Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə Vinq Çun üzrə açıq turnir keçirilib

Azərbaycanın şanlı qələbəsinin 5-ci ildönümü və Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Çin Döyüş Növləri Assosiasiyası Vinq Çun-Kontakt-Taolu üzrə açıq turnir keçirib.
Təhlil.az xəbər verir ki, yarış Bakı Biznes Universitetinin birgə təşkilatçılığı ilə baş tutub. Turnirdə 8 klubdan ümumilikdə 150-yə yaxın idmançı 21 çəki dərəcəsi üzrə qalibiyyət uğrunda mübarizə aparıb.
Açılış mərasimində Azərbaycan Çin Döyüş Növləri Assosiasiyasının prezidenti Asif Sayadov, Vinq-Çun Federasiyasının vitse-prezidenti Mahmud Mehdioğlu, Federasiyanın şöbə müdiri Azər Mahalov, Bakı Biznes Universitetinin prorektoru Cavidan Heydərov, dekan Şahin Musayev və bir sıra qonaqlar iştirak ediblər.
44 günlük Vətən müharibəsində qəhrəmancasına vuruşan və snayper gülləsi ilə başından yaralanan qazi Pərviz Əli yarışda fəxri qonaq kimi çıxış edərək, yarışın ən texnikalı 3 idmançısını xüsusi kubokla təltif edib.
Yarışa baş hakim Hakim Tağıyev və baş katib Arzuman Rəsulzadə rəhbərlik edib. Sonda qalib idmançılar Federasiyanın diplom və medalları ilə təltif olunub.