Ekspert: "İsrail-İran savaşı qlobal müharibəyə çevrilə bilər" - PROQNOZ

"2024-cü ilin yazında qazaxıstanlı tədqiqatçı Madi Süleymanova qısa şərh verdim və o, məndən hadisələrin gələcəkdə necə inkişaf edəcəyini soruşduqda, İsrailin İrana qarşı hərbi əməliyyatlarının 2025-ci ilin əvvəlindən ortalarına qədər mümkün olduğunu ehtimal etdim. Təəssüf ki, bu gün həmin proqnozlar öz təsdiqini tapdı”.
Bunu təhlil.az saytına açıqlamasında Qafqaz Tarixi Mərkəzinin direktoru, “Azərbaycan və Qafqazda erməni məsələsi” monoqrafiyasının müəllifi Rizvan Hüseynov deyib.
Ekspert bildirib ki, bu gün Azərbaycanın hava məkanı sayəsində Qərblə Şərq arasında təhlükəsiz hava hərəkəti mümkündür:
“Azərbaycan və Gürcüstandan keçən hava dəhlizi Avrasiyada yeganə olmasa da, həqiqətən də ən vacib və təhlükəsizdir. Biz dəfələrlə demişik ki, regionumuzun və Azərbaycanın, xüsusən də həm quruda, həm də havada logistik tranzit qovşağı kimi rolu artacaq”.
İsraillə İran arasında iyunun 13-də başlayan hərbi əməliyyatlara toxunan R. Hüseynov qeyd edib ki, açıq qarşıdurmanın nəticəsi təkcə bu iki ölkədən deyil, həm də Rusiya və Çinin Tehrana dəstək verib-verməyəcəyindən asılıdır.
“Yaxın bir neçə gün yəqin ki, ən vacib günlər olacaq və biz Çin və Rusiyanın İranı dəstəkləyib-dəstəkləməyəcəyini görəcəyik. Yəni bu, təkcə İsraillə İranın döyüşü deyil, konkret olaraq onların arxasında duran qüvvələrin döyüşüdür. Yəni, təəssüf ki, hər şey qlobal müharibəyə çevrilə bilər. Hörmüz körfəzinin bağlanması isə nə Çinin, nə də Rusiyanın maraqlarına uyğun deyil. Bunun baş verəcəyi təqdirdə neftin qiyməti ciddi şəkildə bahalaşacaq və bütün bunlar daha böyük xaosa gətirib çıxaracaq” - deyə, ekspert əlavə edib.
Rasim Babayev