Bu gün

Hadrutun azadlığı: miflərin dağılması və yeni tarixi mərhələ - MƏQALƏ

Azərbaycanın müasir tarixi, xüsusilə son beş ildə baş verən hadisələr, ölkəmizin regionda yaratdığı yeni reallıqlar barədə dolğun təsəvvür yaradır. Uzun illər davam edən münaqişə, işğal, məcburi köçkünlük və beynəlxalq hüququn pozulması ilə müşayiət olunan ağır proseslər artıq geridə qalıb. Son illərdə Azərbaycan yalnız ərazi bütövlüyü və suverenliyini təmin etməklə kifayətlənməyib, həm də Cənubi Qafqazda tamamilə yeni geosiyasi reallıq və təhlükəsizlik mühiti formalaşdırıb.

Prezident İlham Əliyevin sentyabrın 14-də Xocavənd rayonuna səfəri çərçivəsində Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüşündə səsləndirdiyi fikirlər yeni tarixi mərhələnin möhtəşəmliyini – Azərbaycanın beynəlxalq hüququ və ədaləti öz gücü ilə təmin edən ölkə olduğunu bir daha təsdiqləyir. Dövlət başçısının çıxışı milli birliyin gücünü, müharibədə əldə olunan qələbənin miqyasını və ədalətli sülh fəlsəfəsini dolğun əks etdirir. Cənab İlham Əliyevin vurğuladığı kimi, qazanılan bütün bu uğurların əsasında xalqımızın milli birliyi, dövlət və cəmiyyət arasında vəhdət, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması dayanır.

Azərbaycan xalqı uzun illər münaqişə şəraitində yaşasa da, işğal faktı ilə heç zaman barışmayıb. Dövlətin ərazi bütövlüyü və suverenliyinin təmin edilməsi milli ideya səviyyəli hədəfə çevrilib. Xalqın iradəsi və dözümlülüyü, dövlətin prinsipial mövqeyi nəticəsində ölkəmiz bu hədəfini reallaşdıraraq yeni tarixi mərhələyə qədəm qoyub. 2020-ci ilin 44 günlük Vətən müharibəsi, habelə 2023-cü ilin sentyabrında reallaşdırılan lokal antiterror tədbirləri Azərbaycanın hərbi-siyasi gücünü, məqsədinə doğru dönmədən irəliləyən ölkə olduğunu bütün dünyaya təsdiq edib.

Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad edilməsi Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi strateji nailiyyətlərdən biri olub. Bu qəsəbə uzun illər ərzində Qarabağda separatçılığın ideoloji-siyasi mərkəzlərindən sayılıb. Separatçı xunta rejimi mövcudluğunu əsasən Hadrut və ətraf kəndlərdəki dayaq nöqtələrinə bağlayaraq bölgədən ideoloji və hərbi baza kimi istifadə edib. Ermənistan rəhbərliyi Hadrutun strateji əhəmiyyətini yaxşı anladığı üçün qəsəbənin Azərbaycan Ordusunun nəzarətinə keçməsini xeyli müddət gizlətməyə çalışıb. Hadrutun azad edilməsi Ermənistan üçün ciddi psixoloji zərbə idi. Çünki uzun illər onun üzərində qurulan miflər bu ölkənin ictimaiyyətinə saxta “qələbə ruhu” aşılamışdı. Ordumuz Hadrutu azad etməklə yalnız hərbi üstünlüyünü göstərməyib, həm də bu mifləri darmadağın edib. Hadrutun azad olunması müharibənin gedişinə ciddi təsir göstərərək, Şuşaya aparan yolun açılmasında həlledici rol oynayıb.

