Bakı-Brüssel münasibətlərində yeni mərhələ başlayıb - TƏHLİL

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Avropa İttifaqının müxtəlif instansiyaları ilə keçirdiyi görüşlər Bakı-Brüssel münasibətlərində yeni mərhələnin formalaşdığını göstərir. Son illərdə Cənubi Qafqazda dəyişən geosiyasi balans, Azərbaycanın regionda təşəbbüskar aktora çevrilməsi və Avropa İttifaqının enerji təhlükəsizliyi baxımından Azərbaycana artan ehtiyacı bu diplomatik aktivliyin əsasını təşkil edir. Hikmət Hacıyev də “X” platformasında yayımladığı paylaşımda son aylarda Azərbaycan-Avropa İttifaqı münasibətlərində müşahidə olunan “müsbət dinamika”nı vurğulayır. Bu, bir neçə istiqamətdə aktualdır. Belə ki, Avropa İttifaqı üçün Azərbaycan qazı və yaşıl enerji layihələri strateji əhəmiyyət daşıyır. 2022-ci ildən imzalanmış enerji memorandumu da bu əməkdaşlığı yeni mərhələyə çıxarıb. Orta Dəhliz və Zəngəzur dəhlizi müzakirələrin əsas mövzularındandır. Avropa İttifaqı bu dəhlizə təkcə iqtisadi yox, həm də geosiyasi alternativ kimi baxır. Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləyir və bu sahədə öz mövqeyini gücləndirməyə çalışır. Hacıyevin fikrincə, bu amilləri nəzərə alaraq ikitərəfli gündəlik genişlənir və perspektivlər əvvəlki illərlə müqayisədə daha real və praqmatik xarakter alır.
Brüsseldə Avropa İttifaqının Siyasi və Təhlükəsizlik Komitəsinin üzvləri ilə keçirilən görüş xüsusilə diqqət çəkir. Çünki bu komitə Avropa İttifaqının xarici siyasət qərarlarının hazırlanmasında əsas orqanlardan biridir. Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın dərinləşdirilməsi, Azərbaycanın regionda irəli sürdüyü sülh təşəbbüsləri, Zəngəzur dəhlizinin açılması, ikitərəfli etimad quruculuğu tədbirləri, Cənubi Qafqazda post-münaqişə dövrü üçün yeni təhlükəsizlik arxitekturası əsas müzakirə mövzuları olub. Hacıyevin komitə üzvlərinə regionun real siyasi vəziyyətini izah etməsi və Azərbaycanın yanaşmasının praqmatik əsaslandırılması Avropa İttifaqının bu məsələlərə daha geniş prizmadan baxdığını göstərir.
Zəngəzur dəhlizinin Avropa İttifaqı qarşısında xüsusi vurğulanması təsadüfi deyil. Bu dəhliz Azərbaycanı Naxçıvan vasitəsilə Türkiyə və Avropa bazarlarına bağlayır. Orta Dəhlizin mühüm seqmentinə çevrilməklə yanaşı, Avropanın Çin-Avropa ticarət yollarında Rusiyadan asılılığını azaldır. Ona görə də Avropa İttifaqı üçün bu dəhliz yalnız logistik imkan deyil, həm də geosiyasi diversifikasiya alətidir. Azərbaycanın dəhlizlə bağlı tutduğu mövqe isə regional sabitliyin və qarşılıqlı iqtisadi asılılığın artmasına xidmət edir. Bu məntiq Brüsselin strateji baxışları ilə uyğunlaşdığı üçün Hikmət Hacıyevin mesajları Avropa siyasi dairələrində pozitiv rezonans doğurur.
Prezidentin köməkçisi görüşdə Azərbaycanın təklif etdiyi sülh gündəliyini də təqdim edib. Ermənistanla yekun sülh müqaviləsinin bağlanması, kommunikasiyaların açılması, post-müharibə dövründə iqtisadi inteqrasiya, regionda təhlükəsizliyin təmin olunması bu gündəliyin əsas elementləridir. Nəzərə almalıyıq ki, Avropa İttifaqı uzun müddətdir prosesdə vasitəçilik etmək istəsə də, son illərdə Ermənistan-Avropa İttifaqı yaxınlaşması fonunda Bakı ilə münasibətlərdə müəyyən gərginlik yaşanırdı. Hikmət Hacıyevin görüşləri həmin gərginliyin yumşaldılması və balansın bərpası yönündə mühüm addım kimi qiymətləndirilməlidir. Bir sözlə, Hikmət Hacıyevin Brüsseldə keçirdiyi görüşlər Azərbaycan-Avropa İttifaqı münasibətlərinin sabitləşməsi və dərinləşməsi baxımından əhəmiyyətli diplomatik addımdır. Bu proses yalnız ikitərəfli əməkdaşlığı genişləndirmir, həm də Cənubi Qafqazda uzunmüddətli təhlükəsizliyin və iqtisadi inteqrasiyanın qurulmasına töhfə verir.
MTM Analitik Qrupu