Aİ Gürcüstanı sanksiya və vizasız rejimin ləğvi ilə hədələyir - ŞƏRH

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər bir müddətdir korlanmağa doğru gedir. Hətta Aİ rəsmiləri Gürcüstanla vizasız rejimin ləğvi barədə fikir də səsləndiriblər. Rəsmi Tiflis isə bu tip açıqlamaları təhdid sayaraq sərt cavab vermişdi. Bununla belə, məlum olub ki, Avropa Komissiyası Gürcüstana qarşı sanksiyaların tətbiq edilməsi imkanını nəzərdən keçirir, həmçinin vizasız rejimin ləğvi məsələsi də masadadır.
Avropa Komissiyası bəyan edib ki, rəsmi Tiflislə siyasi əlaqələr minimuma endirilib. Eyni zamanda, hökumətə edilən maliyyə yardımları dayandırılıb. Yəni Qərb Gürcüstana qarşı təzyiq rıçaqlarından istifadə etmək qərarına gəlib. Aİ bu yolla Gürcüstanı yenidən təsir dairəsinə qaytarmağı planlaşdırır. Bunu qurumun digər qərarında da görmək mümkündür. Belə ki, Aİ-nin yeni qərarı ilə QHT-lərə edilən qrant yardımları artırılıb. Bu da müxalifət yönümlü QHT-lər üçün 4 oktyabr bələdiyyə seçkilərində aktivlik nümayiş etdirməyə şərait yaradır. Paralel olaraq isə belə bir yardım seçkilərə xarici müdaxiləni və təzyiqi də artıra bilər. Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili vurğulayıb ki, xarici qüvvələr etiraz fəallığını stimullaşdırmaq üçün seçkilər ərəfəsində ölkə siyasətinə açıq müdaxilə edir. Qeyd etmək yerinə düşər ki, 2019-2024-cü illər üçün Brüssel Gürcüstanın “vətəndaş cəmiyyəti”nə 46,1 milyon avro ayırıb.
2024-cü ildə Aİ Xarici Agentlər Qanununun qəbulu ilə əlaqədar Gürcüstan üçün vəsaitlərinin bir hissəsini dayandırıb və ya yenidən təşkil edib. Bununla belə, 2025-ci ildə hər layihə üçün 15 000 avroya qədər qrant verilməsini nəzərdə tutan “United for Georgia’s European Way” proqramına start verildi. Proqramın mövzusu da maraqlıdır: Aİ dəyərlərinin təbliği və dezinformasiya ilə mübarizə. REACT-ın 1,5 milyon avrodan çox büdcəsi olan vətəndaş cəmiyyətinə dəstək proqramı Almaniya Konrad Adenauer Fondu tərəfindən dəstəklənir.
Avropa İttifaqı köhnə sxem üzrə hərəkət edərək Gürcüstan hakimiyyətini sanksiya və vizasız rejimin ləğvi ilə hədələyir. Bununla belə, ABŞ hökuməti hakim “Gürcü arzusu”na qarşı siyasi xəttini artıq dəyişib.
Aİ-nin “vətəndaş cəmiyyəti”ni maliyyələşdirməsini genişləndirməsi Gürcüstan müxalifətinin xarici oyunçulardan asılılığını artırır. Bu da Brüsselin yeni planının olmasından xəbər verir. Ehtimal etmək olar ki, Avropa siyasiləri müxalifəti xarici oyunçulardan tam asılı vəziyyətə gətirmək, ölkədə müəyyən dairələrin əli ilə qarışıqlıq salmaq, maliyyə dəstəyi sayəsində seçkilərdə müxalifətin hakimiyyətə gedən yolunu açmaq niyyətini güdürlər. Bu yolla rəsmi Tiflis yenidən Aİ-nin tam orbitinə qayıda bilər. Amma işin maraqlı tərəfi odur ki, Brüsselin oxşar ssenarisi Gürcüstanda bir dəfə iflasa uğrayıb. Avropalı bürokratlar isə eyni planı işə salmaqdan yorulmurlar.
Hikmət Həsənov