11 aprel

Sonra deyirik ölkədə niyə futbol yoxdu...

Gədəbəy rayonunda mərkəzi stadionun şumlandığı və əvəzində kartof yetişdiriləcəyi iddia edilir. Təhlil.az xəbər verir ki, Gədəbəydən olan idman jurnalisti Anar Şabanoğlu məlumat yayaraq şumlanan stadionla bağlı xatirəsini bölüşüb.

“Yəqin görüblər ki, futbolçu yetişdirə bilmirlər, fikirləşiblər ki, bəlkə kartof yetişə. Uşaqlığım bu stadionda keçib. Hava qaranlıqlaşana, göz topu görməyənə kimi futbol oynayırdıq. Bu stadionda bir çox tanınmış futbolçular, o cümlədən Zaur Tağızadə OİK-in heyətində qol vurmuşdu. Şəhərin ən azı 2-3, kəndlərin hərəsinin ən azı 1 komandası olurdu. Rayon çempionatı keçirilirdi. Sonra dedilər Fazil Məmmədov (keçmiş vergilər naziri – red.) stadionu alıb. Stadionu bağladılar, heç kimi buraxmadılar. Nəhayət, deyəsən “təyinatı üzrə” istifadə etməyə başlayıblar. İndi AFFA-dan soruşsan, deyəcəklər bizim balansımızda deyil, Gənclər və İdman Nazirliyi deyəcək biz bilmirik, İcra Hakimiyyətindən də soruşsan başqa bir sözlə yola verəcəklər. Amma deyilənə görə stadionun torpağı özəlləşdirilməyib. Yəni, bu edilən özbaşınalıqdı. Sonra deyirik ölkədə niyə futbol yoxdu…” – deyə, jurnalist təəssüflə qeyd edib.