və uzunmüddətli sülh üçün alət kimi dəyərləndirilir. Azərbaycan tərəfindən irəli sürülən konsepsiya “hamı qazanır” prinsipinə əsaslanır və regionda qarşılıqlı asılılığın artmasının münaqişə risklərini azaltdığı tezisinə söykənir. Bu baxımdan Zəngəzur dəhlizi və Naxçıvanın inkişafı ilə bağlı səsləndirilən fikirlər Cənubi Qafqazda yeni əməkdaşlıq mərhələsinin rəsmi ideoloji əsasını təşkil edir və Azərbaycanın regional inteqrasiya, sülh və inkişaf strategiyasının mərkəzində dayanır.

Hikmət Həsənov

SORĞU

Yeni il bayramı

Bayram günlərini harada keçirməyə üstünlük verirsiniz?