Bu gün

Minsk Qrupunun ləğvi - Azərbaycan diplomatik qələbəsi ilə regionda yeni sülh qurur - ŞƏRH

1992-ci ildə ATƏT çərçivəsində Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək, tərəfləri masaya gətirmək və gərginliyi azaltmaq məqsədilə yaradılan Minsk Qrupu dekabrın 1-də rəsmi olaraq fəaliyyətini dayandıracaq. Əslində qurum 2020-ci il 44 günlük müharibənin nəticələrinə görə artıq ləğv edilmiş sayılırdı. Çünki fəaliyyəti dövründə münaqişənin həlli ilə bağlı heç bir irəliləyiş əldə edilməmiş, sülhə doğru addım atılmamışdı. 27 il ərzində boş danışıqlar, mənasız vədlər, regiona səfərlər nəticəsiz qaldı. Azərbaycan isə 44 gün ərzində torpaqlarını işğaldan azad etməklə Minsk Qrupu ilə yanaşı, BMT TŞ-nin də dəyərsiz olduğunu sübut etdi. Azərbaycan dəfələrlə Minsk Qrupunun artıq ləğv edilməli olduğunu bildirsə də, rəsmi İrəvan bu məsələdə susqunluq nümayiş etdirdi. Amma 8 avqust 2025-ci ildə Vaşinqtonda imzalanan Bəyannamənin nəticəsinə uyğun olaraq, rəsmi Bakının haqlı olaraq əhəmiyyətini itirmiş qrup adlandırdığı Minsk Qrupunun ləğvi prosesinə start verildi.

Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə açıq şəkildə bildirib ki, Minsk Qrupu missiyasını doğrultmayıb. Hətta cari ilin aprel ayında ATƏT baş katibi ilə görüşündə cənab İlham Əliyev qurumun artıq ləğvi vaxtının çatdığını qeyd edib. Eyni zamanda, BMT Baş Assambleyasında da çıxşında ölkə başçısı Minsk Qrupu həmsədrlərinin beynəlxalq hüquq normalarını tətbiq etməkdənsə status-kvonu qorumağa üstünülk verdiyini açıq şəkildə bildirib.

Bəs Azərbaycanın haqlı tənqidlərinə səbəb nə idi? Birincisi qeyd edək ki, Minsk Qrupununda struktur problemləri mövcud idi. Konsensus əsaslı qərarlaşma mexanizmi səbəbindən qurum çox vaxt passiv və performativ diplomatiya ilə məhdudlaşırdı. Əslində isə konstativ diplomatik fəaliyyət yürütməsi daha məqsəduyğun olardı və münaqişənin həllinə töhfə verə bilərdi. Minsk Qrupu ikili standartlarla işləyib: Digər regionlarda daha odlu diplomatik müdaxilə və təzyiq mexanizmləri tətbiq edilərkən, Dağlıq Qarabağ münaqişəsində bu tip sarsıdıcı addımlar atılmayıb. Hətta keçmiş ABŞ həmsədri Keri Kavano Minsk Qrupunun struktur etibarilə zəif olduğunu etiraf etmişdi. Bəzi fikirlərə görə isə Qrup “unipolyar dünyanın artefaktı”dır və çox zaman real diplomatik təsirdən məhrum olub.

Burada diqqət ediləsi məqamlardan biri də həmsədr ölkələrlə bağlıdır. ABŞ, Fransa və Rusiya kimi həmsədr ölkələrin müxtəlif geosiyasi maraqları Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə əsas maneə olan faktorlardandır. Qrupun həmsədr ölkələrinin maraqları çox vaxt Azərbaycan və Ermənistanın maraqları ilə üst-üstə düşmürdü. Bu, qərarların konsensusa əsaslanmasına gətirib çıxarırdı və real, strukturlaşdırılmış sülh sazişlərinin qəbul edilməsini çətinləşdirirdi. Eyni zamanda, hər həmsədr ölkə üçün Azərbaycan-Ermənistan münaqişəsinin həlli yox, öz geosiyasi maraqları daha üstün olub.

