Ermənistan vətəndaşı kredit bataqlığında boğulur - ŞƏRH

Ermənistanın baş naziri Nikol Paşinyan vaxtaşırı açıqlamasında bildirir ki, son 7 ildə, yəni hakimiyyətə yiyələndikdən sonra ölkə vətəndaşlarının gəlirləri sürətlə artıb. Amma Erməni mediası və statistikaları, bank məlumatlarını incələdikdə məlum olur ki, reallıqda vətəndaşların gəlirləri yox, borcları sürətlə artıb. Bu gün Ermənistan əhalisi borc içində yaşayır. Gəlir boşluğunu doldurmaq və sadə məişət problemlərini həll etmək üçün ermənilərin əsas ümidi həddindən artıq bahalı kreditlər olub.
Bu borc yığımı isə xüsusən son bir neçə ildə daha da artıb. Statistikaya görə, bu gün Ermənistanda ən az bir neçə kredit öhdəliyi olmayan ailə tapmaq müşkülə çevrilib. Vətəndaşların kredit yükünün aktiv şəkildə artması yaxın illərdə çox ciddi problemlər yaradacaq. Xüsusən də iqtisadi fəallığın getdikcə zəifləməsi, vətəndaşların gəlirlərinin artım tempinin kəskin şəkildə azalması fonunda bunu əminliklə söyləmək olar.
Cari il ərzində qeydə alınan rəqəmlərə baxsaq, Ermənistanda orta əmək haqqı cəmi 4,3 faiz artıb ki, bu da vətəndaşların üzərinə götürdüyü kredit öhdəliklərinin artımından bir neçə dəfə aşağıdır. Bu, o mənaya gəlir ki, kredit yükünün vətəndaşlar üzərində təzyiqi artır. Yüksək qeyri-müəyyənliklərin davam etməsi nəticəsində yaranan risklər mühitində Mərkəzi Bankın hesablamalarına görə, vətəndaşların gəlirlərinin artımının ləngiməsi ev təsərrüfatlarının kredit öhdəliklərinə xidmət göstərməsi baxımından risklər yarada bilər. Bu gün artıq bir çox vətəndaş belə problemlərlə üzləşir: kredit götürüblər, qaytara bilmirlər. Problem ondan ibarətdir ki, söhbət yüz minlərlə insandan gedir.
Ötən ilin oktyabr ayı məlumatlarına görə, bank sistemində 341 mindən çox vətəndaş kredit borcunu ödəyə bilməyib. Ödənilməmiş kredit öhdəlikləri 600 milyard dramı ötüb və rəqəm durmadan artır. Çünki hər ay krediti qaytara bilməyən vətəndaşların sayında artım qeydə alınır. Hökumət isə rəqəmlərlə oynamaq qərarına gəlib. Qərara əsasən, borcun bir hissəsi dövlət büdcəsi hesabına ödənilib. Mərkəzi Bank da yekunlara görə, bank sistemində problemli kreditlərin xüsusi çəkisinin azalması ilə öyünür. Bu da statistik yalan və seçki ərəfəsində gözə kül üfürməkdən başqa bir şey deyil. Rəqəmlərə görə, təkcə ötən il 218 min vətəndaşın kreditinin bağlanmasına qərar verilib.
Amma bu, problemin həlli deyil. Çünki iş yerlərinin bağlanması, inflyasiyanın artması fonunda eyni halın təkrarlanacağı gün kimi aydındır. Ona görə ki, vətəndaşların kredit yükü gəlirlərinə nisbətən, qat-qat sürətlə artır. Bu fərq isə sadə erməni vətəndaşını daim kredit ödəmə öhdəliyi ilə üzləşdirəcək.
Ermənistanda xüsusən də, son illərdə istehlak kreditlərində faiz dərəcləri artırılır. Bunu bank sistemi problemli və riskli kreditlər ilə əlaqələndirir. Mərkəzi Bank pulun qiymətini aşağı salsa da, kredit faizləri, xüsusən də vətəndaşlara verilən istehlak kreditləri üzrə faizlər azalmır. Bu gün kredit bazarında qəribə tendensiya yaşanır. Yenidən maliyyələşdirmə dərəcəsi ilə müddəti 1 ilə qədər olan dram kreditləri üzrə faiz dərəcələri arasında fərq hətta iki dəfədən çoxdur. Bu, maliyyə bazarı üçün görünməmiş bir haldır. Yenidən maliyyələşdirmə dərəcəsi 6,75, müddəti 1 ilə qədər olan dram kreditləri üzrə faiz dərəcəsi isə 14 faizi ötür. Banklar kreditlərin qiymətini qaldırıb, yüksək faizlərlə vətəndaşları yükləyirlər. Alternativ olmadığından insanlar belə bir yükün altına girmək məcburiyyətində qalırlar. Son 2 ildə Mərkəzi Bank yenidən maliyyələşdirmə dərəcəsini aşağı salıb - 2023-cü ilin aprelində 10,75, bu ilin aprelində 6,75 faiz olub. Görünür ki, bu, qismən də olsa, kredit faizlərinin azalmasına səbəb olmalı idi. Amma əksi baş verdi. Yenidən maliyyələşdirmə dərəcəsi 2 il ərzində 4 faiz bəndi azalıb və həmin dövrdə 1 ilədək müddətə dram kreditləri üzrə faiz dərəcəsi artıb. Rəsmi məlumatlara görə, təkcə bu ilin ilk 4 ayında vətəndaşların istehlak kreditləri üzrə kredit yükü 300 milyon dollar artıb.
Bütün bunlar göstərir ki, vəziyyət belə davam etsə, Ermənistanda kredit xaosu ciddi narazılıqlara və problemlərə yol açacaq.
Hikmət Həsənov