Bu gün

Bakıda toy məclisi zəhərlənmə ilə nəticələndi – 32 nəfər xəstəxanalıq oldu

Ötən gün toy mərasimində iştirak edən şəxslər arasında ciddi qida zəhərlənməsi qeydə alınıb.

Təhlil.az xəbər verir ki, hadisə paytaxt restoranlarından birində baş verib. 30-dan çox şəxs – əsasən qadınlar – toy süfrəsində təqdim olunan qidalardan sonra səhhətində problem hiss edərək Kliniki Tibbi Mərkəzin (KTM) Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə müraciət edib.

KTM-in mətbuat katibi Ruzbeh Məmmədin verdiyi açıqlamaya görə, ümumilikdə 32 nəfərə – 23 qadın və 9 kişiyə – “dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi” diaqnozu qoyulub. Mərkəzdə onlara təcili tibbi yardım göstərilib, o cümlədən mədə yuyulması və infeksionist müayinəsi aparılıb.

Təəssüf doğuran hal olsa da, xoşbəxtlikdən zəhərlənən şəxslərin hər biri zəruri tibbi yardımlardan sonra evə buraxılıb.

Hazırda məsələ ilə bağlı araşdırma aparılır, zəhərlənmənin dəqiq səbəbi müəyyənləşdirilməyə çalışılır.