NİİM növbəti dəfə sürücülərə müraciət edib

Yay aylarında hava şəraitinin isti keçməsi və vaxtında texniki qulluq olunmaması daha çox nasaz avtomobilin yolda qalmasına səbəb olur. Bir neçə illik təhlillər göstərir ki, hər il iyun, iyul və avqustda digər aylara nisbətən daha çox nəqliyyat vasitəsi texniki nasazlıq səbəbindən yollarda qalır. Belə ki, ötən ilin yay aylarında müşahidə kameralarının görünüş sahəsində 649 texniki nasaz avtomobil müxtəlif küçə və prospektlərdə məcburi dayanıb və nəqliyyat sıxlığının yaranmasına səbəb olub. Nəqliyyatın intensiv və sürətli olduğu yolların hərəkət hissəsində qalan belə avtomobillər qəza şəraiti yaratmaqla digər yol hərəkəti iştirakçılarının da təhlükəsizliyini risk altına alır.
Təhlil.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) sürücülərə müraciətində qeyd olunub.
Bildirilib ki, NİİM sürücülərə istifadələrində olan avtomobillərə mütəmadi texniki qulluq göstərməyi, yola çıxmazdan əvvəl isə, xüsusilə də mühərrik hissəyə diqqət yetirməyi tövsiyə edir.
“Qeyd edək ki, “Yol hərəkəti haqqında” Qanunun 30-cu maddəsinə əsasən, nəqliyyat vasitələrinin sahibləri və ya nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxslər nəqliyyat vasitələrinin istismarı zamanı onların texniki vəziyyətinə dair müəyyən olunmuş tələblərə riayət etməli, nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə saxlanılması üçün onlara vaxtlı-vaxtında texniki xidmət göstərməlidirlər. Həmin qaydalara riayət etməklə yollarda daha təhlükəsiz və maneəsiz hərəkəti təmin etmək mümkündür”, - deyə müraciətdə vurğulanıb.