Bu gün

25 ildə 45 min ailəyə mənzil verilib – ən çox köçkünlər faydalanıb

Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi rəqəmlər əsasında apardığı təhlilə görə, son 25 ildə (2000-2024-cü illər) 45 575 ailə dövlət tərəfindən yaşayış sahəsi ilə təmin olunub.

Rəsmi rəqəmlər göstərir ki, son 10 ildə daha çox ailə mənzillə təmin edilib. 2000-ci ildən 2015-ci ilə kimi 5 illiklər üzrə hər dövrdə təqdim olunan mənzillərin sayında isə azalma müşahidə olunub.

Lakin son 5 ildə (2020-2024-cü illərdə) 16 044 ailəyə dövlət tərəfindən mənzil təqdim edilib və bu göstərici öncəki 5 ilə nisbətən 17% çoxdur.

Xatırladaq ki, dövlət tərəfindən mənzillə təmin olunan şəxslər arasında müharibə əlilləri, məcburi köçkünlər və şəhid ailələri üstünlük təşkil edir.

Son 5 ildə dövlət tərəfindən yaşayış sahəsi ilə təmin edilən ailələrin sayına diqqət etdikdə görərik ki, 2020-ci ildən sonra rəqəmlərdə azalma qeydə alınıb. Buna səbəb Azərbaycanın həmin illərdə yaşayış məntəqələrini məhz işğaldan azad olunmuş ərazilərdə yaratması ilə əlaqədardır. Son olaraq 2024-cü ildə dövlət tərəfindən yaşayış sahəsi ilə təmin edilən ailələrin sayı 2 555 olub və bu, 2023-cü ilin göstəricilərinə nisbətən 9,6% azdır.

Son 5 ildə dövlət tərəfindən mənzillə təmin edilən ailələr arasında məcburi köçkünlər çoxluq təşkil edib. Bu dövrdə 7 895 məcburi köçkün ailəsi dövlət tərəfindən mənzil ilə təmin olunub ki, bu da dövlət tərəfindən verilən mənzillərin 49,21%-ni təşkil edir.

İkinci sırada 3 740 mənzil ilə müharibə əlilləri yer alır. Son 5 ildə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslər ümumi dövlət tərəfindən verilən mənzillərin 23,31%-nə sahibdirlər.

Son 5 ildə dövlət tərəfindən şəhid ailələrinə 2 705 mənzil təqdim olunub. Bu say ümumi mənzillərin 16,86%-ni təşkil edir.

Qeyd edək ki, son 5 ildə dövlət tərəfindən digər sosial qruplar üzrə ümumilikdə 1 704 mənzil öz sahiblərinə verilib. Bu sosial qruplara həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçular, 20 yanvar hadisələrində həlak olanların ailələri və zərər çəkənlər, Çernobıl AES-də qəzanın ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşlar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların ailələri aiddir.

Son 5 ildə dövlət tərəfindən verilən yaşayış sahələrinin 34,01%-i Bakı şəhərində yerləşir. Bakı şəhərində dövlət tərəfindən təqdim olunan mənzillərin sayı 5 456 ədəd təşkil edir.

Bu göstərici üzrə ikinci sırada 1 924 mənzil ilə Abşeron rayonu yer alır. Bu rayon ərazisində olan dövlətin təqdim etdiyi mənzillərin sayı ümumi göstəricinin 11,99%-ni təşkil edir.

Üçüncü və dördüncü sıralarda işğaldan azad olunmuş iki bölgəmiz yer alır. Bunlardan ilki 993 mənzil ilə Füzuli rayonu, digəri isə 847 mənzil ilə Laçın rayonudur.

İlk beşliyi isə 822 mənzil ilə Şirvan şəhəri tamamlayır. Dövlət tərəfindən verilən mənzillərin 5,12%-i məhz bu şəhərdə yerləşir.

Dövlət tərəfindən verilən yaşayış sahələrinin qalan hissəsi digər 58 bölgəmizdə yerləşir və onların sayı 6 002-ə bərabərdir. Bu bölgələr ardıcıl olaraq aşağıda kimidir:

Ağcabədi r. (725), Kürdəmir r. (649), Gəncə ş. (541), Ucar r. (529), Şuşa r. (369), Cəbrayıl r. (287), Göygöl r. (198), Samux r. (192), Zəngilan r. (175), Lənkəran r. (171), Tərtər r. (134), Mingəçevir ş. (104), Göyçay r. (100), NMR (100), Salyan r. (100), Xocalı r. (94), Ağdam r. (93), Beyləqan r. (80), Şəki r. (77), İmişli r. (74), Yevlax r. (73), Ağsu r. (69), Qazax r. (66), Ağdaş r. (63), Sabirabad r. (63), Astara r. (57), Hacıqabul r. (50), Goranboy r. (46), Bərdə r. (45), Saatlı r. (42), Sumqayıt ş. (41), Tovuz r. (41), Şabran r. (40), Qax r. (39), Biləsuvar r. (35), Ağstafa r. (33), Lerik r. (32), Zaqatala r. (32), Oğuz r. (27), Şəmkir r. (26), Masallı r. (25), Cəlilabad r. (24), Balakən r. (23), Xaçmaz r. (22), Quba r. (22), Neftçala r. (22), Yardımlı r. (22), Zərdab r. (20), Daşkəsən r. (16), Qəbələ r. (16), Gədəbəy r. (12), Xızı r. (12), Qobustan r. (12), Naftalan ş. (12), Siyəzən r. (10), İsmayıllı r. (9), Şamaxı r. (7), Qusar r. (4).

SORĞU

Çörəyin qiyməti

İstehlak etdiyiniz çörəyin keyfiyyətindən razısınızmı?