Gəncənin bir neçə ərazisində sakinlər pulsuz internetlə təmin ediləcək

Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə şəhərin müxtəlif ərazilərində sakinlər və şəhərin qonaqları üçün pulsuz internetə çıxış imkanı təmin ediləcək. Bu məqsədlə “Xlink” MMC tərəfindən artıq işlərə başlanılıb.
Təhlil.az xəbər verir ki, ilkin mərhələdə simsiz internet şəbəkəsi Heydər Əliyev adına Mərkəzi Meydanda istifadəyə veriləcək.
Sentyabr ayının sonuna qədər isə pulsuz “Wi-Fi” şəbəkəsi YAP Gəncə şəhər təşkilatının inzibati binasının qarşısında və Heydər Əliyev Mərkəzinin ətrafında əlçatan olacaq.
Növbəti mərhələdə ödənişsiz simsiz internet “Xan bağı” istirahət parkında, “Gəncəçay” Park-Bulvar Kompleksində, eləcə də şəhərin digər istirahət güşələrində istifadəyə veriləcək. Bütün işlərin cari ilin sonunadək başa çatdırılması planlaşdırılır.
Şəbəkə istifadəyə verildikdən sonra ilk bir ay ərzində istifadəçilər ona birbaşa qoşula biləcəklər. Test mərhələsi və təkmilləşdirmə işləri yekunlaşdıqdan sonra isə şəbəkədən yararlanmaq üçün istifadəçilərin xüsusi proqram təminatı vasitəsilə qeydiyyatdan keçmələri tələb olunacaq.