Bu gün

Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTOLAR

8 Noyabr – Zəfər Günü münasibətilə Bakıda, Dənizkənarı Milli Parkda Azərbaycanın tanınmış incəsənət ustaları – müğənnilər, rəqs kollektivlərinin iştirakı ilə təntənəli bayram konserti keçirilib. Tədbir Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşıb.

Təhlil.az xəbər verir ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun düşmən üzərində qazandığı parlaq Qələbənin beşinci ildönümü ölkəmizin hər yerində olduğu kimi, paytaxtda da böyük sevinclə qeyd edilib.

Bayram tədbirinin keçirildiyi ərazidə, mərkəzi küçə və prospektlərdə, həmçinin istirahət parklarında Vətən müharibəsində qazanılmış şanlı Zəfərin 5-ci ildönümü münasibətilə xüsusi bayram ab-havası yaradılıb, Zəfərə həsr edilmiş plakatlar asılıb. Binaların eyvanlarından üçrəngli Azərbaycan Bayrağı dalğalanır.

Azərbaycan xalqı olaraq, biz bu tarixi Qələbənin canlı şahidləriyik. Bu gün qürurla söyləyə bilərik ki, qalib ölkənin vətəndaşlarıyıq. 8 Noyabr xalqımız üçün həm birlik, həm şərəf, həm də qürur günü olmaqla yanaşı, tariximizə qızıl hərflərlə yazılmış əlamətdar bir gündür. Azərbaycan xalqı bu möhtəşəm hadisəni sevinc və coşqu ilə qeyd edib.

Bayram konserti zəngin proqram və möhtəşəm atəşfəşanlıqla yekunlaşıb. Tədbir iştirakçıları bu günü böyük qürur və vətənpərvərlik hissi ilə yadda saxlayaraq, Vətən uğrunda canlarını fəda etmiş qəhrəmanları ehtiramla yad ediblər.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?