2020-ci ildən bəri 270 min hektardan çox ərazi minalardan təmizlənib

2020-ci ilin noyabr ayından etibarən 270 mindən çox hektar ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib. Bu müddətdə 250 mindən artıq mina və partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Təhlil.az xəbər verir ki, bu fikirləri ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov WUF13 çərçivəsində “Münaqişədən sonrakı şəhər yenidənqurması: Humanitar minatəmizləmənin həlledici rolu” mövzusunda keçirilən tədbirdə deyib.
O bildirib ki, minatəmizləmə yalnız insanların həyatını xilas edən humanitar fəaliyyət deyil, eyni zamanda bərpa və yenidənqurmanın əsas təməlidir:
“Böyük Qayıdış” Proqramı çərçivəsində minatəmizləmə fəaliyyəti şəhərsalma, yenidənqurma və inkişaf proseslərinə tam şəkildə inteqrasiya edilib.
Minatəmizləmə fəaliyyəti yaşayış evlərinin yenidən inşası, infrastrukturun bərpası, kənd təsərrüfatının dirçəldilməsi, nəqliyyat şəbəkələrinin inkişafı və iqtisadi fəaliyyətin canlandırılması üçün zəruri şəraiti formalaşdırır”.
V. Süleymanov vurğulayıb ki, mina təhlükəsi təkcə Azərbaycanda deyil, dünyanın bir sıra ölkələrində də bərpa prosesini ləngidir, inkişaf imkanlarını məhdudlaşdırır və əhalinin təhlükəsizliyini risk altında saxlayır.
“Məhz buna görə də bugünkü platforma xüsusi əhəmiyyət daşıyır. Mina probleminin aradan qaldırılması yalnız milli səylərlə məhdudlaşmır, davamlı beynəlxalq dəstək, tərəfdaşlıq, innovativ yanaşmalar və qabaqcıl təcrübələrin paylaşılmasını zəruri edir”, – deyə ANAMA sədri əlavə edib.
“Azərbaycanda biz dünyanın ən böyük mina çirklənməsi problemlərindən biri ilə üz-üzəyik. Milli hesablamalara əsasən, işğal nəticəsində təxminən 11 min 667 kvadrat kilometr ərazi mina və partlamamış hərbi sursatlarla çirkləndirilib”.
Onun sözlərinə görə, azad edilmiş ərazilərdə bir milyondan çox mina qalmaqdadır və bu da bərpa və yenidənqurma işləri qarşısında ciddi maneələr yaradır.
“Bu genişmiqyaslı çirklənmənin insanlara təsiri də olduqca ağırdır. Münaqişənin başa çatmasından sonra 425 nəfər mina və partlayıcı sursatların qurbanı olub. Bu fakt göstərir ki, aktiv hərbi əməliyyatlar bitsə də, mülki əhali üçün təhlükə davam edir”.
Sədr xatırladıb ki, 2020-ci ildə Vətən müharibəsinin başa çatmasından sonra Azərbaycan bu çağırışın aradan qaldırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirib:
"Lakin humanitar minatəmizləmə fəaliyyəti yalnız mürəkkəb və vaxt aparan proses deyil, eyni zamanda böyük maliyyə resursları tələb edir. Mina fəaliyyəti üçün təxminən 500 milyon ABŞ dolları ayrılıb və bunun 96 faizi Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilib”.
V.Süleymanov əlavə edib ki, bu fakt Azərbaycanın güclü milli potensialını və təhlükəsiz bərpa, yenidənqurma və qayıdışı təmin etmək istiqamətində siyasi iradəsini açıq şəkildə nümayiş etdirir.
“Mina təmizləmə və tikinti işlərinin paralel aparılması nəticəsində hazırda 8 şəhər və 33 kənddə genişmiqyaslı quruculuq işləri davam edir və artıq 35 mindən çox keçmiş məcburi köçkün təhlükəsiz yaşayış məntəqələrinə geri qayıdıb”.