Bu gün

XXI əsrin ən uğurlu siyasi brendi: Türkiyə-Azərbaycan birliyi - TƏHLİL

Azərbaycan və Türkiyə arasında mövcud olan münasibətlər tarixi, mədəni və strateji baxımdan dünyada bənzərsiz bir nümunə hesab olunur. “Bir millət, iki dövlət” fəlsəfəsinə əsaslanan bu birlik təkcə regional səviyyədə deyil, həm də beynəlxalq arenada əhəmiyyətli rol oynayır. Hər iki ölkənin siyasi, iqtisadi, hərbi və mədəni sahələrdə sıx əməkdaşlığı birliyimizi daha da gücləndirir və regionun sabitliyi, təhlükəsizliyi üçün mühüm zəmin yaradır.

Artıq dünya miqyasında da bu birliklə hesablaşılır, regionda maraqlı tərəflər mütləq şəkildə Azərbaycan-Türkiyə tandeminin mövqeyini nəzərə alıb buna uyğun siyasət yürüdür. Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimində çıxışı zamanı bununla bağlı Prezident İlham Əliyev qeyd edib: “Bu gün Türkiyə-Azərbaycan qardaşlığı, birliyi nəinki bölgəmiz üçün, dünya miqyasında önəmli amildir, təhlükəsizlik, işbirliyi, inkişaf və qardaşlıq rəmzidir. Dörd il bundan öncə hörmətli Cümhurbaşqanı ilə Şuşa şəhərində imzaladığımız Şuşa Bəyannaməsi bizim əlaqələrimizi ən yüksək zirvəyə qaldırmışdır. Şuşa Bəyannaməsi bizim əlaqələrimizi rəsmən müttəfiqlik səviyyəsinə qaldırmışdır. Biz dostuq, qardaşıq, müttəfiqik. Türkiyə və Azərbaycan - iki qardaş ölkə həm siyasi, həm iqtisadi, həm enerji, nəqliyyat, hərbi və bütün başqa sahələrdə bir-birinin yanında inamla, uğurla irəliləyir”.

Elə “Azərbaycan” məhəlləsinin özü iki qardaş ölkənin biri-birinin yanında necə möhkəm dayanmasının növbəti təzahürü oldu. Qeyd edilməlidr ki, ərazisi 27,6 hektar olan məhəllədə 1194 mənzildən ibarət 68 yaşayış binası, Heydər Əliyev adına ibtidai məktəb, uşaq bağçası, mədəniyyət mərkəzi və digər sosial obyektlər inşa olunub. Bütün bunlar Azərbaycan və Türkiyə daim biri-birlərinin yanında olduqlarının bir daha təsdiqidir. Prezident Rəcəb Tayyib Ərdoğan Kahramanmaraş şəhərində keçirilən mərasimdə bu xüsusda bildirib: “Bəli, bu gün burada “Bir millət, iki dövlət” şüarının həyata keçməsinə bir daha şahidlik edirik. Çünki biz eyni bayrağın kölgəsində dua edən, eyni səccadədə göz yaşı tökən, eyni istiqlal üçün qurban verən bir millətin, iki dövlətin tək ürək daşıyan övladlarıyıq. “Ayrılarmı könül candan, Türkiyə Azərbaycandan”, - deyən şairlərin sözlərə hərfbəhərf nəqş etdiyi qardaşlığımızın nə məna daşıdığını bu gün bütün dünyaya yenidən göstəririk”.

Azərbaycan ilə Türkiyə tərəfdaşlığının təsir dairəsi artıq regional sərhədləri aşaraq beynəlxalq müstəvidə özünü getdikcə daha çox hiss etdirir. Ölkələrimiz arasında strateji ittifaqın daha da güclənəcəyi, bunun ümumən türk dünyasının yüksəlişini daha dinamik hala gətirəcəyi geridönməz prosesdir. Burada o da mütləq şəkildə nəzərə alınmalıdır ki, tarixi baxımdan Azərbaycan-Türkiyə əlaqələri dərin köklərə malikdir. Ortaq dil, din, mədəniyyət və etnik mənsubiyyət bu iki ölkəni bir-birinə bağlayan əsas amillərdir. Ötən əsrin sonlarında Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra qarşılıqlı əlaqələr daha sürətlə inkişaf etməyə başlayıb.

