Fələstin dövlətinin tanınması: Yaxın Şərqdə yeni geosiyasi reallıq - ŞƏRH

Son illərdə müxtəlif beynəlxalq təşkilatlarda, xüsusilə BMT və Avropa İttifaqı çərçivəsində Fələstin dövlətinin tanınması istiqamətində müzakirələrin intensivləşməsi həm regional, həm də qlobal güc balansında yeni reallıqlar formalaşdırmaqdadır. Bu proses təkcə Fələstin-İsrail münaqişəsinin gələcəyini deyil, bütövlükdə Yaxın Şərqdəki siyasi, sosial və təhlükəsizlik arxitekturasını dəyişdirə bilər.
Artıq Kanada, Avstraliya və Böyük Britaniya Fələstin dövlətini rəsmən tanıyıb. Onlar bu addımı Yaxın Şərqdə davamlı sülhə nail olmaq üçün iki dövlətli həll yolunun dəstəklənməsi kimi təqdim etsələr də, İsrail başqa mövqedədir. İsrailin Baş naziri Benyamin Netanyahu Fələstin dövlətçiliyinin tanınması istiqamətində atılan addımları “terrora böyük mükafat vermək” adlandırıb və İordan çayının qərbində Fələstin dövlətinin qurulmayacağını bəyan edib.
Fələstin dövlətinin tanınması ilk növbədə beynəlxalq hüquq və diplomatiya müstəvisində dönüş nöqtəsi hesab olunur. Tam hüquqlu dövlət kimi qəbul edilməsi İsrail-Fələstin münaqişəsinin statusunu dəyişdirəcək. Artıq məsələ “işğal olunmuş ərazilər” diskursundan “dövlətlərarası münaqişə” müstəvisinə keçəcək. İsveç, İspaniya, Norveç və İrlandiyadan sonra Kanada, Avstraliya və Böyük Britaniyanın da bu prosesə qoşulması digər Qərb ölkələrinə təzyiqi artırır. Bu vəziyyətin ABŞ siyasətində də korrektələr tələb edəcəyi istisna deyil.
Ərəb ölkələrinin mövqeyinə gəlincə, əksəriyyəti uzun illərdir Fələstin dövlətini tanıyır. Rəsmi tanınmanın genişlənməsi xüsusilə Səudiyyə Ərəbistanı-İsrail münasibətlərinə təsir edə bilər. Bu hal “İbrahim razılaşması”nı da təhlükə altına qoya bilər. Çünki həmin razılaşmaya qoşulan bəzi ərəb ölkələri – xüsusilə BƏƏ, Bəhreyn və Mərakeş – Fələstin məsələsində daxili və regional təzyiqlərlə üzləşə bilərlər.
Müstəqil Fələstin dövlətinin tanınması bölgəyə sabitlik gətirmək potensialına malik olsa da, qısamüddətli perspektivdə yeni gərginliklər qaçılmaz görünür. Bu addım Qəzza və İordan çayının qərb sahilinin hüquqi statusunu aydınlaşdıracaq və İsrailin hərbi əməliyyatlarını beynəlxalq hüquq baxımından daha çox məhdudlaşdıracaq. Digər tərəfdən, HƏMAS və radikal qruplar tanınma sonrası daxili siyasi mübarizədə legitimlik itkiləri ilə üzləşə bilərlər. Əgər tanınma geniş beynəlxalq konsensusla dəstəklənərsə, bu, terrorizm və qaçqın böhranının azalmasına da yol aça bilər.
Fələstin dövlətinin tanınması həmçinin sosial nəticələr doğuracaq. 1948-ci ildən bəri davam edən milyonlarla fələstinli qaçqının statusu dəyişə, onların geri dönüşü və vətəndaşlıq hüquqları beynəlxalq gündəliyə daşına bilər. Yeni dövlətin beynəlxalq maliyyə institutları ilə əməkdaşlığı və ərəb ölkələrindən alacağı dəstək humanitar böhranın yüngülləşməsinə xidmət edə bilər.
Bununla yanaşı, bu proses beynəlxalq münasibətlər sisteminə də təsir edəcək. ABŞ-nin ənənəvi İsrail dəstəyi beynəlxalq ictimaiyyətlə açıq ziddiyyətə girə bilər və Vaşinqton balanslı mövqeyə keçmək məcburiyyətində qala bilər. Avropa İttifaqının vasitəçilik missiyasını gücləndirməsi də bunu göstərir.
Beləliklə, müstəqil Fələstin dövlətinin tanınması Yaxın Şərqdə onilliklərdir davam edən status-kvonu dəyişdirə biləcək gücə malikdir. Qısamüddətli perspektivdə bu, gərginlikləri artıra bilər, lakin uzunmüddətli dövrdə həm regional sabitlik, həm də beynəlxalq münasibətlər üçün yeni imkanlar açır.
MTM Analitik Qrupu