Azərbaycanın tranzit rolu artır, sülh prosesi sürətlənir - TƏHLİL

Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası istiqamətində atılan praktik addımlar Cənubi Qafqazda sülh quruculuğu prosesinin mühüm mərhələyə qədəm qoyduğunu göstərir. 2020-ci ildən sonra regionda nəqliyyat-kommunikasiya xəttlərinin açılması, xüsusilə Zəngəzur Dəhlizinin reallaşdırılması rəsmi Bakının irəli sürdüyü sülh gündəliyinin əsas istiqamətlərində yer alsa da, Ermənistanın əsassız iddiaları və destruktiv mövqeyi bu sahədə razılaşmaların əldə edilməsinə uzun müddət imkan vermirdi. Lakin Azərbaycanın prinsipial, qətiyyətli və beynəlxalq hüquqa əsaslanan mövqeyi nəticəsində qarşı tərəf nəhayət, praktik addımlar atmağa məcbur oldu.
Söhbət 2025-ci il avqustun 8-də ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda Ermənistan və Azərbaycan arasında əldə edilmiş razılaşmalardan gedir. Zəngəzur dəhlizinin “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” – TRIPP adı altında açılmasına dair əldə olunan anlaşma iki ölkə arasında sülh və etimad quruculuğuna ciddi töhfə olmaqla yanaşı, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpasını da reallığa çevirib. Ötən ay Azərbaycanın Ermənistan istiqamətində tranzit məhdudiyyətlərini aradan qaldırması və ilk yükdaşımaların həyata keçirilməsi barış mühitinin artıq diplomatik sənədlərdən praktiki müstəviyə keçdiyini göstərən önəmli hadisədir.
Prezident İlham Əliyev oktyabrın 21-də qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevlə görüşündə bəyan etdi ki, Azərbaycan üzərindən Ermənistana yükdaşımalarla bağlı bütün məhdudiyyətlər aradan qaldırılıb və bu, sülh istiqamətində atılmış mühüm addımdır. Noyabrın əvvəlində 1000 tondan çox Qazaxıstan taxılı yüklənmiş 15 vaqonun Yalama–Biləcəri–Hacıqabul–Böyük Kəsik marşrutu üzrə Ermənistana göndərilməsi yeni dəhlizin işləkliyini təsdiq edən praktik addım kimi tarixə düşdü. Tranzit əməliyyatının üçüncü ölkənin yükü ilə başlaması qarşılıqlı etimadın gücləndirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır. Azərbaycan ərazisi ilə Ermənistana yükdaşımaların reallaşması həm region, həm də Mərkəzi Asiya ölkələri üçün yeni imkanlar açır.
“Rusiya Dəmir Yolları” ASC-nin baş direktorunun birinci müavini Sergey Pavlov Bakıda keçirilən MDB Dəmir Yolu Nəqliyyatı Şurasının 83-cü iclasında bildirib ki, test daşımaları bu marşrutun həm yükgöndərənlər, həm də müştərilər üçün səmərəli olduğunu göstərib. Onun sözlərinə görə, bu xətt logistika xərclərinin optimallaşdırılmasına, yüklərin hava şəraitindən və mövsümi çətinliklərdən daha az asılı olmasına şərait yaradır. Gürcüstan üzərindən Ermənistana gedən yolun qarlı havalarda tez-tez bağlanması, hərəkətin dayanması əvvəllər ciddi itkilərlə nəticələnirdi. Azərbaycan üzərindən keçən marşrutlar isə sabit, etibarlı və daha qısamüddətli alternativlər təqdim edir. S. Pavlov bildirib ki, tərəflər artıq hansı yüklərin ixrac, idxal və tranzit çərçivəsində daşına biləcəyini müəyyənləşdirmək üzərində çalışır və ilin sonuna qədər bütün detalların razılaşdırılması nəzərdə tutulur. Bu müsbət dinamika göstərir ki, Azərbaycan ərazisi ilə Ermənistana yükdaşımalar regionun bütün aparıcı ölkələrinin maraq dairəsindədir.
“İran Dəmir Yolları”nın rəhbəri Cabbar Əli Zakeri də açıqlamasında bildirib ki, İran Naxçıvandan keçən dəmir yolu vasitəsilə Ermənistana yükdaşımaya başlamağa hazırlaşır: “MDB Dəmir Yolu Nəqliyyatı Şurasının 83-cü iclasının kuluarlarında danışıqlar aparmışıq ki, İrandan Ermənistana gedən yüklərin bir qismi Naxçıvan üzərindən tədarük olunsun. Bununla Naxçıvan dəmir yolu xətti yenidən fəaliyyətə başlayacaq. Bu prosesin qısa zamanda reallaşması üçün çalışırıq”.
Azərbaycan üzərindən həyata keçirilən yeni tranzit xətti regionda tədarük zəncirinin şaxələndirilməsi, daşımaların təhlükəsizliyinin artırılması və xərclərin azaldılması baxımından böyük əhəmiyyət daşıyır. Bu, Cənubi Qafqazın tranzit xəritəsinin yenidən formalaşması, daha çevik və səmərəli logistika imkanlarının yaranması deməkdir. Xüsusilə vurğulamaq lazımdır ki, yaxın illərdə Zəngəzur Dəhlizinin açılması Ermənistanın illərdir yaşadığı təcriddən çıxmasına səbəb olacaq və regionun tranzit potensialını daha da gücləndirəcək.
Sözügedən dəhliz təkcə Azərbaycan və Ermənistan üçün deyil, Türkiyə, Rusiya, Orta Asiya ölkələri və Avropa üçün yeni strateji nəqliyyat xətti yaradacaq. Rusiya və İran rəsmilərinin Azərbaycan ərazisi ilə daşımaların əhəmiyyətinə dair səsləndirdikləri fikirlər ölkəmizin tranzit rolinin açıq şəkildə etiraf edildiyini göstərir.
Son proseslər, eyni zamanda, Ermənistanın 35 ildən sonra ilk dəfə regional inteqrasiya proseslərinə qoşulduğunu nümayiş etdirir. Bu isə sülh quruculuğunun mühüm elementlərindən biri kimi çıxış edir. Atılan qarşılıqlı addımlar etimadın formalaşmasına, iqtisadi əməkdaşlığın genişlənməsinə, nəqliyyat şəbəkəsinin diversifikasiyasına və Cənubi Qafqazın beynəlxalq daşımalar xəritəsində daha cəlbedici mövqe qazanmasına imkan verir. Azərbaycanın rasional və praqmatik siyasəti, Ermənistanın isə gec də olsa regional reallıqları qəbul etməsi sülh prosesinin möhkəmlənməsi üçün mühüm əsaslar yaradır.
MTM Analitik Qrupu