"Digər Mərkəzi Asiya dövlətləri də Azərbaycan–Özbəkistan–Türkmənistan üçbucağına qoşula bilər" - AÇIQLAMA

Azərbaycan, Özbəkistan və Türkmənistan arasında əməkdaşlığın uğurlu və qarşılıqlı faydalı inkişafı böyük perspektivlərə malikdir.
Bu fikirləri təhlil.az saytına açıqlamasında Qafqaz Siyasi Analiz Mərkəzinin direktoru Əhməd Əlili deyib.
O bildirib ki, Azərbaycanla Özbəkistanın xarici siyasət kursları arasında çoxlu oxşarlıqlar mövcuddur:
“Hər iki ölkə GUAM təşkilatına üzv olub. 1990-cı illərdə hər iki dövlətin bu birliyə qoşulmasının öz baxışları vardı. Daha sonra Azərbaycan və Özbəkistan beynəlxalq siyasətdə çox hallarda neytral, balanslı mövqe nümayiş etdiriblər. Maraqlıdır ki, hər iki ölkə Qoşulmama Hərəkatının da üzvüdür. Gözlənilir ki, gələn il bu təşkilata sədrliyi Özbəkistan öz üzərinə götürəcək. Bu isə ölkələrimizi birləşdirən mühüm amillərdən biridir”.
Ekspert qeyd edib ki, Azərbaycanla Özbəkistanın əlaqələri Türkiyə ilə Azərbaycanın münasibətlərinə bənzəyir:
“Bu, müəyyən bir hökumətin və ya dövrün siyasəti ilə məhdudlaşmayan əlaqələrdir. Onlar uzunmüddətli, sabit və möhkəm təmələ söykənir. İki ölkə arasında ortaq strateji baxış, zamanın ruhunu anlamaq mövcuddur. Mərkəzi Asiya ölkələri arasında Azərbaycana ən çox səfər edən liderlərdən birinin Özbəkistan rəhbəri olması da təsadüfi deyil. Bakı və Daşkənd intensiv əməkdaşlıq edir”.
Əhməd Əlili Azərbaycanla Türkmənistan münasibətlərinin də əhəmiyyətinə diqqət çəkib:
“Bir neçə il əvvəl Azərbaycan, Türkiyə və Türkmənistan prezidentləri üç oğuz-türk dövlətinin birliyi ideyasını gündəmə gətirmişdilər. Sonradan bu məsələ xarici siyasətdə ön sıradan çıxdı. Amma İran–İsrail müharibəsi Türkmənistan üçün alternativsiz marşrutu göstərdi. Beynəlxalq bazarlara stabil çıxış üçün yeganə yol Azərbaycandan keçir. Bakı da bu istiqamətdə Türkmənistanla daha intensiv əməkdaşlıq edir. 2020-ci ilin dekabrında Xəzərdəki qaz yataqları ilə bağlı mübahisələrin uğurla həll edilməsi bunun göstəricisidir”.
Ekspertin sözlərinə görə, Türkmənistan ənənəvi olaraq neytral siyasət yürüdür, ittifaqlara qoşulmaq istəmir. Ancaq Azərbaycana gəldikdə, bu neytrallığı müəyyən mənada “pozur”:
“Azərbaycan və Türkmənistan geniş mövzular üzrə bir-birini yaxşı anlayır. İki ölkə arasında son illərdə müsbət dinamika aydın görünür”.
O hesab edir ki, yaxın gələcəkdə Azərbaycan–Özbəkistan–Türkmənistan üçbucağına digər Mərkəzi Asiya dövlətləri də qoşula bilər: "Bu isə regionda yeni strateji əməkdaşlıq platformasının formalaşmasına yol açacaq".
Rasim Babayev