Aida İmanquliyeva – Azərbaycan şərqşünaslığının parlaq siması

Sentyabrın 19-u görkəmli alim, pedaqoq, tərcüməçi və professor Aida İmanquliyevanın anım günüdür.
Təhlil.az xəbər verir ki, qısa ömründə böyük iz qoyan alim Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru olmuş, həm elmi fəaliyyəti, həm də şəxsiyyətinə görə əbədi hörmət qazanmışdır.
1939-cu ildə Bakıda ziyalı ailəsində doğulan Aida xanım 1957-ci ildə orta məktəbi qızıl medalla bitirib, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində təhsil alıb. 1966-cı ildən Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunda çalışaraq direktor vəzifəsinə qədər yüksəlib. 1989-cu ildə Tbilisidə doktorluq dissertasiyasını müdafiə edib, professor adına layiq görülüb.
Alim 3 fundamental monoqrafiyanın (“Mixail Nüaymə və Qələmlər birliyi”, “Cübran Xəlil Cübran”, “Yeni ərəb ədəbiyyatı korifeyləri”) və 70-dən çox elmi məqalənin müəllifidir. Onun əsərləri ərəb məhcər ədəbiyyatının öyrənilməsində əsas mənbə kimi qəbul olunur. Aida xanım həm də Azərbaycan şərqşünaslığını beynəlxalq elmi məkanlarda ləyaqətlə təmsil edib.
Onun pedaqoji fəaliyyəti də diqqətəlayiqdir – Ərəb filologiyası üzrə onlarla kadr hazırlamış, tələbələrinə elmi müzakirə mədəniyyətini aşılamağı bacarmışdır. Aida xanımın mehriban və səxavətli insan olması, daim insanlara yardım göstərməsi də onu tanıyanların yaddaşında silinməz iz buraxıb.
Onun ailəsi də Azərbaycan ictimai-siyasi həyatında böyük rol oynayıb. Qızlarından Nərgiz Paşayeva MDU-nun Bakı filialının rektoru, AMEA-nın vitse-prezidentidir. Digər qızı, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva isə anasının nəcibliyini, məsuliyyət hissini və tələbkarlığını miras aldığını dəfələrlə vurğulayıb.
Elm və mədəniyyət tariximizdə xüsusi yeri olan Aida İmanquliyevanın əsərləri bu gün də aktualdır, gənc tədqiqatçılar üçün ilham və istinad mənbəyi olaraq qalır.