Bu gün iki ölkə arasında yüksək səviyyəli dövlət səfərləri, imzalanan strateji əməkdaşlıq müqavilələri, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər qurumlarda ortaq fəaliyyət bu münasibətlərin nə qədər güclü və sistemli olduğunu bir daah göstərir. 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəltməklə münasibətlərdə həm də yeni bir səhifə açıb. Hərbi sahədə əməkdaşlıq da strateji əhəmiyyət daşıyır. İki ölkə arasında keçirilən ortaq hərbi təlimlər, müdafiə sənayesindəki əməkdaşlıq regional güc balansında mühüm rol oynayır. Hərbi əməkdaşlıq sahəsində görülən işlər Azərbaycan və Türkiyə ordularının daha da güclənməsi, eyni zamanda koordinasiya edilmiş şəkildə fəaliyyət göstərmələrinə imkan verir. Ölkələrimizin müxtəlif ordu birləşmələri arasında çoxsaylı birgə təlimlər istənilən tapşırığın öhdəsindən birlikdə tez və effektiv şəkildə gəlməyə imkan verir.

İqtisadi münasibətlər də dinamik şəkildə inkişaf edir. Müxtəlif enerji layihələri yalnız iki ölkə arasında deyil, eyni zamanda Avropa və Asiyanın enerji təhlükəsizliyi baxımından da böyük əhəmiyyət daşıyır. Ticarət dövriyyəsi ildən-ilə artır, qarşılıqlı sərmayələr genişlənir. Nəqliyyat sahəsində isə Zəngəzur dəhlizi layihəsi hər iki ölkə üçün strateji əhəmiyyət kəsb edir. Bu dəhliz vasitəsilə Azərbaycan və Türkiyə arasında quru bağlantısının güclənməsi, həm də regionun iqtisadi inteqrasiyasına töhfə verəcək. Mədəniyyət və təhsil sahələrindəki əməkdaşlıq da xalqlar arasında münasibətləri daha da yaxınlaşdırır.

Beynəlxalq səviyyədə Azərbaycan-Türkiyə birliyi digər türk dövlətləri və müsəlman ölkələri üçün də nümunə rolunu oynayır. Bu əməkdaşlıq regional güclərin birliyinin mümkünlüyünü və uğurlu nəticələr verdiyini göstərir. Azərbaycan və Türkiyə birlikdə çıxış etməklə təsir güclərini daha da artırır. Bu, xüsusilə beynəlxalq təşkilatlarda ortaq maraqların müdafiəsində özünü göstərir.

Nəticə etibarilə, Azərbaycan-Türkiyə birliyi yalnız iki dövlətin dostluq və qardaşlıq münasibətləri ilə məhdudlaşmır. Bu birlik regionda sülhün, sabitliyin və inkişafın əsas sütunlarından birinə çevrilib. Gələcəkdə də bu münasibətlərin daha da dərinləşməsi, yeni əməkdaşlıq sahələrinin açılması və türk dünyasının birliyinə daha böyük töhfə verməsi gözlənilir. Azərbaycan-Türkiyə birliyi təkcə bu iki dövlət üçün deyil, bütün türk və müsəlman dünyası üçün strateji əhəmiyyət kəsb edən bir modeldir. Dünyada nəzərə alınır ki, Azərbaycanla Türkiyənin birgə əməkdaşlığının daha böyük perspektivləri var. Bu amil böyük bir coğrafiyanın gələcəyinə, onun rifahına ciddi təsir göstərəcək faktorlardan hesab olunur. Bu səbəbdən dünya miqyasında Azərbaycan-Türkiyə tandemi ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə maraq artır.

MTM Analitik Qrupu 

SORĞU

İsrail-İran müharibəsi

İsrail və İran arasında münaqişənin genişlənməsi ehtimalı sizi nə dərəcədə narahat edir?