Bundan əlavə, Qrupun ermənipərəst mövqedən çıxış etməsi də rəsmi Bakının haqlı narazılıq səbəbi idi. Çünki Minsk Qrupu status-kvonun qorunmasına xidmət edib, çoxsaylı danışıqlar aparsa da, ədalətli və yekdil qərarlar almayıb. Bu da onun ikili siyasət yürütməsi, daha çox İrəvanın mövqeyindən çıxış etməsini ortaya qoyur. İstər 1996-cı il Lissabon Sammiti, istər 2001-ci il Ki-Uest danışıqları, istərsə də 2016-cı ildəki Aprel döyüşləri zamanı qurum heç bir müsbət addıma nail ola bilmədi. Bu isə işarə edir ki, Minsk Qrupu həqiqi sülh yaratmaqdan çox, maraqlı qüvvələrin aləti kimi çıxış edib. Bu da münaqişənin həlli yox, dondurulması, status-kvonun qorunması ilə nəticələnib. Dondurulmuş münaqişə isə Ermənistan üçün faydalı idi, çünki işğal olunmuş ərazilərin statusu təzyiq altında qalarkən real təktərəfli geri dönüşlərin qarşısını almağa kömək edirdi. Minsk Qrupu varlığı, beynəlxalq səviyyədə dialoq mexanizmi kimi göstərilirdi: “Müzakirələr hələ gedir” mesajı verirdi. Bu, xüsusilə Ermənistan üçün vacib idi, çünki işğal altındakı ərazilər üzrə münaqişənin həllinin beynəlxalq hüquq normaları çərçivəsində aparıldığına dair legitimlik qazandırırdı. Lakin reallıqda bu dialoq tez-tez səmərəli nəticəyə gətirib çıxarmırdı.

Faktlara müraciət edək. Əslində Minsk Qrupunun həmsədrləri ilə yanaşı, əlavə 8 üzvü olub. Amma bu üzvlərlə heç bir məsləhətləşmə aparılmayıb, rəyləri soruşulmayıb. Bu da göstərir ki, həmsədr ölkələr üçün əsas olan münaqişənin həlli yox, regionda geosiyasi maraqlarını təmin etmək olub. Eyni zamanda, 1990-cı illərin sonlarında qurumun təqdim etdiyi üç planın Bakı və İrəvan tərəfindən rədd edilməsi də Minsk Qrupunun reallıqları nəzərə almaması, münaqişənin real həlli üçün çalışmaması deməkdir.

Üstəlik 1998-ci ildə təklif edilən “ümumi dövlət” planı da Azərbaycanın maraqlarını kölgə altına qoymaqla yanaşı, beynəlxalq hüquq prinsiplərini kobud şəkildə pozmaq idi. Bu plan Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazi bütövlüyü çərçivəsində “Dağlıq Qarabağ dövlət-ərazi vahidi”nin yaradılmasını, bu “dövlətin” suverenliyinin, öz pasportunun, pul vahidinin, milli qvardiya və polis qüvvələrinin olmasını nəzərdə tuturdu. Azərbaycan qüvvələri bu əraziyə daxil ola bilməzdi, amma Dağlıq Qarabağ Azərbaycanda seçkilərdə və parlamentdə iştirak etmək hüququ əldə etməli idi. Belə bir absurd təklif təbii ki, rəsmi Bakı tərəfindən rədd edilib.

Növbəti illərdə də Qrupun təklif etdiyi planlarda əsasən ermənipərəst mövqe hiss edildiyi üçün Azərbaycan tərəfi haqlı olaraq bunlardan imtina edib. Məsələn, Qarabağ ətrafındakı 7 rayonun qaytarılması, keçmiş muxtar vilayətə isə başqa status və hüquqların verilməsi, 7 rayondan 5-nin qaytarılması, mərhələli həll kimi təkliflər təbii ki, qəbuledilməz idi. Azərbaycan haqlı olaraq, münaqişənin tam həllini, ərazi bütövlüyünün tam bərpasını, işğal altında olan torpaqların azad edilməsini tələb edirdi. ATƏT kimi beynəlxalq bir qurumun Ermənistan kimi kiçik dövlətə bu müddəaları qəbul etdirə bilməməsi və ya etdirməməsi də əslində Minsk Qrupunun yarıtmaz fəaliyyətini, ikili siyasət yürütməsini bütün çılpaqlığı ilə ortaya qoyur. Çünki beynəlxalq qurumun beynəlxalq hüquq prinsiplərini əsas tutmaması onun özünü təkzib etməsi deməkdir.

Beləliklə, Azərbaycanın təkbaşına həm BMT TŞ-nin qərarlarını icra etməsi, həm də ATƏT kimi qurumun 27 illik fəaliyyəti dövründə əldə edəcəyi həll yoluna 44 gün ərzində nail olması beynəlxalq ictimaiyyətin üzünə bir sillə sayılmalıdır. Minsk Qrupunun ləğvi isə Azərbaycanın diplomatik uğuru sayılır. Bu qərar Bakının uzun müddət vurğuladığı “Minsk Qrupu artıq səmərəli deyil” mövqeyinin beynəlxalq səviyyədə tanınması deməkdir. Minsk Qrupunun ləğvi həm simvolik, həm də praktiki əhəmiyyət daşıyır. Simvolik cəhətdən bu, Azərbaycanın 30 ildən çox davam edən diplomatik mübarizəsində bir mərhələdir: “istifadəyə yararsız bir formatı” aradan qaldırmaq. Praktik tərəfdən isə, bu, regionda sülh mexanizmlərinin yenidən qurulmasına, gələcəkdə daha dayanıqlı sülh sazişinin imzalanmasına imkan yaradır.

Hikmət Həsənov

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?