Bakı–Aşqabad münasibətləri: geosiyasi əməkdaşlıq modelinə çevrilir - TƏHLİL

Ölkəmizin Şərqlə Qərb arasında etibarlı tranzit qovşağı rolunu gücləndirmək səyləri Mərkəzi Asiya dövlətləri ilə əlaqələrin intensivləşməsini zəruri edir. Bu kontekstdə Türkmənistanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Əməkdaşlığın bütün sahələrdə dinamik inkişafı hər iki ölkənin yeni geosiyasi çağırışları düzgün qiymətləndirdiyini və praqmatik siyasi xətt seçdiyini göstərir.
Dövlət rəhbərlərinin qarşılıqlı səfərləri və aparılan müzakirələr münasibətlərin inkişafında yol xəritəsi funksiyasını yerinə yetirir. Bu səfərlər hər dəfə konkret razılaşmalarla müşayiət olunur və əməkdaşlığın çərçivəsini daha da genişləndirir. Türkmənistan Xalq Məclisinin sədri Qurbanqulu Berdiməhəmmədovun Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda, Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu iştirakına dair qərarın qəbulu ilə bağlı deyilir:
“Qəti əminəm ki, qəbul edilən qərar tamamilə qanunauyğundur, Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın tarixi inkişaf yolunu, onların ehtiyac və real maraqlarını obyektiv şəkildə əks etdirir. Əsrlər boyu xalqlarımızı coğrafi qonşuluq, ortaq sivilizasiya kökləri, mədəniyyət, adət-ənənə və mənəvi dəyərlərin yaxınlığı birləşdirib. Bu gün isə həmin münasibətlər siyasət, iqtisadiyyat, sosial və humanitar sahələrdə güclü amilə çevrilib.”
Bu ilin iyul və oktyabr aylarında Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfərləri və azad olunmuş ərazilərə gedişi ikitərəfli münasibətləri strateji əməkdaşlıq səviyyəsinə yüksəldib. Türkmənistan liderinin iyul ayında işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işləri ilə yerində tanış olması, habelə oktyabrda Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə Görüşü çərçivəsində Füzulidə Türkmənistan tərəfindən maliyyələşdiriləcək məscidin təməlqoyma mərasimində iştirakı mühüm siyasi və mənəvi məna daşıyan hadisələr sırasındadır. Bu təşəbbüs türk və islam dünyasının ortaq dəyərlərinə hörmətin, həmçinin azad olunmuş ərazilərin bərpasına göstərilən qardaş dəstəyinin bariz nümunəsidir.
Enerji və nəqliyyat sahələri hazırda iki ölkə arasında əməkdaşlığın aparıcı istiqamətlərindən biridir. 2018-ci ildə Xəzərin hüquqi statusuna dair Konvensiyanın imzalanması regional əməkdaşlıq imkanlarını xeyli genişləndirib. 2021-ci il yanvarında Aşqabadda imzalanan “Dostluq” yatağı ilə bağlı Anlaşma Memorandumu isə uzun illər davam edən anlaşılmazlıqları aradan qaldırıb və “Kəpəz” yatağının mənsubluğu ilə bağlı mübahisəyə son qoyub. Yatağın birgə işlənməsi üzrə əldə olunan razılaşma həm iqtisadi, həm də siyasi baxımdan ikitərəfli etimadın güclü göstəricisinə çevrilib.
Nəqliyyat-logistika sahəsində əməkdaşlıq da bu gün hər iki ölkə üçün prioritetdir. Transxəzər marşrutunun genişlənməsi, Bakı–Türkmənbaşı xətti üzrə konteyner daşımalarının artması, Lapis-Lazuli dəhlizinin istifadəyə verilməsi, Bakı–Tbilisi–Qars dəmir yolunda yükaşırma imkanlarının artırılması, Zəngəzur dəhlizinin reallaşması kimi layihələr Azərbaycan və Türkmənistanı regionun əsas nəqliyyat qovşaqlarına çevirir.
Şərqlə Qərb, Şimalla Cənub arasında yerləşən Azərbaycan və Mərkəzi Asiya ölkələri hazırda Orta Dəhlizin inkişafında mühüm rol oynayır. İnfrastrukturun yenilənməsi, gömrük prosedurlarının sadələşdirilməsi və rəqəmsallaşdırılması beynəlxalq ticarətin genişlənməsi üçün yeni imkanlar yaradır. Son üç ildə Orta Dəhliz üzrə Azərbaycandan keçən yük daşımaları 90 faiz artıb, dəhliz boyunca hərəkət vaxtı isə əhəmiyyətli dərəcədə azaldılıb. Xəzər üzərindən keçən marşrutlar Türkmənistan məhsullarının Türkiyə və Avropaya çatdırılması üçün də real imkanlar açır və ölkənin tranzit potensialını artırır.
Qurbanqulu Berdiməhəmmədovun Prezident İlham Əliyevə ünvanladığı məktubda Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşlərinə qoşulmasının regional koordinasiya üçün yeni imkanlar açacağı xüsusi vurğulanır. Bu qərar Azərbaycanın bölgədə geosiyasi çəkisini artırmaqla yanaşı, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında strateji inteqrasiyaya töhfə verir və ölkələrin qlobal proseslərdə vahid mövqedən çıxış etməsinə şərait yaradır.
İkitərəfli iqtisadi əməkdaşlıq da dinamik inkişaf edir. 2024-cü ildə ticarət dövriyyəsinin 383 milyon dolları keçməsi tərəflərin iqtisadi potensialın daha səmərəli istifadəsinə marağını göstərir. Azərbaycan, Türk Dövlətləri Təşkilatının fəal üzvü kimi, Türkmənistanın quruma tamhüquqlu üzvlüyünün də tərəfdarıdır.
Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan–Türkmənistan münasibətləri bu gün yalnız ortaq tarixə və mədəniyyətə söykənən dostluq deyil, həm də yeni geosiyasi konfiqurasiyanın formalaşmasına yönəlmiş strateji tərəfdaşlıqdır.
MTM Analitik Qrupu