Moskva “xilaskar” obrazında: Rusiya narazılığı fürsətə çevirir - ŞƏRH

Ermənistandakı Qarabağ ermənilərinə Rusiya tərəfindən göstərilən humanitar yardım ilk baxışda xoşməramlı bir jest kimi təqdim olunsa da, əslində bu, daha dərin və siyasi niyyətlərə əsaslanan addımdır. Ukraynada genişmiqyaslı işğalçı müharibə aparan, beynəlxalq ictimaiyyətin sərt sanksiyalarına məruz qalan Rusiya üçün Cənubi Qafqazdakı proseslər artıq hərbi-siyasi təzyiq alətinə çevrilib. Bu kontekstdə Qarabağ ermənilərinə yardım paylanması sadəcə ərzaq və tibbi dəstək deyil, bu, Ermənistandakı daxili siyasi sabitliyi hədəfə alan planın bir hissəsidir.
2023-cü ildə Azərbaycan Ordusunun işğal edilmiş ərazilərdə apardığı anti-terror əməliyyatından sonra Qarabağdan Ermənistana köç etmiş ermənilərin gələcəyi Ermənistan hakimiyyəti üçün həm sosial, həm də siyasi baxımdan həssas məsələdir. Baş nazir Nikol Paşinyanın Qarabağla bağlı əvvəlki illərdəki ritorikasından fərqli olaraq bu gün daha realist və güzəştə açıq xətt tutması radikal çevrələrdə narazılıq doğurur. Rusiya isə bu siyasi boşluğu və narazılığı fürsətə çevirir. Yardım paketləri vasitəsilə Qarabağ ermənilərinə “himayədarlıq” göstərən Kreml, eyni zamanda bu əhali arasından Paşinyan əleyhdarlarının toplanması və təşkilatlanmasına zəmin yaradır. Rusiya üçün əsas məqsəd Ermənistanda revanşist qüvvələri gücləndirmək, Paşinyanı zəiflətmək və öz təsir dairəsini bərpa etməkdir.
Rusiyanın özünü “xilaskar” kimi təqdim etməsi təcrübəsi yeni deyil. Suriyada, Ukraynada və Gürcüstanda bu strategiya müxtəlif formalarda sınanıb. Ermənistandakı Qarabağ ermənilərinə yardımı da bu modelin növbəti tətbiqidir. Rusiya informasiya resursları bu yardımları geniş şəkildə işıqlandıraraq, Kremlə bağlılıq və minnətdarlıq hissini gücləndirməyə çalışır. Bu yardım kampaniyasının paralelində, Rusiya mətbuatı və “beşinci kolon”a aid yerli media orqanları Paşinyan hakimiyyətini “millətini taleyin ümidinə buraxmış” obrazında təqdim edir. Beləliklə, yardımlar yalnız humanitar deyil, psixoloji və ideoloji alət kimi də işlədilir.
Nəzərə almalıyıq ki, Ermənistanda hələ də geniş elektorata sahib olan keçmiş “Qarabağ klanı” – Koçaryan və Sarkisyan dövründən miras qalan güclər Rusiya ilə sıx münasibətləri ilə seçilirlər. Bu qüvvələr Paşinyanın Qərbyönlü siyasətinə qarşı çıxır və Kreml üçün əlverişli daxili tərəfdaşlardır. Rusiya yardımı ilə Qarabağ erməniləri arasında sosial-iqtisadi narazılığı siyasi narazılığa çevirmək və onları “qayıdış” arzusu ilə revanşist qrupların tərəfinə çəkmək mümkündür. Moskva düşünür ki, Qarabağdan köçmüş ermənilər Ermənistanda demoqrafik və siyasi balansı da dəyişə bilər. Bu əhali Paşinyana deyil, daha çox Moskva yönlü ritorikaya meylli olan köhnə elitalara simpatiya bəsləyir. Kreml bu meyli alovlandırmaq üçün humanitar dəstək vasitəsilə psixoloji üstünlük qurmağa çalışır.
Paşinyan hökuməti Rusiya ilə məsafə saxladıqca, Kremlin Ermənistandakı təxribat və təzyiqləri artır. Yardım kampaniyası, əslində, bu təzyiqlərin “yumşaq güc” formasıdır. Əgər Ermənistan bu proseslərə qarşı daxili immunitet formalaşdıra bilməzsə, ölkənin suveren qərarvermə məkanına Rusiyanın müdaxiləsi dərinləşəcək. Kreml bu metodla yalnız Ermənistan daxilində siyasi dəyişikliklərə deyil, eyni zamanda Azərbaycanla normallaşma prosesinin dayanmasına da çalışır. Çünki Bakı ilə İrəvan arasında sülhün imzalanması Rusiyanın bölgədəki əsas təzyiq rıçaqlarından birini itirməsi demək olacaq.
MTM Analitik Qrupu