Bu gün

Enerjidən sülhə uzanan marşrut - ARAŞDIRMA

Qlobal miqyasda baş verən hərbi-siyasi qarşıdurmalar, enerji təhlükəsizliyi məsələlərinin aktuallığı, yeni nəqliyyat-logistika marşrutlarının formalaşdırılması zərurəti dünyanın aparıcı güclərini yeni əməkdaşlıq formatları axtarmağa vadar edir. Bu kontekstdə Cənubi Qafqazın lokomotivinə çevrilmiş Azərbaycanla əməkdaşlığa maraq göstərən və ölkəmizin potensialını düzgün qiymətləndirən dövlətlərin və beynəlxalq təşkilatların sayı getdikcə artır.

Azərbaycan son illərdə həyata keçirdiyi diplomatiya ilə həm regional, həm də qlobal səviyyədə strateji tərəfdaş statusunu möhkəmləndirib. Enerji resurslarının şaxələndirilmiş şəkildə dünya bazarına çıxarılması, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşdırılması, sülh və əməkdaşlıq gündəliyinin təşviqi ölkəmizi beynəlxalq təşkilatların və fövqəlgüc dövlətlərin maraq dairəsinə çevirib. Son aylarda Avropa İttifaqının yüksək səviyyəli rəsmilərinin Bakıya ardıcıl səfərləri, intensiv dialoq və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq modellərinin müzakirəsi bunun bariz nümunəsidir.

Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kosun sentyabrın 18-də Azərbaycana səfəri və Bakıda keçirdiyi görüşlər təşkilatın Cənubi Qafqazdakı proseslərə qərəzli yanaşmalardan uzaqlaşdığını göstərir. Bu həm də 2025-ci il avqustun 8-də ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaların yaratdığı yeni geosiyasi reallığın nəticəsi kimi dəyərləndirilə bilər. Qarabağda xunta rejiminin ləğvindən sonra Fransanın təsiri altında süni şəkildə gərginləşdirilən münasibətlər artıq yeni məcraya yönəlir, Avropa İttifaqı Azərbaycanın təşəbbüsləri ilə formalaşan sülh və əməkdaşlıq gündəmini qəbul edir.

Prezident İlham Əliyev Marta Kosu qəbul edərkən Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığın genişlənməsində maraqlı olduğunu vurğulayıb. Dövlət başçısı Azərbaycanın Avropanın enerji təchizatında oynadığı rola xüsusi toxunaraq bildirib ki, ölkəmiz hazırda qitənin 10 ölkəsini, o cümlədən Avropa İttifaqının 8 üzvünü qazla təmin edir.

Marta Kosun səfər zamanı səsləndirdiyi fikirlər də göstərir ki, Avropa İttifaqı münasibətlərdə daha praqmatik mövqe tutur. O, Ermənistan və Azərbaycan arasında sülh gündəliyinin irəliləməsi münasibətilə Prezident İlham Əliyevi təbrik edib, təşkilatın həm sülh prosesinə, həm də Azərbaycanın həyata keçirdiyi humanitar minatəmizləmə fəaliyyətinə dəstəyini davam etdirəcəyini vurğulayıb.

Rusiya-Qərb münasibətlərində gərginliyin artması və qlobal enerji bazarındakı qeyri-sabitlik fonunda karbohidrogen resursları siyasi təzyiq alətinə çevrilib. Bu şəraitdə Azərbaycanın enerji siyasəti yalnız milli maraqlara deyil, qlobal enerji təhlükəsizliyinə də xidmət edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə icra olunan “Cənub Qaz Dəhlizi” və digər layihələr ölkəmizi Avropa üçün etibarlı enerji tərəfdaşına çevirib.

Bununla yanaşı, Azərbaycan son illərdə yaşıl enerji layihələrinə xüsusi diqqət ayıraraq Avropa İttifaqı ilə əməkdaşlıqda yeni istiqamət açıb. 2030-cu ilədək ölkədə 7 QVt gücündə bərpaolunan enerji potensialı yaradılması planlaşdırılır və bu gücün ən azı 70 faizi ixraca yönəldiləcək. Eyni zamanda, Mərkəzi Asiyada istehsal olunan yaşıl enerjinin Azərbaycan üzərindən Avropaya çatdırılması layihələri də reallaşdırılır. Bu, Azərbaycanın elektrik enerjisi bazarında da strateji mövqeyini gücləndirir.

Avropa İttifaqı ilə əməkdaşlıq nəqliyyat-kommunikasiya sahəsini də əhatə edir. Marta Kos görüşlərində Azərbaycanın artan tranzit rolunu yüksək qiymətləndirərək bu sahədə geniş əməkdaşlıq imkanlarının olduğunu bildirib. Bu xüsusilə də Zəngəzur dəhlizi – digər adı ilə “Trampın sülh və rifah marşrutu” kontekstində önəmlidir. Prezident İlham Əliyev azad olunmuş ərazilərdə geniş yol-nəqliyyat infrastrukturunun qurulduğunu, Zəngilana gedən avtomobil və dəmir yollarının strateji əhəmiyyət daşıdığını vurğulayıb. Orta Dəhliz vasitəsilə Mərkəzi Asiyadan Avropaya daşınan yüklərin həcminin sürətlə artması Azərbaycanın tranzit mövqeyini daha da gücləndirir.

Marta Kosun iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşündən sonra verdiyi açıqlamada da sülh prosesinin Cənubi Qafqazda ticarət və investisiya imkanlarını genişləndirdiyi qeyd olunub. Tərəflər bu imkanlardan səmərəli yararlanmaq üçün Yüksək Səviyyəli İqtisadi İşçi Qrupunun yaradılması barədə razılığa gəliblər.

Beləliklə, Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri təkcə enerji deyil, bütün iqtisadi sahələri əhatə edən dinamik əməkdaşlıq formatı alır. Hazırda Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır və ölkə iqtisadiyyatına qoyulan xarici sərmayələrin böyük hissəsi məhz təşkilata üzv dövlətlərin payına düşür.

MTM Analitik Qrupu 

 

SORĞU

Hava limanında taksi seçimləri

Hava limanında tətbiqlər vasitəsilə taksi sifariş etmək imkanı sizin üçün nə dərəcədə vacibdir?