Bu yerlərdə siqaret çəkmək qadağandır!

İctimai yerlərdə siqaretə görə cərimələr artıb. Bəs belə halda hansı yerlərdə siqaret çəkmək qadağandır?
Təhlil.az xəbər verir ki, Azərbaycan Respublikasının "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanununa əsasən, tütün məmulatlarından istifadənin məhdudlaşdırılması və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirinin azaldılması məqsədilə aşağıda adları sadalanan siqaret çəkmək qadağandır. Bundan əlavə, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bu yerlərdə tütün çəkmək qadağan edildiyini göstərən lövhələrin olması da qanunla tələb edilir.
- Təhsil və tərbiyə müəssisələri və onların əraziləri;
- Tibb və tibbi-reabilitasiya müəssisələri və onların əraziləri;
- İdman yarışları və digər kütləvi tədbirlərin keçirildiyi binalar və obyektlər;
- Restoranlar, kafelər, barlar daxil olmaqla ictimai-iaşə obyektləri;
- Ticarət obyektləri;
- Məişət obyektləri;
- Sosial xidmət müəssisələri;
- Yerləşdirmə vasitələri;
- Mədəniyyət obyektləri (teatr, kinoteatr, muzeylər və s.)
- Uşaq meydançaları;
- Yerüstü və yeraltı piyada keçidləri;
- Nəqliyyat vasitələri (avtobuslar, minik avtomobilləri, dəmir yolu, hava nəqliyyatı və s.)
- Yanacaqdoldurma məntəqələri və digər təhlükəli obyektlər;
- Çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan yerləri.
Bu qadağaları pozan şəxslərə qarşı müxtəlif cərimələr tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 212-ci maddəsinə əsasən, tütün çəkməyə görə cərimələr aşağıdakı kimidir:
- Siqaret çəkməyə görə: 30 manat;
- Tütün tullantılarının ətraf mühitə atılmasına görə: 50 manat;
- Hava nəqliyyatında siqaret çəkməyə görə: 100 manat;
- Dəmir yolu nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkməyə görə: 40 manat;
- Şəhərdaxili, şəhərlərarası avtobuslarda və taksilərdə siqaret çəkməyə görə: 40-50 manat;
- Dəniz və çay nəqliyyatında siqaret çəkməyə görə: 40 manat.