Bu gün

İTS hesabına 1480-dən çox ilkin hemodializ xidməti göstərilib

Təhlil.az xəbər verir ki, 2024-cü il ərzində kəskin və xroniki böyrək çatışmazlığı olan vətəndaşlara icbari tibbi sığorta hesabına 1480-dən çox ilkin hemodializ seansı icra olunub.

Dializ böyrəklərin filtrasiya qabiliyyətinin itirilməsi səbəbindən qanda toplanan zəhərli maddələrin çıxarılmasının unikal üsuludur. Prosedurun mahiyyəti insanın həyat keyfiyyətini yaxşılaşdırmaq üçün qanın təcili təmizlənməsi, su-duz və turşu-əsas balansının bərpasıdır. Bu müalicə üsulu əsasən kəskin və xroniki böyrək çatışmazlığı olan pasiyentlərdə tətbiq edilir. Dializin iki əsas növü mövcuddur: hemodializ və peritoneal dializ.

Hemodializ zamanı böyrəklərin filtrasiya funksiyası süni dializator aparatı vasitəsilə həyata keçirilir. Tibb müəssisəsində aparılan bu prosedur pasiyentin vəziyyətini stabilləşdirir, həyat keyfiyyətini artırır və ömrünü uzadır.

Peritoneal dializ isə qarın boşluğuna yerləşdirilən qalıcı kateter vasitəsilə aparılır. Kateter, xəstəxana şəraitində yerləşdirilir və pasiyentə uzunmüddətli dializ imkanı yaradır. Peritoneal dializ xəstənin ixtisaslaşdırılmış mərkəzdə prosedurdan keçə bilmədiyi və ya standart manipulyasiyaya ciddi əks göstərişlər olduğu hallarda təyin edilir. Peritoneal dializin mühüm üstünlüyü onun ev şəraitində tətbiq oluna bilməsidir.

Kateterizasiyadan əlavə, uzunmüddətli hemodializ üçün sürətli qan dövranını təmin etmək məqsədilə arteriya və vena arasında süni birləşmə — arterio-venoz fistul əməliyyatı həyata keçirilir. Bu üsul infeksiya riskinin aşağı, uzunömürlü olması səbəbindən "qızıl standart" sayılır. Arterio-venoz fistul adətən damar-cərrahı tərəfindən yerli anesteziya və ya sedasiya altında aparılır.

Ötən il hemodializin həyata keçirilməsi məqsədilə icbari tibbi sığorta hesabına 1095 pasiyentə qalıcı venoz kateter yerləşdirilib. Həmçinin xroniki böyrək çatışmazlığı olan pasiyentlərə 567 arterio-venoz fistul əməliyyatı icra olunub.

Qeyd edək ki, hemodializ üçün müvəqqəti və qalıcı kateterlərin yerləşdirilməsi, arterio-venoz fistul əməliyyatının icrası, anesteziya xidməti, damarların angioplastikası (balon və ya stent daxil olmaqla), ilkin hemodializ və peritoneal dializ xidmətləri icbari tibbi sığorta təminatına daxildir. Bu xidmətlər tibbi göstərişə əsasən TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində, Səhiyyə Nazirliyinin Akademik M.A Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan tibb müəssisələrində (özəl və müvafiq dövlət orqanlarının tabeliyindəki) göndərişlə həyata keçirilir.

Proqramlı hemodializ üçün isə vətəndaşlar “Xroniki böyrək çatışmazlığından əziyyət çəkən şəxslərə tibbi xidmətlərin (hemodializ, periton dializi) təşkili və təkmilləşdirilməsinə dair Komissiya”sında qeydiyyata düşməlidirlər.

Komissiyada qeydiyyata düşməzdən əvvəl vətəndaşa göstərilən ilkin hemodializ xidməti icbari tibbi sığorta hesabına qarşılanır.

SORĞU

Çörəyin qiyməti

İstehlak etdiyiniz çörəyin keyfiyyətindən razısınızmı?