Milyarderlərin kosmos yarışı: Gələcəyimizi kim müəyyən edəcək – Mask, yoxsa Bezos? - TƏHLİL

Bəşəriyyət yeni dövrün astanasındadır. Ulduzlararası həyat artıq yalnız elmi fantastika mövzusu deyil, real layihələrə çevrilməkdədir. Bu gələcəyin formalaşmasında isə iki milyarder – İlon Mask və Ceff Bezos həlledici rol oynayır. Onların SpaceX və Blue Origin şirkətləri kosmik məskunlaşma ideyalarını texnoloji və iqtisadi reallığa çevirməyə çalışır.
İlon Maskın məqsədi Marsda özünü təmin edə biləcək koloniya qurmaqdır. SpaceX Qırmızı Planetə robotlar və insan missiyaları göndərməyi, uzunmüddətli perspektivdə isə terraformasiya vasitəsilə Yerə bənzər şərait yaratmağı hədəfləyir. Mask Mars koloniyasını “bəşəriyyət üçün sığorta” adlandırır – yəni, Yer yaşanmaz hala düşərsə, alternativ həyat məkanı.
Hazırda SpaceX dünyanın ən güclü raketi olan Starship üzərində işləyir. İndiyədək 10 suborbital sınaq keçirilib, altısı qismən uğursuz olub. Mask ümid edir ki, 2028-ci ilə qədər ilk insanlar Marsa səyahət edə biləcək, ardınca isə infrastrukturun kütləvi tikintisi başlayacaq.
Ceff Bezos isə fərqli model təklif edir. O, nəhəng fırlanan kosmik stansiyalar – “O’Neill koloniyaları” ideyasını irəli sürür. Bezosun fikrincə, Yer insanların yaşayışı və istirahəti üçün qalmalıdır, sənaye və çirkləndirici istehsal isə kosmosa köçürülməlidir.
Onun planına görə, koloniyalar Ay və digər göy cisimlərinin resurslarına əsaslanacaq. Bezos Marsa getməyi həm bahalı, həm də texniki cəhətdən daha çətin hesab edir. Hazırda Blue Origin New Glenn raketi və Blue Moon Ay eniş aparatını inkişaf etdirir.
Bezos etiraf edir ki, O’Neill koloniyalarını həyata keçirəcək texnologiyalar hələ mövcud deyil və bu, gələcək nəsillər üçün layihədir.
Mask və Bezos fərqli yollar təklif edirlər: Mars koloniyası və ya orbitdə fırlanan şəhərlər. Mask ekstremal ekspedisiyalara üstünlük verir, Bezos isə Yerə yaxın məskənlərin daha real olduğunu düşünür.
Bununla belə, hər iki milyarderin strategiyası ortaq bir ideyada birləşir – kosmos bəşəriyyətin iqtisadi və texnoloji gələcəyinin əsas arenasına çevriləcək.
Ekspertlərin fikrincə, bu iddialı layihələr Yer kürəsini unutmaq demək deyil. Bəziləri kosmik məskunlaşmanı qlobal fəlakətlərdən sığorta hesab edir, digərləri isə insanlıq üçün yeni kəşf və ilham mənbəyi kimi görür.
Bir şey aydındır: Mask və Bezosun kosmos yarışı yalnız iki şirkətin mübarizəsi deyil, bəşəriyyətin yüzillərlə davam edəcək gələcəyini müəyyən edəcək epoxal çağırışdır.
Hikmət Həsənov