Baş nazirdən qərar

“Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilib.
Təhlil.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Sənədə əsasən, mülki aviasiyanın uçuş və uçuş-sınaq heyətində işləyən və güzəştli şərtlərlə pensiya almaq hüququ olan şəxslərin sığorta stajı aşağıdakılar nəzərə alınmaqla hesablanacaq:
təyyarədə çalışan sıravi heyət üzvləri, avia-kimyəvi işlərdə, aerofotoçəkilişlərdə, keşikçəkmə, atmosferi zondla tədqiqetmə zamanı və digər xüsusi xarakterli iş növlərində helikopterlərin sıravi heyət üzvləri, habelə komanda-uçuş, inspektor, təlimatçı heyətlərinin üzvləri üçün ümumi sığorta stajı – uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 18-ə, alınan nəticə isə 12 aya bölünməklə;
hava gəmiləri uçuş heyətinin qəza-xilasetmə (axtarış-xilasetmə) bölmələrinin tərkibində – işlədiyi hər bir ilə görə il yarım sığorta stajı;
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyət ləğv edilənədək həmin qurumun idman aviasiya təşkilatlarının uçuş heyəti vəzifələrində – bir il işə görə il yarım sığorta stajı, bu şərtlə ki, onlar uçuş hazırlığının tədris planını yerinə yetirmiş olsunlar. Bir il ərzində mürəkkəb və ya ali pilotaj elementlərinin yerinə yetirilməsinə görə – iki il sığorta stajı;
paraşütçü bölmələrinin rəhbərləri, paraşütçülər, xilasedici paraşütçülər, axtarış və xilasetmə ilə məşğul olan paraşütçülər, ən azı 10 metr hündürlükdə helikopterdən asılan xüsusi enən (qalxan) qurğudan paraşütlə tullanan, ştatda olan və ştatdankənar paraşütdesant qruplarının bir illik işinə görə il yarım sığorta stajı, bu şərtlə ki, onlar porşenli təyyarələrdən, helikopterlərdən, ən azı 10 metr hündürlükdə olan helikopterlərdən xüsusi enən (qalxan) qurğulardan illik tullanma normasını yerinə yetirmiş olsunlar. Reaktiv təyyarə və helikopterlərdən illik tullanma norması bir il ərzində yerinə yetirildikdə isə iki il sığorta stajı;
imtiyazlı sığorta stajının hesablanması şərtləri yerinə yetirilmədikdə bir illik işə görə – bir il sığorta stajı;
Silahlı qüvvələrin uçuş heyəti vəzifələrində və uçuş-sınaq heyətində xidmət müddəti (müvafiq olaraq hərbi qulluqçular və uçuş-sınaq heyəti üçün müəyyən edilmiş qaydada);
məcburi dövlət sosial sığorta haqları ödənilməklə xarici mülki aviasiyanın uçuş heyəti vəzifələrində xaricdəki iş müddəti
ali və orta aviasiya tədris müəssisələrinin əyani şöbələrindəki təhsil müddəti (faktiki davamiyyət üzrə).
Mülki aviasiyanın uçuş və uçuşsınaq heyətində işləyən şəxslər – hava gəmisinin və digər uçuş aparatlarının heyət üzvləri (kapitan, ikinci pilot, naviqator (şturman), bort mühəndisi, bortmexanik, bortradist), uçuş-təlimatçı heyət üzvləri (təlimatçı kapitan, böyük təlimatçı pilot, təlimatçı pilot, təlimatçı naviqator (şturman), təlimatçı bort mühəndisi, təlimatçı bortmexanik, təlimatçı bortradist), komanda-uçuş heyəti, müvafiq qanunvericiliyə uyğun yaradılmış hüquqi şəxslərin və onların struktur bölmələrinin tərkibində uçuş zamanı hava gəmilərinin uçuş heyətinin və ya digər uçuş aparatlarının heyətlərinin hazırlığını, onlara rəhbərliyi, nəzarəti və müfəttiş yoxlamasını həyata keçirən inspektorlar, paraşütçü bölmələrinin rəhbərləri, paraşütçülər, xilasedici paraşütçülər, axtarış və xilasetmə ilə məşğul olan paraşütçülər, ən azı 10 metr hündürlükdə helikopterdən asılan xüsusi enən (qalxan) qurğudan paraşütlə tullanan, ştatda olan və ştatdankənar paraşütdesant qruplarının üzvləri güzəştli şərtlərlə pensiya almaq hüququna malikdirlər.