Bakı ŞƏT platformasında: qlobal sabitlikdə yeni söz sahibi - TƏHLİL

Azərbaycanın Avrasiyanın mühüm regional əməkdaşlıq platformalarından sayılan Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlük perspektivi son aylarda həm regional, həm də qlobal miqyasda geniş müzakirə olunur. Bu da təsadüfi deyil – beynəlxalq münasibətlər sistemində artan rolu, çoxşaxəli xarici siyasəti, strateji coğrafi mövqeyi, qlobal iqtisadi layihələrin təşəbbüskarı olması ölkəmizi böyük güclərin və nüfuzlu təşkilatların diqqət mərkəzinə gətirib.
ŞƏT-in baş katibi Nurlan Yermekbayev mediaya açıqlamasında Azərbaycanın təşkilatda fəal və səmərəli fəaliyyət göstərdiyini və tamhüquqlu üzvlüyünün reallığa çevrilə biləcəyini vurğulayıb. Onun sözlərinə görə, ŞƏT bütün ölkələr üçün açıq platformadır və Azərbaycanın burada tamhüquqlu təmsilçiliyi mümkün olacaq.
Məlumat üçün bildirək ki, ərazisinə və əhalisinə görə dünyanın ən böyük ölkələrindən bir neçəsinin üzv olduğu ŞƏT 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Hazırda təşkilatın 10 üzvü (Qazaxıstan, Çin, Rusiya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan, İran, Belarus) var. Təşkilatın müşahidəçi və dialoq tərəfdaşları sırasında Azərbaycan, Türkiyə, BƏƏ, Səudiyyə Ərəbistanı kimi ölkələr də yer alır ki, bu da onun qlobal miqyasda nüfuzunun artdığını göstərir.
Təşkilatın əsas məqsədləri, ilk növbədə, regional təhlükəsizliyin təmin olunması, terrorizm, separatizm və ekstremizm kimi təhdidlərə qarşı birgə mübarizə, habelə üzv ölkələr arasında siyasi, iqtisadi və humanitar əməkdaşlığın inkişaf etdirilməsidir. Bu çərçivədə təşkilat üzv dövlətlər arasında etimad və əməkdaşlıq mühitinin yaradılmasına xüsusi əhəmiyyət verir. Hesab olunur ki, regional və qlobal miqyasda mövcud olan etnik, dini və siyasi ziddiyyətlər yalnız sivil əməkdaşlıq mühiti və dialoqun formalaşdırılması yolu ilə aradan qaldırıla bilər.
ŞƏT-in uğurlarından biri də təhlükəsizlik sahəsində koordinasiya mexanizmləri yaratmasıdır. Məsələn, təşkilat çərçivəsində regional antiterror strukturu fəaliyyət göstərir və üzv ölkələr bu qurum vasitəsilə kəşfiyyat məlumatlarının mübadiləsi və birgə əməliyyatlar həyata keçirirlər. Bu, regionda terror şəbəkələrinin fəaliyyətinin məhdudlaşdırılmasına və sabitliyin möhkəmləndirilməsinə xidmət edir.
Təşkilatın iqtisadi sahədəki uğurları da diqqətəlayiqdir. Üzv ölkələrin dünya iqtisadiyyatında mühüm paya malik olmaları, xüsusən də Çin, Rusiya, Pakistan və Hindistan kimi nəhəng bazarların burada təmsil olunması təşkilatın əhəmiyyətini artırır. Enerji resurslarının səmərəli istifadəsi, nəqliyyat dəhlizlərinin inkişafı, qarşılıqlı sərmayələrin təşviqi təşkilatın gündəliyində mühüm yer tutur. Çin Xalq Respublikasının Sədri Si Cinpinin “Bir kəmər, bir yol” təşəbbüsü də ŞƏT çərçivəsində səmərəli reallaşdırılır, Avropa ilə Asiyanı birləşdirən tranzit marşrutlarının şaxələnməsinə imkan yaradır. Xüsusilə də bu layihənin mühüm tərkib hissəsi olan Orta Dəhliz vasitəsilə daşımaların son illərdə artması ölkəmizin təşkilatla əlaqələrinə əlavə impuls verir.
