Bu gün

Azərbaycan şərabı 220 milyonluq Braziliya bazarına çıxır - MÜSAHİBƏ

Azərbaycan şərabçılığının yeni inkişaf mərhələsi dünya mediasında vaxtaşırı gündəmə gətirilir. Ötən aylarda ABŞ-nin və Braziliyanın nüfuzlu “Forbes” jurnallarında, eləcə də İngiltərənin şərab mövzusunda ixtisaslaşmış jurnalı “Decanter”də Azərbaycan şərabları ilə bağlı geniş məqalələr dərc olunub. Məqalələrdə brendlərimizin beynəlxalq arenada layiqli yer tutmağa çalışdığı vurğulanıb, eləcə də ölkəmizin şərabçılıq, üzümçülük tarixi, hazırda Azərbaycanda fəaliyyət göstərən şərab istehsalı müəssisələri barədə də geniş məlumatlar qeyd olunub.

Enoloq Əziz Qasımov mövzu ilə bağlı təhlil.az-ın suallarını cavablandırıb. O, dünya bazarında Azərbaycan məhsullarına olan maraqdan söz açıb.

- Xarici nüfuzlu jurnallarda Azərbaycan şərabçılığı mövzusuna yer ayrılması nədən xəbər verir?

- Şərabçılıq ölkənin mədəni səviyyəsinin göstəricilərindəndir. Ona görə də bu barədə yazanlar şərab içən auditoriyaya yeni ölkələrin qapılarını açırlar. Ümumiyyətlə dünyada Azərbaycana böyük maraq var. Xüsusi proqrama əsasən ildə iki dəfə şərab haqqında yazan jurnalistlər, blogerlər və sosial mediada tanınmış simalar ölkəmizə dəvət olunurlar. Əsasən şərabçılıq və üzümçülük haqqında, həmçinin milli mətbəximiz və Azərbaycanın turizm potensialı barədə materiallar hazırlayırlar.

- Cənubi Qafqazın digər ölkələri ilə müqayisədə şərabçılıq sənayesində mövqeyimiz necədir?

- Qonşu ölkələrin şərabçılıq sənayesi Azərbaycanla müqayisədə çox məşhurdur. Bu da onunla əlaqədardır ki, yerli şərab istehsalçıları PR və marketinqə lazımi səviyyədə diqqət yetirmirlər. Belə olan halda Azərbaycan şərabçılığının tarixi və müasir vəziyyəti haqqında məlumatlar az olur. Məhz buna görə hökumət xüsusi proqramla xarici jurnalistləri dəvət edir, ölkəmizin şərab sektorunu tanıtmağa, inkişaf etdirməyə çalışır. Təəssüf ki, Azərbaycan şərablarını hər ölkədə tapmaq olmur. Məhsullarımız əsasən Rusiyada, Çində, MDB ölkələrində satışa çıxarılır. Son 3 il ərzində isə “AzGranata”, “Meysəri” və “Yarımada” brendləri Böyük Britaniya bazarında təmsil olunur.

- Sektorun inkişafı istiqamətində artan səylər fonunda yaxın gələcəkdən gözləntilərimiz nələrdir?

- Bu yaxınlarda Azərbaycan şərabının Braziliya bazarında satışına start veriləcək. İlkin təqdimat “ProWein Saō Paulo” sərgisində baş tutacaq. Bu, Braziliyadakı səfirimiz, Rəşad Novruzun böyük zəhmətinin nəticəsidir. Bildiyiniz kimi, Braziliyanın 220 milyon əhalisi var. Belə olan halda, Braziliya bazarı Azərbaycan üçün çox önəmlidir. Çünki, orada əhali şəraba böyük maraq göstərir. Təbii ki, tədbirlər bununla bitmir. Azərbaycan şərabçılığının dünyada tanıdılması istiqamətində tədbirlər davam etdirilir. Tezliklə məşhur “National Geographic” jurnalında Azərbaycan şərabçılığı ilə bağlı böyük məqalə dərc olunacaq.

Səbahəddin Qurbanov

SORĞU

İsrail-İran müharibəsi

İsrail və İran arasında münaqişənin genişlənməsi ehtimalı sizi nə dərəcədə narahat edir?