Dünyanın gözü Romada: Papa kim olacaq?

Mayın 7-də Vatikan dünyanın diqqət mərkəzinə çevrilib. Müqəddəs Taxt-Tacda yeni, 267-ci Roma Katolik Kilsəsinin rəhbərinin seçilməsi üçün konklav, yəni gizli seçki prosesi başlayıb.
Təhlil.az xəbər verir ki, qədim ənənələrlə zəngin bu prosesin mərkəzində Sikstin Kapellasının damına yerləşdirilmiş məşhur baca dayanır. Bəli, məhz o baca seçicilərin qərarını tüstü ilə dünyaya çatdıran simvollardan biri.
Konklava mərhum Papa Fransiskin dövründə Vatikanın dövlət katibi olmuş italiyalı kardinal Pietro Parolin rəhbərlik edir. Əvvəlcədən adı ehtiyatla çəkilən Parolinin indi artıq prosesə başçılıq etməsi, onun favoritlər sırasında yer aldığı ehtimallarını daha da gücləndirir.
Hazırda dünyanın müxtəlif guşələrindən minlərlə insan Müqəddəs Pyotr meydanında toplanıb. Orada gözlər damdakı bacaya zillənib. Ağ tüstü görünsə, demək, yeni Papa seçilib. Əgər tüstü qara olarsa, deməli, kardinal seçicilər hələ yekdil qərara gələ bilməyib.
Seçkinin nə qədər davam edəcəyi isə məlum deyil. Tarixə baxsaq, bəzən bu proses bir neçə gün, hətta həftələr çəkib. Ancaq texnologiyanın və medianın sürət dövründə bu dəfə qərarın daha tez veriləcəyi də istisna edilmir.
Maraqlıdır ki, Vatikan bu dəfə jurnalist marağı ilə adətən rast gəlinməyən bir rekorda imza atıb: seçki prosesini işıqlandırmaq üçün 5300-dən çox jurnalist akkreditasiyadan keçib. Onların arasında demək olar ki, dünyanın bütün aparıcı media orqanları təmsil olunur.
Roma Papası sadəcə dini lider deyil, eyni zamanda, diplomatik arenada 1.3 milyard katolikin simvoludur. Onun şəxsiyyəti, çıxışları və dünyaya baxışı bir çox qlobal proseslərə yön verə bilir. Elə buna görə də bu seçki prosesinə sadəcə kilsənin deyil, siyasətçilərin, beynəlxalq təşkilatların və milyonlarla insanın marağı var.
Maraqlıdır görəsən tüstü nə zaman ağaracaq və dünya necə bir liderlə tanış olacaq?