Bu gün

İsrailin hərbi doktrinası: İranla qarşıdurmaya qədər milli strategiya - TƏHLİL

İsrailin 1948-ci ildə dövlət müstəqilliyini elan etməsi onun yalnız siyasi deyil, hərbi mövcudluğu uğrunda da mübarizənin başlanğıcı oldu. Ərazi baxımından kiçik və strateji dərinliksiz olan bu ölkə üçün coğrafi mövqe təhlükəsizlik strategiyasını diktə etdi. Aralıq dənizi ilə İordaniya sərhədi arasındakı bəzi hissələrdə İsrailin eni 15

kilometrə qədər daralır. Bu, istənilən genişmiqyaslı hücumun dövlətin tam çökməsinə səbəb ola biləcəyi anlamına gəlirdi. Beləliklə, hərbi doktrina təkcə müharibə strategiyası deyil, dövlətin yaşamaq formuluna çevrildi.

İlk baş nazir Ben Qurionun rəhbərliyi ilə qurulan bu konsepsiyanın əsas prinsipləri belə idi: İsrail heç bir müharibəni uduza bilməz, səfərbərlik əsaslı və texnoloji üstünlüklü ordu sisteminə söykənmək vacibdir və əgər təhlükə qaçılmazdırsa, o zaman qabaqlayıcı zərbə tam legitimdir.

Bu yanaşma onilliklər ərzində klassik döyüşlərdən asimmetrik münaqişələrə, döyüş meydanından süni intellekt dəstəklənmiş rəqəmsal əməliyyatlara keçidi əks etdirdi.

2008, 2012, 2014, 2021 və 2023-cü illərdə Qəzzada Həmasa qarşı aparılmış əməliyyatlar göstərdi ki, müasir düşmən yalnız əsgər deyil, həm də informasiya, psixoloji təsir və yüksək manevr qabiliyyətinə malik hibrid qüvvədir.

Livan cəbhəsində Hizbullahın artan raket təhdidi “David's Sling”, “Arrow-3” kimi çoxpilləli hava hücumundan müdafiə sistemlərinin zəruriliyini gündəmə gətirdi. Regionda İranın hərbi mövcudluğunun genişlənməsi fonunda isə MABAM müharibələrarası

gizli kampaniya strategiyası dərinləşdirildi. Bu strategiya vasitəsilə İsrail açıq müharibəyə keçmədən düşmən infrastrukturunu sistematik şəkildə zəiflədir.

İsrailin qabaqlayıcı zərbə konsepsiyası real əməliyyatlarla özünü sübut edib. 1967-ci ildə “Fokus” əməliyyatı çərçivəsində Misirin hava qüvvələri yerindəcə məhv edildi. 1981-ci ildə İraqın Osirak reaktoru, 2007-ci ildə isə Suriyanın Deyrəz - Zordakı nüvə obyektləri zərərsizləşdirildi.

Bu presedentlər 2020-ci illərdə İranın nüvə proqramına qarşı addımlara zəmin yaratdı. 2025-ci ildə İranla qarşıdurma artıq açıq və çoxşaxəli fazaya keçib. İsrailin yüksək dəqiqlikli hava zərbələri nəticəsində Natanz, İsfahan və Fordo kimi obyektlər zədələndi.

Tehran buna birbaşa cavab vermək əvəzinə, ona bağlı vasitəçi qüvvələr Hizbullah, Həmas, İraq və Suriya ərazisindəki xüsusi qruplar və husilər vasitəsilə İsrailə və ABŞ-nin bölgədəki maraqlarına qarşı hücumları intensivləşdirdi.

İsrailin Baş naziri Benyamin Netanyahu bu gərginliyi “dövlətimizin gələcəyi uğrunda ekzistensial müharibə” adlandırdı və bəyan etdi ki, İranın nüvə silahı əldə etməsi təkcə strateji təhlükə deyil, bu, yəhudi dövlətinin mövcudluğuna yönəlmiş bir çağırışdır: “Biz bunu heç vaxt qəbul etməyəcəyik və lazım olsa, təkbaşına da hərəkət edəcəyik”.

İsrail cavab tədbirləri çərçivəsində kiberhücumlar, psixoloji əməliyyatlar və süni intellektlə koordinasiya olunan hava zərbələri həyata keçirdi. Doktrinanın mahiyyəti dəyişmir: maksimum strateji təsir minimum eskalasiya riski. İsrailin nüvə strategiyası isə rəsmi şəkildə qeyri- müəyyənlik, yəni nə təsdiq, nə də inkar siyasətinə əsaslanır.

Analitiklərin fikrincə, ölkənin 80–200 nüvə başlığı, “Jericho” raketləri və “Dolphin” sinifli sualtı qayıqları var. İranın 2024-cü ildən uranı silah dərəcəsində zənginləşdirməyə yaxınlaşması İsrailin “qırmızı xətti”dir. Təl-Əvivin rəsmi mövqeyində bildirilir ki, İranın nüvə silahı əldə etməsinin qarşısı hər vəchlə alınacaq.

İsrailin hərbi doktrinası onun coğrafi ölçüləri, strateji izolyasiyası və mövcudluq təhdidləri fonunda formalaşan bir milli sağ qalma sistemidir. 2025-ci ildə İranla baş verən qarşıdurma bu sistemin çevikliyini, texnoloji üstünlüyünü və siyasi qətiyyətini bir daha sübut etdi. Müasir müharibədə qalibiyyət torpaqla deyil, məlumatla, iradə ilə və ilk addımı atmaq cəsarəti ilə təmin olunur.

TƏHLİL ANALİTİK QRUPU

SORĞU

İsrail-İran müharibəsi

İsrail və İran arasında münaqişənin genişlənməsi ehtimalı sizi nə dərəcədə narahat edir?