Bu gün

Hörmüz boğazı bağlanarsa nə baş verəcək? - TƏHLİL

İran və İsrail arasında baş verən hərbi toqquşmalar hər gün davam edir. Bu hadisələrin fonunda İran rəsmiləri Hörmüz boğazını bağlamağa hazır olduqlarını bəyan ediblər. İslam Respublikası Parlamentinin Təhlükəsizlik Komitəsinin üzvü Esmail Kavatri bəyan edib ki, Hörmüz boğazının bağlanması məsələsi gündəmdədir və İran bu barədə tam qətiyyətlə qərar verəcək.

Hörmüz boğazının bağlanması isə birbaşa dünya iqtisadiyyatına ciddi təsir edə bilər. Dünya neftinin 20 faizi məhz bu boğazdan keçir. Bu səbəbdən də İslam Respublikası Qərbin sanksiyaları qarşısında belə bir üsula əl atacağına işarə edir. Yaxın tarixdə də oxşar bəyanatlar səsləndirilib. Məsələn, 2011 və 2018-ci illərdə rəsmi Tehran Hörmüz boğazını bağlayacağı ilə bağlı fikirlər səsləndirib. İranın mövcud durumda belə bir addım atması dünya birjalarında ciddi dalğalanmalara, neft qiymətlərinin artımına səbəb ola bilər. Eyni zamanda belə bir addım neft ixrac edən ölkələr üçün də ciddi problemə çevrilməsi də gözləniləndir.

Bu məsələyə dünya ölkələrinin reaksiyası fərqli ola bilər. Məsələn, ehtimal etmək olar ki, belə bir addım onsuz da İsraili dəstəkləyən Birləşmiş Ştatların hərbi müdaxiləsinə səbəb ola bilər və rəsmi Vaşinqton bundan bəhanə kimi istifadə edə bilər. Ötən gün ABŞ prezidenti Donald Trampın sərt bəyanatları da bunu düşünməyə əsas verir.

Digər tərəfdən ola bilər ki, belə bir hərəkət və dünya bazarlarında neft qiymətlərinin kəskin artması elə ABŞ-nin böyük bir planının tərkib hissəsidir. Çünki dünya bazarlarında neft qiymətlərinin kəskin artımı əsasən Çin və Avropa İttifaqının iqtisadiyyatlarına ciddi ziyan vura bilər. Bunu da Çinlə uzun müddətdir iqtisadi qarşıdurma yaşayan Ştatlar üçün əlavə fürsət hesab etmək olar. Eyni zamanda Birləşmiş Ştatlar bu gün dünyanın əsas neft və qaz istehsalçılarından biri sayılır. Üstəlik, Trampın həyata keçirdiyi proteksionist enerji siyasəti dünya bazarlarında Amerika mənşəli karbohidrogenlərin (əsasən şist nefti və mayeləşdirilmiş təbii qaz) payının davamlı artmasına kömək edir.

Bu gün, Paris iqlim sazişindən çıxdıqdan sonra Tramp Avropada Amerikanın “mavi yanacaq” mövqeyini uğurla gücləndirir ki, bu da Aİ-nin Rusiyadan tədarükdən asılılığı azaltmaq siyasəti kontekstində xüsusilə aktualdır. Boğazın iflic olması istər-istəməz beynəlxalq neft qiymətlərinin artmasına gətirib çıxaracaq ki, bundan ən çox faydalananlardan biri də elə Vaşinqton ola bilər. Vaşinqton xarici bazarlarda nefti baha qiymətə satmaqla idxal olunan neftə görə ödənilən yüksək qiyməti kompensasiya edə bilər. Bu, həm də ABŞ-yə dünya bazarlarında mövqeyini qoruyub saxlamağa imkan verəcək. ABŞ inflyasiyanın qarşısını almaq üçün milli ehtiyatlarla bərabər Beynəlxalq Enerji Agentliyinin ehtiyatından da bazara neft çıxarılmasına təşəbbüs göstərə bilər.

Bununla belə, boğazın bağlanıb-bağlanmaması hazırda İranın siyasi iradəsindən asılıdır. Unutmaq lazım deyil ki, vaxtilə Misir də 5 ay müddətinə Süveyş kanalını bağlamışdı. Bu səbəbdən də İranın iqtisadi marağı ikinci plana ataraq, boğazı bağlamağa gedəcəyini ehtimal etmək olar.

Hikmət Həsənov

SORĞU

Çörəyin qiyməti

İstehlak etdiyiniz çörəyin keyfiyyətindən razısınızmı?