Ermənistan yol ayrıcında - Moskva yoxsa Brüssel? - TƏHLİL

Ermənistan hökuməti illərdir həm Avropaya inteqrasiya etmək, həm də Rusiya ilə münasibətləri qorumaq xətti yürüdür. Baş nazir Nikol Paşinyanın Altaya səfəri, Çində Vladimir Putinlə görüşü və yaxın zamanda yenidən Moskvaya səfər planı bu siyasətin təzahürü kimi təqdim olunur. Lakin detallara nəzər yetirəndə aydın olur ki, İrəvan daha çox Avropa İttifaqına (Aİ) inteqrasiyaya üstünlük verir və Rusiya ilə əlaqələri formal bəyanatlarla saxlamağa çalışır.
Paşinyanın son açıqlaması da bu vəziyyəti təsdiqləyir: “Biz başa düşürük ki, həm Aİ-yə, həm də Aİİ-yə eyni vaxtda üzvlük mümkün deyil. Son seçim vaxtı gəldikdə, müvafiq qərar verəcəyik”. Bu sözlər Ermənistan hökumətinin artıq yol ayrıcında olduğuna işarədir.
Aprelin 4-də prezident Vaaqn Xaçatryan “Ermənistan Respublikasının Avropa İttifaqına qoşulması prosesinin başlanması haqqında” qanunu imzalayıb. Beləliklə, ölkənin xarici siyasətində qərbyönlü kurs qanunvericilik səviyyəsində rəsmiləşib. Bu isə Aİİ tərəfdaşları qarşısında verilən vədləri inandırıcı olmamaqla yanaşı, Moskvanı da fakt qarşısında qoyur.
Bununla yanaşı, İrəvan Avropa hüquq müstəvisində də mövqelərini gücləndirir. 2024-cü ilin sentyabrında Ermənistan ədliyyə naziri və baş prokuroru Euroyust rəhbəri Ladislav Hamran ilə əməkdaşlıq reqlamenti imzalayıb. Bu sənəd cinayət işlərində sübutların toplanması, saxlanması, ötürülməsi və birgə istintaq strategiyalarını əhatə edir. Ermənistan hökuməti bunu “Avropa cinayət ədaləti sisteminin bir hissəsi olmaq niyyəti” kimi təqdim edir.
Eyni zamanda, xarici işlər naziri Ararat Mirzoyan İrəvan və Brüssel arasında təhlükəsizlik və müdafiə məsələləri üzrə məsləhətləşmələrin başlandığını elan edib. Onun sözlərinə görə, Aİ ilə münasibətlər “heç vaxt indiki qədər sıx olmayıb”. Bu kontekstdə “hibrid təhdidlər və dezinformasiya” ilə mübarizə də xüsusi vurğulanır.
Diplomatik xəttə paralel olaraq, Ermənistan-Fransa əlaqələri də güclənir. Sentyabrın 7-də XİN müavini Vahan Kostanyan Parisdə fransalı həmkarı ilə Avropa gündəmini, 2026-cı ildə İrəvanda keçiriləcək Avropa Siyasi Birliyi Sammiti və COP17 iqlim konfransına hazırlığı müzakirə edib. Sentyabrın sonunda isə Avropa Şurası və Avropa Komissiyası İrəvanda Avropa İrs Günləri təşkil edəcək.
Bütün bunlar göstərir ki, Ermənistan Avropa istiqamətində sistemli şəkildə irəliləyir. Moskva isə hələlik müşahidəçi mövqedədir, lakin ehtimal olunur ki, Kreml yaxın seçkilərdə Paşinyanı “ciddi qulaqburması” ilə cəzalandırmağa çalışacaq.
Hikmət Həsənov