Bu gün

Hər ay artan borc İrəvanı çarəsiz qoyur - ŞƏRH

Ermənistanın dövlət borcu hər ay durmadan artır. Hökumət bu tendensiya qarşısında çarəsiz vəziyyətdə qalıb. Bu isə xərclərin əhəmiyyətli dərəcədə artmasından da xəbər verir. Xərc çox, gəlir az olduğu üçün hökumət xarici kreditlərə baş vuraraq problemləri həll edir, nəticədə də dövlət borcu hər gün getdikcə daha da şişir.

Bu gün Ermənistanın dövlət borcu 14 milyard dolları keçib. Hökumətin borcu isə 13,5 milyard dollardır. Ölkənin dövlət borcunun strukturunda daxili borcun payı xarici borcun payını üstələyir. Bu vəziyyət həm müsbət cəhətləri, həm də müəyyən narahatlıqları ehtiva edir.

Təbii ki, yaxşı haldır ki, dövlət borcunun idarə edilməsi baxımından daxili mənbələrdən vəsait cəlb edildiyi halda məzənnə dəyişikliyindən yaranan risklər azalır. İkinci hal isə ondan ibarətdir ki, götürülmüş borclar və onlara xidmət üçün faiz ödənişləri qaytarılır. Amma “aysberqin görünməyən tərəfi” də var və bu, çox vacibdir. Daxili borcun payının artması sadə səbəbə görə dövlət borcuna xidmət yükünün artmasına səbəb olur, çünki daxili vəsaitlər ümumiyyətlə daha bahadır.

Dövlət borcunun artım dinamikasına gəlincə, Ermənistanda, xüsusilə 2018-ci ildən etibarən kifayət qədər sürətli templə artmağa başlayıb. Əgər 2017-ci ilin sonunda dövlət borcu 6,7 milyard dollar idisə, 2018-ci ildə 6,9 milyard dollara, 2024-cü ilin sonunda isə demək olar ki, 13 milyard dollara çatıb. Yəni cəmi 6 il ərzində Ermənistanın dövlət borcu iki dəfə artıb. Bu mənzərə “görünməmiş” makroiqtisadi göstəricilərdən, xüsusən də iqtisadiyyatla bağlı olanlardan çox danışan, apardığı siyasət kontekstində spekulyasiyalar edən hökumətin dövründə yaranıb.

2025-ci il ərzində də dövlət borcu hər ay durmadan artıb. Dövlət borcu ilə bağlı problemlərdən biri büdcənin üzləşdiyi xərclərdir. Amma ölkə ilə bağlı ən vacib sahələrdə xərclər artmır.

Məsələn, son günlər ən çox müzakirə olunan mövzu müdafiə xərclərinin artırılmaması olub. Arqumentlər irəli sürülüb ki, 2025-ci ildə hərbi xərclər xeyli artıb, hərbi sektorda borc öhdəlikləri də ödənilib və buna görə də normal artım həddi müşahidə edilir. Əslində isə bu, bir tərəfdən hərbi borclara xidmət göstərilməsi, digər tərəfdən dövlət borcunun artım tempinin sürətlənməsi, üçüncü tərəfdən isə müdafiə xərclərinin bilərəkdən artırılmamasıdır. Belə olan halda belə bir sual yaranır: bəlkə vacib olan sahədə xərclərin artmaması məhz borc yükünün durmadan artması ilə bağlıdır?

Burada əsas diqqət yetiriləsi məqam iqtisadi artımın stabil və uzunmüddətli olmamasıdır. Əgər vəziyyət bu formada davam etsə, Ermənistanın dövlət borcu durmadan artacaq və ölkə iqtisadiyyatını iflic vəziyyətinə salacaq.

Bu səbəbdən də son günlər Baş nazir Nikol Paşinyanın Azərbaycan və Türkiyə ilə münasibətlərə dair müsbət fikirlər səsləndirməsi başadüşüləndir. Erməni hökuməti yeganə çıxış yolunun iki qonşusu – Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasından keçdiyini yaxşı anlayır.

Hikmət Həsənov 

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?