ŞƏT humanitar əməkdaşlığa da önəm verir. Təhsil, elm, mədəniyyət və gənclər siyasəti istiqamətində müxtəlif proqramlar həyata keçirilir və bu da xalqlar arasında qarşılıqlı anlaşma və dostluğun möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, təşkilat qlobal çağırışlara – iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi, informasiya təhlükəsizliyi kimi məsələlərə dair ortaq mövqelərin formalaşdırılmasına çalışır. Təşkilat region ölkələrinin təhlükəsizlik, iqtisadi və sosial sahələrdə əməkdaşlığını möhkəmləndirməklə yanaşı, beynəlxalq münasibətlərdə çoxqütblülüyün formalaşmasına da əhəmiyyətli töhfə verir.
Məlum olduğu kimi, ermənipərəst mövqeyi ilə seçilən Hindistan qərəzli şəkildə bu il avqustun 31-də Çinin Tiencin şəhərində keçirilən ŞƏT sammitində Azərbaycanın təşkilata üzvlüyünə veto qoyub. Azərbaycana müttəfiq ölkə olan Pakistan isə buna cavab olaraq Ermənistanın təşkilata üzvlüyünə veto tətbiq edib. Lakin təşkilatın baş katibinin açıqlaması göstərir ki, qarşıdakı dövrdə bu məsələdə konsensusun əldə edilməsi kifayət qədər realdır.
Azərbaycanın ŞƏT-ə üzvlüyü ölkəmizin çoxşaxəli xarici siyasət konsepsiyasından irəli gəlir. Rəsmi Bakı son illərdə bir çox beynəlxalq təşkilatlarda fəallığı və təşəbbüskarlığı ilə seçilir. BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq platformalarda ölkəmizin təşəbbüsləri hər zaman yüksək qiymətləndirilib. Bunun nəticəsidir ki, Azərbaycan hazırda qlobal problemlərin müzakirəsində və həllində mühüm tərəfdaş kimi çıxış edir. ŞƏT isə Avrasiyanın nüfuzlu siyasi-iqtisadi birliklərindən biri olaraq, Azərbaycanın çoxqütblü dünyada mövqeyini daha da gücləndirəcək.
Enerji və nəqliyyat əməkdaşlığı da üzvlükdən əldə ediləcək əsas dividendlər sırasındadır. Azərbaycan Orta Dəhlizin inkişafı strategiyası çərçivəsində Asiya ilə Avropa arasında mühüm körpüyə çevrilib. Ölkəmizin reallaşdırdığı yol-nəqliyyat, dəmir yolu layihələri, neft-qaz kəmərlərinin şaxələndirilməsi və digər infrastruktur layihələri ŞƏT ölkələri üçün də əhəmiyyətlidir. Azərbaycanın üzvlüyü bu marşrutların daha geniş istifadəsinə, yeni logistika layihələrinin reallaşdırılmasına imkan yaradır. ŞƏT-ə üzvlük Azərbaycanın böyük bazarlara çıxışını da asanlaşdıracaq. Bir sıra ölkələrlə sıx əməkdaşlıq yeni ixrac imkanları yaradacaq, investisiyaların həcmini artıracaq. Azərbaycan təşkilata üzv olduqdan sonra ŞƏT-in enerji, nəqliyyat, təhlükəsizlik və iqtisadi əməkdaşlıq gündəliyində daha təsirli oyunçuya çevriləcək.
Ölkəmizin humanitar diplomatiyası, qlobal sülh təşəbbüsləri, enerji təhlükəsizliyi və nəqliyyat layihələrinə verdiyi töhfələr onun beynəlxalq aləmdə nüfuzunu yüksəldib. ŞƏT-in ölkəmizi sıralarında tamhüquqlu üzv kimi görmək istəyi Azərbaycanın son illərdə beynəlxalq sistemdə qazandığı etimad və hörmətin göstəricisidir.
MTM Analitik Qrupu