Rusiya iqtisadiyyatında ciddi böhran - Hansı sahələr çökür? - TƏHLİL

2022-ci ildə Ukrayna ilə başlayan müharibə səbəbindən Rusiya iqtisadiyyatı böyük çətinliklə üzləşib. Sanksiyalar, loqistika zəncirinin dəyişməsi, ciddi iqtisadi çətinliklər ölkədə müəyyən problemlərə yol açıb. Bununla yanaşı, Rusiyanın neftdən olan gəlirləri də artıq minimum həddə çatıb.
Cari ilin may ayının rəqəmlərinə əsasən, Rusiyanın neft satışından əldə etdiyi gəlir son iki ilin minimum həddinə çatıb. Büdcəyə neft satışından daxil olan gəlirlər ötən ilin anoloji dövrü ilə müqayisədə 32 faiz azalıb. Neft gəlirlərinin kəskin azalmasının səbəbi ABŞ prezidenti Donald Trampın qlobal iqtisadi artımı ləngidə bilən tarifləri fonunda karbohidrogen qiymətlərinin düşməsi, “OPEC plus" ölkələrinin hasilatı artırmasıdır.
Beləliklə, əldə edilən məlumatların, statistik rəqəmlərin, hesabatların təhlili göstərir ki, Rusiya iqtisadiyyatının əksər sahələri böhran vəziyyətindədir. Onlardan bəziləri bunlardır:
Daş kömür sənayesi. Satışların kəskin azalması və Çinin tətbiq etdiyi yeni rüsumlar bu sahədə ciddi problemlərə yol açıb.
Metallurgiya sahəsi. Vəziyyət kritik olmasa da, azalma və zəifləmə tendensiyası davam edir. Bir sıra zavodların borcu yaranıb.
Tikinti sektoru. Bu sektor güzəştli ipotekaların ləğvindən və faizlərin yüksəlməsindən sonra ciddi böhranla üzləşib. Bu isə dövriyyə kapitalının çatışmazlığı deməkdir. Şirkətlər bu maliyyəni tapmaqda ciddi çətinlik çəkirlər.
Avtomobil sənayesində növbəti böhran dalğası başlayıb. Satışlar iki dəfə azalıb. Çin markaları bazarı işğal etmək üzrədir. Bu da yerli istehsalçıları çətin vəziyyətə salır.
Eyni tendensiya kənd təsərrüfatı sahəsində də müşahidə edilir. Bu vacib sektor da böhranla üz-üzə qalıb.
İşin maraqlı tərəfi odur ki, təhsil sektorunda böhran daha da kəskinləşib. Təhsil iqtisadiyyata gecikmiş təsir göstərir, lakin sfera Rusiyanın həqiqi perspektivlərini açıq şəkildə əks etdirir.
Səhiyyə sektorunda ən böyük qalmaqal maaşlarla bağlıdır. Bir sıra şəhərlərdə artıq tibbi personalın ixtisarına başlanılıb. Bəzi iri müəssisələrin əməkdaşlarını isə kütləvi ixtisarla qorxudurlar. Maaşdan söz düşmüşkən “M-12” şosse yolunun - “əsrin tikintisi” adlandırılan yolun inşasında iştirak edən işçilərin də maaşı ilə bağlı ciddi problemlər var.
Bunlar deməyə əsas verir ki, 2025-ci ilin ilk yarısında Rusiya vətəndaşlarının 34 faizinin əmək haqqında azalma müşahidə edilib. Bununla yanaşı, çalışan rusiyalıların 7 faizinin maaşı iki dəfə azalıb. Bunu hətta “Sberbank”ın sədri German Qref də etiraf edib.
Yerli əhalinin gəlirinin böyük hissəsi ərzaq məhsullarına sərf edilir. İnflyasiya 20 faiz həddinə qədər çatıb. Gəlir azlığı və maaş artımı elə həddədir ki, bu gün Rusiyada aparılan sorğular demoqrafik artımla bağlı dəhşətli mənzərəni ortaya çıxarır. Məlum olub ki, artıq övlad sahibi olmaq, uşaq böyütmək müasir şərtlərdə haradasa mümkünsüz sayılır. Bu isə onsuz da əhalisinin sayı hər il azalan Rusiya üçün demoqrafik böhranın kəskinləşməsi deməkdir.
Hikmət Həsənov