Bu gün

Ermənistanın pasportlardan Ağrı Dağını çıxarması – Türkiyəyə ismarıc - ŞƏRH

Türkiyə Qarabağ münaqişəsi başlayandan və Ermənistan Azərbaycanın torpaqlarını işğala məruz qoyduqdan sonra bu ölkə ilə diplomatik münasibətləri dayandırıb və sərhədləri bağlayıb. Uzun illər Ermənistan Ankara ilə münasibətləri normallaşdırmaq istəsə də, Türkiyənin şərti işğala son qoymaqla bağlı olub. 2020-ci il 44 günlük müharibədən sonra da İrəvan bu səpkidə addımlar atmaq istəsə də, Türkiyə rəsmiləri dəfələrlə Azərbaycanla sülh müqaviləsinin imzalanmasını şərt kimi irəli sürüblər. Bu isə göstərir ki, regionda Türkiyə Azərbaycanla koordinasiyalı şəkildə hərəkət edir.

Uzun illər sonra isə Türkiyə ilə Ermənistan münasibətləri normallaşdırmaq üçün xüsusi komissiya qurdular. Bir neçə dəfə görüş keçirilib sərhədlərin açılması müzakirə edilsə də, konkret addımlar atılmayıb. Erməni tərəfi Marqara keçid məntəqəsini hazır vəziyyətə gətirsə də, Ankaranın sülh müqaviləsi ilə bağlı tələbi dəyişməz qalıb. Bu yaxınlarda Türkiyənin Ermənistanla normallaşma üzrə xüsusi nümayəndəsi Serdar Kılıç Ermənistana səfər edib. Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə Ruben Rubinyan Ermənistan-Türkiyə sərhədindəki "Marqara" nəzarət-buraxılış məntəqəsində Türkiyənin xüsusi nümayəndəsi Serdar Kılıçı qarşılayıb. Bu qarşılama simvolik xarakter daşıyır və İrəvan məhz bu keçid məntəqəsinin tezliklə açılmasını arzulayır.

Maraqlıdır ki, Serdar Kılıçın səfərindən sonra Türkiyənin xarici işlər naziri Hakan Fidan “2026-cı ilin birinci yarısında Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması gözlənilir. Ermənistan və Azərbaycan arasında yekun saziş imzalanan kimi biz də Ermənistanla münasibətləri tez bir zamanda normallaşdıracağıq” bəyanatını səsləndirib. Bu, bir daha sübut edir ki, Türkiyə tərəfi öz şərtində israrlıdır və İrəvan Bakı ilə sülh müqaviləsini imzalamasa, heç bir normallaşmadan söz gedə bilməz. Sülh müqaviləsi imzalanmayana qədər, İrəvan Ankara ilə münasibətlərin normallaşmasına, sərhədlərin açılmasına ümid edə bilməz.

Açıqlamanın ikinci maraqlı tərəfi isə sülh müqaviləsinin 2026-cı ildə imzalanacağına olan ümidlə bağlıdır. Məlumdur ki, Ermənistan Konstitusiyasına dəyişikliyin edilməsi Azərbaycan tərəfinin haqlı tələbidir və bu səbəbdən də sözügedən dəyişiklik reallaşdırıldıqdan sonra sülh müqaviləsi imzalana bilər.

Ötən həftə sonu isə Ermənistan hökumətinin qəbul etdiyi qərar İrəvanın Ankara ilə münasibətləri normallaşdırmaqda, sərhədləri açmaqda israrlı olduğunu göstərir. Belə ki, Ermənistan hökumətinin qərarı ilə ölkə ərazisinə giriş-çıxış zamanı pasportlara vurulan möhürdən Ağrı Dağın işarəsi çıxarılacaq.

Bu addımı ilə Ermənistan Türkiyəyə qarşı da ərazi iddialarından əl çəkəcəyinə işarə edir. Çünki uzun illər Ağrı dağı öz ərazisi sayan revanşist və xəstə təfəkkürlü erməni hakimiyyətləri bu hərəkətləri ilə Türkiyənin haqlı narazılığına səbəb olmuşdular. Paşinyan hökuməti isə belə bir addımı ilə Ankara ilə münasibətləri normallaşdırmaqda israrlı olduğunu bir daha ortaya qoyur. Təsadüfi deyil ki, Baş nazir Nikol Paşinyan dəfələrlə qondarma erməni soyqırımı məsələsinin də gündəmdən çıxarılması ilə bağlı açıqlamalar verib. Bu isə bir daha göstərir ki, rəsmi İrəvan Ankara və Bakı ilə münasibətləri normallaşdırmaq məsələsində qətiyyətli addımlar atmağa hazırdır.

Hikmət Həsənov

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?