20 sentyabr

Avropada artan dözümsüzlük fonunda Azərbaycanın tolerantlıq siyasəti - ŞƏRH

Azərbaycanda multikulturalizm və etnik-dini dözümlülük mühiti həm ölkə daxilində yaşayan azsaylı xalq və etnoslar, həm də beynəlxalq ictimayyət tərəfindən daim yüksək qiymətləndirilib. Prezident İlham Əliyevin Azərbaycanın yəhudi icmasına yeni il bayramı – Roş ha-Şana münasibətilə müraciətində yer alan fikirlər tolerant və multukultural dəyərlərin dövlət siyasətinin əsas istiqamətlərindən olduğunu bir daha təsdiqləyir.

Dövlət başçısının müraciətində vurğulanıb ki, Azərbaycanda antisemitizm, ksenofobiya və etnik-dini dözümsüzlük üçün hər hansı zəmin mövcud deyil və ölkəmiz bu baxımdan müasir dünyada nadir məkanlardan biridir. Mədəni müxtəlifliyin qorunması, etnik azlıqların dil və mədəniyyətlərinin inkişafı, multikultural dəyərlərin təşviqi dövlət siyasətinin prioritetləri sırasındadır.

Azərbaycanda bu sahədə formalaşmış unikal mühit və mütərəqqi ənənə Avropa ölkələri üçün də örnəkdir. Uzağa getməyək, bu günlərdə Almaniyanın Flensburq şəhərində bir mağazanın qapısından “Yəhudilərin girişi qadağandır” məzmunlu antiseminist lövhənin asılması Avropada dini-etnik və milli dözümsüzlüyün qabarıq görünən təzahürləridir. Almaniyanın “NDR” radiosunun məlumatına görə, mağaza sahibi bu addımı Qəzzada baş verən hadisələrə etiraz əlaməti olaraq atdığını iddia edib. Bu fakt göstərir ki, müasir Avropada dini-etnik mənsubiyyətə görə ayrı-seçkilik meyilləri hələ də mövcuddur və cəmiyyətin müəyyən kəsimi tərəfindən dəstəklənir.

Hadisənin Almaniya kimi hüquqi dövlət imici ilə tanınan ölkədə baş verməsi xüsusilə düşündürücüdür. Aşkar görünür ki, antisemitizm və ksenofobiyanın köklərinin dərin kök saldığı Avropada ictimai-siyasi proseslər müntəzəm olaraq dini və milli icmalara qarşı nifrət dalğasına çevrilir. İctimai mühitdə bu cür ayrı-seçkiliyin sərbəst ifadə olunması Avropanın hələ də multikulturalizm böhranını aşmadığını göstərir.

Avropada yəhudilərə və müsəlmanlara qarşı ayrı-seçkiliyin yenidən gündəmə gəlməsi fonunda Azərbaycandakı tolerantlıq mühit beynəlxalq miqyasda daha nümunəvi görünür. Prezident İlham Əliyevin yəhudi icmasına ünvanladığı müraciətdə vurğuladığı kimi, ölkəmizdə antisemitizmə, ksenofobiyaya və dini dözümsüzlüyə yer yoxdur. Əksinə, yəhudi icması da daxil olmaqla, bütün dini və etnik qruplar dövlətin dəstəyindən faydalanır, mədəniyyətlərini və ənənələrini sərbəst şəkildə yaşadırlar. Azərbaycanda yəhudi sinaqoqları bərpa olunur, icma üzvlərinin təhsil müəssisələri fəaliyyət göstərir. Yəhudiəsilli vətəndaşlarımız ictimai-siyasi həyatın bütün sahələrində fəal iştirak edir, cəmiyyətin milli həmrəyliyinə, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına dəyərli töhfələr verirlər.

Bütün bunlar göstərir ki, Azərbaycan dövləti müxtəlif xalqların və dinlərin nümayəndələrinə öz mədəniyyətlərini yaşatmaq, dini inanclarını sərbəst şəkildə ifadə etmək üçün bərabər imkanlar təmin edir. Bu siyasət ölkəmizi regionda və daha geniş coğrafiyada sivilizasiyaların təmas nöqtəsinə çevirib.

Postmünaqişə dövründə Azərbaycanın apardığı diplomatiya da bu kontekstdə mühüm əhəmiyyət daşıyır. Rəsmi Bakı müxtəlif beynəlxalq platformalardan istifadə edərək Ermənistanın işğalçılıq siyasətini, 30 ilə yaxın müddətdə Azərbaycan ərazilərində törətdiyi müharibə cinayətlərini və vandalizm aktlarını dünyaya çatdırır. Bu fəaliyyət Ermənistanın Qarabağdakı xristian abidələrinin taleyi ilə bağlı əsassız iddialarını ifşa edir, beynəlxalq ictimaiyyətə bölgədəki real vəziyyəti anlamağa imkan yaradır. İşğaldan azad olunmuş ərazilərdə dini və mədəni irsimizə qarşı törədilmiş vandalizmin sənədlərlə sübut olunması Azərbaycanın diplomatik üstünlüyünü möhkəmləndirir.

Ermənistanın 30 il müddətində dağıtdığı dini və mədəni abidələrin İkinci Qarabağ müharibəsi və lokal antiterror tədbirlərindən sonra bərpası Azərbaycanın toleran siyasətinin təzahürüdür. Qarşı tərəfin işğal dövründə sırf etnik dözümsüzlük səbibilə 67 məsciddən 63-nü tamamilə dağıtması, xristian və pravoslav məbədlərini saxtalaşdırması onların dözümsüz siyasətini açıq göstərir.

Ermənistanda etnik və dini müxtəliflik demək olar ki, mövcud deyil. Orada azsaylı xalqlar və dini qruplar ya sıxışdırılıb, ya da ölkəni tərk etməyə məcbur olublar. Azərbaycanda isə əksinə, İslam, xristianlıq və iudaizmə məxsus dini abidələr dövlət tərəfindən qorunur, təmir və bərpa olunur. Bakının mərkəzində yerləşən erməni kilsəsinin bu gün də qorunub saxlanılması ölkəmizin dözümlülük siyasətinə bariz nümunədir.

Azərbaycan dövləti daim multikultural dəyərlərə sadiq qalıb və bu dəyərlərin qorunması üçün ardıcıl siyasət həyata keçirib. Bu reallıq hazırda BMT və digər beynəlxalq təşkilatlar tərəfindən də açıq etiraf olunur. Bununla belə, YUNESKO-nun işğal dövründə Ermənistanın dağıtdığı məscid və digər dini abidələrə laqeyd qalması, postmüharibə dövründə xrisrian abidələrinin taleyi ilə bağlı əsassız narahatlıqlar ifadə etməsi rəsmi Bakı tərəfindən haqlı olaraq kəskin tənqid edilib.

Ölkəmiz bu gün yalnız regionda deyil, bütün dünyada tolerantlıq, multikulturalizm və etnik-dini müxtəliflik nümunəsidir. Bu, həm də beynəlxalq münasibətlərdə, ikitərəfli və çoxtərəfli əlaqələrdə Azərbaycanın mövqelərini möhkəmləndirir.

MTM Analitik Qrupu 

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?