25 iyul

SOCAR strateji dəyişiklik edir: Türkiyədəki neft terminalı satışa çıxarıla bilər

Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyədəki törəmə qurumu olan SOCAR Turkiye Energy AŞ (STEAS), 2016-cı ildən Egey dənizində fəaliyyət göstərən neft və neft məhsullarının terminalını satışa çıxarmağı nəzərdən keçirir.  Hazırda terminalın ötürücülük qabiliyyəti 550 min TEU təşkil edir.

Təhlil.az xəbər verir ki, 2025-ci ilin əvvəlində STEAS rəhbəri Elçin İbadov terminalın 2030-cu ilə qədər 1,5 milyon TEU gücünə çatdırılması planlarından danışsa da, Türkiyə mediası şirkətin strateji xəttində dəyişiklik baş verdiyini bildirir. Bildirilir ki, diqqət Aliağa yarımadasında reallaşdırılması nəzərdə tutulan iri həcmli poliolfinlər kompleksinə yönəlib.

Yeni layihə Türkiyə bazarında yüksək tələbat olan etilen, polietilen və polipropilen istehsalını əhatə edəcək. Dəyəri təxminən 7 milyard dollar olan kompleksin 2030–2035-ci illər aralığında istismara verilməsi planlaşdırılır.

Bu kontekstdə, SOCAR qeyri-strateji aktivlərdən mərhələli şəkildə çıxmaq niyyətindədir. Satılması nəzərdə tutulan terminalın bazar dəyəri yarım milyard dollara yaxın qiymətləndirilir. 2016-cı ildən bu günə qədər bu obyektə təxminən 400 milyon dollar investisiya qoyulub. Məlumatlı mənbələr terminalın satışının ilkin müzakirə mərhələsində olduğunu bildirir.

Terminal hazırda SOCAR-ın 17 il əvvəl aldığı Petkim kimya kompleksi və 2018-ci ildən fəaliyyət göstərən STAR neft emalı zavodu üçün əsas infrastruktur sayılır.

Bu il SOCAR artıq “SOCAR Turkey Doğalgaz Yatırım AŞ” şirkətini satışa çıxararaq "Kayserigaz" və "Bursagaz" qaz paylayıcı şəbəkələrindən imtina edib. Paralel olaraq, şirkət Türkiyədə hibrid elektrik stansiyası almaq imkanlarını da araşdırır. Stansiyanın qazla təminatı da SOCAR tərəfindən həyata keçiriləcək.

Bütün bu proseslər SOCAR-ın Türkiyə bazarında strateji dəyişikliklərə getdiyini, gəlir gətirməyən və istehsalla əlaqəli olmayan aktivlərdən çıxaraq diqqəti enerji və sənaye istehsalına yönəltdiyini göstərir. Şirkətin indiyədək Türkiyəyə yönəltdiyi ümumi investisiya həcmi 18,5 milyard dolları ötüb. Gözləntilərə görə, bu vəsaitin əsas hissəsi gələcəkdə məhz istehsal və enerji sahələrində cəmlənəcək.

SORĞU

Qlobal istiləşmə

Qlobal istiləşmə həyatınıza təsir edir?