İyunun 29-da Azərbaycan dili üzrə ikinci cəhd imtahan keçiriləcək

İyunun 29-da Azərbaycan dili (dövlət dili) üzrə ikinci cəhd imtahan keçiriləcək.
Təhlil.az Dövlət İmtahan Mərkəzinin məlumatına istinadla xəbər verir ki, Azərbaycan dili (dövlət dili) imtahanında mayın 22-dən iyunun 10-dək qeydiyyatdan keçən aşağıdakı kateqoriyaya aid olan abituriyentlər (şagirdlər) iştirak edəcəklər:
• Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin mayın 4-də keçirilmiş imtahanda iştirak etməyən və ya iştirak edib “qeyri-məqbul” qiymət alan cari və əvvəlki illərin abituriyentləri. Bu kateqoriyaya aid olan abituriyentlər imtahana buraxılış vərəqəsini bu linkdən çap etməlidirlər.
• Hər hansı səbəbdən buraxılış imtahanı çərçivəsində ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə mayın 4-də keçirilmiş Azərbaycan dili (dövlət dili) imtahanında iştirak etməyən cari ilin məzunları. Həmin şagirdlər buraxılış vərəqəsini bu linkdən çap etməlidirlər.
İştirakçılar imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:
• İmtahana buraxılış vərəqəsi;
• Şəxsiyyəti təsdiq edən sənədin əsli.
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
• Şəxsiyyət vəsiqəsində şəkli olmayan şəxslər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
Qeyd edək ki, imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini mütləq gətirmək lazımdır. Bu sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, həmin şəxs imtahana buraxılmayacaq.