İkinci Qarabağ müharibəsindən sonra – 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri ərazilərimizdə separatçı xunta rejiminin mövcudluğuna birdəfəlik son qoyub, Azərbaycanın dövlət suverenliyi tam bərpa edilib. Bununla da Azərbaycan postsovet məkanında separatizmin kökünü hərbi güc yolu ilə kəsən ilk ölkə kimi tarixə düşüb. Ötən əsrin 90-cı illərinin əvvəlində postsovet məkanında etnik separatçılıq zəmnində baş qaldırmış münaqişələrin heç biri beynəlxalq hüquqa adekvat həllini tapmayıb. Misal olaraq, Ukrayna, Gürcüstan və Moldova bu gün də ərazilərinin bərpasına nail ola bilməyiblər. Azərbaycan isə göstərib ki, separatçılığa yalnız dövlətin və xalqın birliyi sayəsində son qoymaq mümkündür. Rəsmi Bakı sübut edib ki, separatçı rejimlər heç vaxt legitimlik qazana bilməz və ərazi bütövlüyünə qarşı çıxış edən hər hansı qondarma rejim gec-tez məhv edilməlidir. Azərbaycan nümunəsi bir presedentdir və gələcəkdə digər ölkələr üçün də yol xəritəsi rolunu oynaya bilər.

Dövlət başçısının səfəri göstərir ki, Qırmızı Bazar, Hadrut qəsəbələri, Sos kəndi bu gün Azərbaycanın suverenliyinin və azad edilmiş ərazilərdə həyata keçirilən “Böyük Qayıdış” proqramının simvoluna çevrilib. Burada reallaşdırılan bərpa və yeni infrastruktur layihələri qəsəbənin gələcək inkişafına zəmin yaradır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmiz son illərdə dünyaya sübut edib ki, onu haqq işindən heç kim dayandıra bilməz: “Bizim işimiz haqq işidir, biz öz torpağımız uğrunda vuruşmuşuq, bizim başqa ölkələrin torpağında gözümüz yoxdur, amma öz torpağımızdan bir qarış belə heç kimə güzəştə gedən deyilik və bunu sübut etmişik. Bu gün bütün dünya Azərbaycan xalqını haqlı olaraq müzəffər xalq kimi tanıyır. 44 gün və bir gün – heç bir ölkə son 80 il ərzində belə mütləq, tam və ədalətli qələbə qazanmamışdır. Bununla fəxr edirik. Fəxr edirik, necə ki, müharibədə döyüşmüşük, eləcə də sülh şəraitində qurub-yaradırıq.”

Azərbaycan hər zaman sülhə hazır olub, lakin bu sülh yalnız ədalətlə və beynəlxalq hüquqa söykənməli idi. 2020-ci ildən sonrakı beş ildə cərəyan edən hadisələr bir daha sübut etdi ki, rəsmi Bakının milli maraqlarımızla bağlı mövqeyinə heç bir xarici siyasi qüvvə təsir göstərə bilməz. Bu dövrdə müxtəlif dövlətlərin və təşkilatların təzyiq cəhdləri belə Azərbaycanı regionda diktə etdiyi sülh gündəliyindən qətiyyən çəkindirə bilməyib.

Hazırda ölkəmizin qarşısında duran əsas vəzifə işğaldan azad edilmiş ərazilərin bərpası, məcburi köçkünlərin geri dönüşünün təmin edilməsidir. Son illərdə “Böyük Qayıdış” proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzur bölgələrində yeni yollar, elektrik xətləri, məktəblər, xəstəxanalar, yaşayış massivləri salınır. Böyük sürət və ardıcıllıqla görülən bu işlər göstərir ki, Azərbaycan yalnız müharibənin qalibi deyil, həm də bərpa və quruculuqda nümunə yaradan dövlətdir.

Ölkəmizin yaratdığı yeni reallıqlar geriyə dönüşü olmayan prosesdir. Dövlətin qətiyyətli siyasəti, ədalətli sülh fəlsəfəsi, əməkdaşlıq istiqamətində atılan addımlar regionun gələcək inkişaf trayektoriyasını müəyyənləşdirib. Azərbaycan regionda milli maraqlarını təmin etməklə yanaşı, qlobal miqyasda sabitlik, təhlükəsizlik və ədalətli sülhün təminatçısına çevrilib.

MTM Analitik Qrupu 

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?