Ədliyyə Nazirliyi “Mobil icra” tətbiqini istifadəyə verib

Ədliyyə Nazirliyi tərəfindən göstərilən xidmətlərin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatların davamı olaraq “Mobil icra” tətbiqi istifadəyə verilib.
Təhlil.az xəbər verir ki, bu innovativ tətbiq fiziki və hüquqi şəxslərə - həm borclulara, həm də tələbkarlara icra işlərinə dair bütün zəruri məlumatlara real vaxt rejimində çıxış imkanı yaradır.
“Mobil icra” tətbiqini həm “App Store”, həm də “Google Play”dən yükləmək mümkündür. İstifadəçilər “Digital Login” sistemi vasitəsilə qeydiyyatdan keçərək və şəxsi kabinet yaradaraq tətbiqdən istifadə edə biləcəklər.
Tətbiq sayəsində istifadəçilər şəxsi kabinetləri vasitəsilə icra işinin statusunu, tətbiq olunmuş məhdudiyyətləri (əmlaka həbs, nəqliyyat vasitəsinə həbs, borclunun axtarışa verilməsi, ölkədən getmək hüququnun məhdudlaşdırılmasının ləğv edilməsi və s.) və icra tədbirlərinin nəticələrini izləyə, eləcə də icra sənədlərini vahid mənbədən əldə edə biləcəklər.