Azərbaycan TDT-də aparıcı rolunu bir daha təsdiqlədi - TƏHLİL

Müasir beynəlxalq münasibətlər sistemindəki geosiyasi təlatümlər, qlobal güc mərkəzləri arasında rəqabətin dərinləşməsi, təhlükəsizlik arxitekturasında qeyri-müəyyənliyin artması regional əməkdaşlıq formatlarının əhəmiyyətini daha da artırır. Bu kontekstdə Türk Dövlətləri Təşkilatının (TDT) getdikcə dərinləşən əlaqələri, keçirilən müxtəlif məzmunlu tədbirlər, imzalanan dövlətlərarası sənədlər yalnız siyasi, mədəni və iqtisadi inteqrasiyanın deyil, həm də kollektiv təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayır.
TDT-yə üzv dövlətlərin beyin mərkəzlərinin Bakıda keçirilən “Türk Dövlətləri Təşkilatı: qlobal nizamsızlıq dövründə regional aktor kimi” mövzusunda konfransı göstərir ki, türk dünyası yeni mərhələdə müstəqil strateji güc mərkəzi kimi çıxış etmək niyyətindədir. Azərbaycanın ev sahibliyi etdiyi bu konfrans ölkəmizin təşkilatdakı aparıcı və təşəbbüskar mövqeyini də bir daha təsdiqləyir. Ölkəmiz türk dünyasının iqtisadi-siyasi, mədəni əməkdaşlığı üçün mühüm coğrafi məkan olmaqla yanaşı, qlobal çağırışların və problemlərin müzakirə edildiyi intellektual mərkəz kimi çıxış edir. Təşkilat daxilində qərarların konsensus əsasında qəbulu, üzv dövlətlərin bərabərhüquqlu təmsilçiliyi, qarşılıqlı hörmət mühiti TDT-ni bir sıra digər beynəlxalq qurumlardan fərqləndirir.
TDT-nin beynəlxalq səviyyədə də nüfuzunun artması müşahidə olunur. Prezident İlham Əliyev qurumun iclaslarında təşkilata BMT-də müşahidəçi statusunun verilməsi təşəbbüsü ilə çıxış edib. Məsələ reallaşacağı təqdirdə, təşkilatın beynəlxalq müstəvidə nüfuzu və mövqeləri daha da güclənəcək.
Bakıda keçirilən konfransın mühüm müzakirə mövzularından biri qlobal qeyri-müəyyənlik şəraitində regional təhlükəsizlik məsələləridir. Son illərdə Cənubi Qafqaz və Mərkəzi Asiyada yaranan geosiyasi risklər, həmçinin qonşu bölgələrdə davam edən münaqişələr təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsini tələb edir. Bu mənada, TDT ölkələri arasında qarşılıqlı dəstək mexanizmlərinin yaradılması, beynəlxalq hüquq normalarına uyğun sülh təşəbbüslərinin dəstəklənməsi məsələləri diqqət mərkəzindədir. Üzv dövlətlər təhlükəsizlik sahəsində qarşılıqlı məlumat mübadiləsini artırmaq, terrorizm və ekstremizmə qarşı birgə mübarizə aparmaq, sərhəd təhlükəsizliyini təmin etmək üçün əməkdaşlığı daha da gücləndirməyi planlaşdırır.
İqtisadi əməkdaşlıq çərçivəsində müştərək enerji layihələrinin genişləndirilməsi, yaşıl enerjinin ixracı infrastrukturunun yaradılması məsələləri diqqət mərkəzindədir. Türk dünyasının zəngin enerji resurslarına malik ölkələri və onların istehlakçıları arasında əlaqələrin etibarlı, dayanıqlı mexanizmlər əsasında təmin olunması prioritet məsələdir. Avropada enerji təhlükəsizliyi məsələsinin hələ də aktuallığı fonunda TDT-nin karbohidrogen ehtiyatları ilə zəngin ölkələrinin Qərb bazarlarına çıxışı xüsusilə vacibdir.
Azərbaycan uzun illərdir ki, həyata keçirdiyi infrastruktur layihələri – Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt limanı, həmçinin enerji kəmərləri vasitəsilə üzv ölkələrin dünya bazarlarına çıxışını təmin edib. Xüsusən də Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında imzalanan yaşıl enerji sahəsində strateji tərəfdaşlıq sazişi türk dövlətlərinin yalnız bugünkü tələblərə deyil, həm də gələcəyin çağırışlarına cavab vermək niyyətində olduğunu göstərir. Bu, həm qlobal “yaşıl keçid” prosesinə uyğunluğu təmin edir, həm də regionun enerji təhlükəsizliyini gücləndirir.
Bakıda keçirilən konfransın gündəliyi TDT-nin fəaliyyət dairəsinin çoxşaxəli olduğunu nümayiş etdirir. İqtisadi inteqrasiyanın gücləndirilməsi, nəqliyyat və logistika dəhlizlərinin inkişafı, enerji əməkdaşlığının yeni mərhələsi ilə yanaşı, üzv dövlətlər arasında hərbi-siyasi koordinasiya, müdafiə sənayesi sahəsində təcrübə mübadiləsi və regional təhlükəsizliyin möhkəmləndirilməsi məsələlərinin müzakirəsi deyilənləri sübut edir. Beynəlxalq sistemdə qeyri-sabitlik dərinləşdikcə, region ölkələrinin öz resursları hesabına kollektiv müdafiə və qarşılıqlı dəstək mexanizmləri qurması ciddi zərurətə çevrilir.
Azərbaycanın və digər təşkilat üzvlərinin reallaşdırdığı nəqliyyat-kommunikasiya əlaqələri isə dünyadakı qeyri-müəyyənlik şəraitində iqtisadi müstəqilliyin gücləndirilməsinə xidmət edir. Bu mənada, Orta Dəhlizin inkişafı yalnız iqtisadi dividendlər gətirmir, həm də tranzit müstəqilliyini təmin edir. Bu dəhliz vasitəsilə türk dövlətləri bir tərəfdən qlobal bazarlara daha sürətli və təhlükəsiz çıxış əldə edir, digər tərəfdən böyük güclərin təsirindən asılılığı azaldırlar. Azərbaycanın təşəbbüskarlığı nəticəsində bu dəhliz artıq konkret reallığa çevrilib və region ölkələrinin təhlükəsizlik strategiyalarında vacib yer tutur. Sabit və şaxələndirilmiş nəqliyyat arteriyaları iqtisadiyyatın dayanıqlığını artırmaqla yanaşı, geosiyasi təzyiqlərə qarşı effektiv müdafiə mexanizmi rolunu oynayır.
Ümumilikdə, TDT ölkələrinin beyin mərkəzlərinin Bakıda keçirilən konfransı bir daha sübut edir ki, türk dövlətləri qlobal qeyri-müəyyənlik şəraitində yalnız iqtisadi layihələrlə deyil, həm də hərbi-siyasi əməkdaşlıq vasitəsilə öz gələcəyini təmin etməyə çalışır. TDT bu gün ən müxtəlif sahələrdə koordinasiya olunmuş intellektual fəaliyyət platformasına çevrilir. Azərbaycanın təşəbbüskarlığı və liderliyi bu proseslərin hərəkətverici qüvvəsi olaraq təşkilatın beynəlxalq nüfuzunu artırır.
MTM Analitik Qrupu