Qırmızı xətlər köhnəlib: İsrail və İran yeni qaydalarla oynayır - ŞƏRH

Yaxın Şərq növbəti dəfə böyük bir qarşıdurmanın astanasındadır. İsrail və İran arasında bir neçə gündür davam edən müharibə artıq adi sərhəd toqquşmalarından çıxaraq strateji səviyyəyə keçib. Hədəf alınan obyektlərə baxsaq, tərəflərin sadəcə hərbi uğur deyil, siyasi və ideoloji məqsədlər güddüyü aydın görünür. Hər iki tərəf bir-birinin nüvə obyektlərini, neft emalı zavodlarını, idarəetmə binalarını və digər həyati əhəmiyyətli obyektləri məhv etməyə çalışır. Yəni bu, sadəcə cavab zərbələri ilə məhdudlaşan münaqişə deyil, daha dərin və planlı bir savaşın başlanğıcıdır.
İran rəsmilərinin açıqlamaları göstərir ki, rəsmi Tehran İsrailin hücumlarının dayandırılmasını və bunun ardınca ABŞ ilə nüvə danışıqlarına qayıdışı istəyir. Tehran bu müharibəni müvəqqəti bir çəkişmə kimi deyil, gələcək siyasi düzənin formalaşması üçün bir fürsət kimi görür. Lakin İsrailin ritorikası bu yanaşmadan kəskin şəkildə fərqlənir. Əgər müharibənin ilk günlərində baş nazir Netanyahu zərbələrin məqsədini İranın nüvə və raket proqramlarını sıradan çıxarmaq kimi təqdim edirdisə, sonrakı bəyanatlar artıq ideoloji xarakter almağa başlayıb. Netanyahu və müdafiə naziri İsrael Katz birbaşa olaraq İranın Ali Rəhbərini hədəf alır, rejim dəyişikliyi ehtimalını açıq şəkildə gündəmə gətirirlər.
Beynəlxalq mediada yayılan məlumata görə, ABŞ və Avropa İttifaqından olan diplomatlar artıq İranın ali rəhbərindən sonra yaranacaq siyasi vəziyyətlə bağlı gizli müzakirələr aparırlar. Bu, təkcə hərbi deyil, həm də diplomatik müstəvidə ciddi dəyişikliklərin yaxın olduğunu göstərir. ABŞ prezidenti Trampın “biz onun harada gizləndiyini bilirik” mesajı da artıq prosesin psixoloji mərhələyə keçdiyini göstərir.
İran bu qarşıdurmanın belə dərinlik qazanacağını gözləmirdi. 2023-cü ilin oktyabrında HƏMAS-ın hücumundan sonra İsrailin sərt reaksiyası və ard-arda apardığı əməliyyatlar Tehranı ciddi şəkildə çətin duruma saldı. Hizbullah zərərsizləşdirildi, Suriyadakı İran mövqeləri zəiflədildi, Yəməndəki husilər atəşkəsə məcbur oldu. Beləliklə, İranın sərhəddən kənarda qurduğu proksi müdafiə sistemi bir-bir sıradan çıxarıldı. Bundan başqa, İsrailin 2024-cü ildə İranın hava hücumundan müdafiə sistemlərini darmadağın etməsi, faktiki olaraq, Tehranın strateji əllərini qolu bağlı vəziyyətə saldı.
İsrailin növbəti hədəfi İranın nüvə proqramını tam sıradan çıxarmaqdır. Bu istiqamətdə ilk zərbələr Natanz, İsfahan və Fordo kimi əsas nüvə obyektlərinə endirildi. MAQATE artıq bəzi qurğuların məhv edildiyini təsdiqləyib. Lakin Fordo obyekti hələ də toxunulmaz olaraq qalır. Söhbət dağların dərinliyində yerləşən, yüksək təhlükəsizliklə qorunan bir nüvə mərkəzindən gedir. Ekspertlər bildirir ki, bu kompleksdə silah istehsalına yararlı uran ehtiyatı saxlanılır və İsrailin bu əraziyə təkbaşına zərbə endirməsi real deyil. ABŞ-nin “Massive Ordnance Penetrator” adlı xüsusi bombaları isə bu işi görə bilər. Elə bu səbəbdən də İsrailin indi bütün gücü ilə Vaşinqtonu müharibəyə cəlb etməyə çalışdığı aydın hiss olunur.
Ancaq vəziyyətin ironiyası bundadır ki, ABŞ hələlik açıq hərbi dəstək verməsə də, “sarı işıq” göstərib. Bu, İsrail üçün kifayət qədər əlverişli şərait yaradır. İsrail hesab edir ki, bu fürsəti əldən verməməlidir. Çünki İranın raket arsenalı tam zərərsizləşdirilməyib, nüvə proqramı isə hələ də davam edir. Bu, Təl-Əviv üçün döyüşü dayandırmaq üçün heç bir səbəbin olmadığı anlamına gəlir.
Bununla belə, İranın da bir neçə seçim yolu var. Ən radikalı nüvə proqramından tam imtina etməkdir. Bu addım savaşı dərhal dayandıra bilər. Amma görünən odur ki, nə Tehran geri çəkilməyə hazırdır, nə də İsrail dayanmaq niyyətindədir. İran, öz növbəsində, İsrailin “Yer üzündən silinməsi” çağırışından geri addım atmır. Nəticə etibarı ilə Yaxın Şərqin mənzərəsi dəyişməkdə davam edir.
MTM Analitik Qrupu