İran yenə də Zəngəzur dəhlizinə qarşı çıxır - ŞƏRH

2020-ci il 44 günlük müharibədən sonra Azərbaycanın təklif etdiyi Zəngəzur dəhlizi regionun bütün ölkələrinin inkişafı üçün böyük təkan, xüsusən də Ermənistanın blokadadan çıxması üçün vasitədir. Bu layihə eyni zamanda regionun nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması da deməkdir. Bununla belə, hər zaman sülh və sabitliyin tərəfdarı kimi çıxış edən İran fərqli yanaşma nümayiş etdirir. Açıqlamalardan da aydın olur ki, əslində rəsmi Tehran Azərbaycanla Ermənistan arasında nəqliyyat kommunikasiyalarının açılmasını istəmir. Elə İranın XİN rəsmisi İsmayil Bəqainin Ermənistanın “Armenpress” nəşrinə müsahibəsində də bunu sezmək olar. Bəqai bildirib ki, İran Ermənistanın təqdim etdiyi “Sülh yollarının kəsişməsi” təşəbbüsünü dəstəkləyir və onun həyata keçirilməsinin bütün regiona fayda verəcəyinə inanır.
Əslində nə baş verir? İran hökuməti Azərbaycan-Ermənistan münasibətlərinin tam normallaşmasından, sülh sazişinin imzalanmasından narahatdır. Çünki bu münaqişə uzun illər İran üçün təsir və və təzyiq vasitəsi olub ki, Ermənistandan istədiyi kimi istifadə edib. Tehran-İrəvan arasındakı danışıqlara və münasibətlərə də baxanda aydın olur ki, İran öz mal və məhsullarını Ermənistana satır, əvəzində isə erməni dövlətindən nəyisə idxal etməkdə maraqlı görünmür. Eyni zamanda bu ölkədən elektrik enerjisi tədarük etmək, qiymətli faydalı qazıntıları da ucuz qiymətə əldə etmək niyyətindədir. Ermənistanın blokadada qalması bu prizmadan İran üçün daha faydalıdır.
İslam respublikası gözəl dərk edir ki, Zəngəzur dəhlizinin açılması Ermənistanın ərazi bütövlüyünün pozulması deyil. Çünki Azərbaycan tərəfi dəfələrlə bildirib ki, Ermənistan ərazisindən eksterritorial qaydada dəhliz açmaq niyyətində deyil. Rəsmi Bakının məqsədi Naxçıvanla sərbəst, yüklərin və insanların yoxlamaya məruz qalmadan gediş-gəlişini təmin etməkdir. Bununla belə, rəsmi Tehran bu açıqlamanı görməzdən gəlir və bildirir ki, guya Azərbaycan Ermənistan ərazisindən eksterritorial qaydada dəhliz açmaq niyyətindədir. Eksterritorial yurisdiksiya hökumətin öz hakimiyyətini sərhədlərindən kənarda həyata keçirmək imkanıdır. Bu, İrəvanın və Tehranın dəhlizin açılmasının qarşısını almaq üçün ortaya atdıqları təxribat xarakterli bir açıqlamadır. Tehran gözəl anlayır ki, dəhlizin açılması Ermənistanın blokadadan çıxması, Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması, Bakının təklif etdiyi regional və qlobal layihələrdə iştirakı deməkdir. Bu isə Tehranın Ermənistan üzərində nəzarət və nüfuzunu zəiflədəcək. Elə bu səbəbdən də İran hər vəchlə Zəngəzur dəhlizinə qarşı çıxır. Amma son baş verən proseslər göstərir ki, artıq İrəvan da blokadada və iqtisadi inkişafda qalmaqdan bezib və çıxış yolunun Azərbaycanın tələb və təkliflərinə yaşıl işıq yandırmaqdan keçdiyini dərk edib.
Hikmət Həsənov