İlanlar şəhəri basıb, yoxsa biz onları gətiririk? - AÇIQLAMA

Son günlər vətəndaşların şəhər ərazisində ilanların müşahidə olunması ilə bağlı paylaşımlarına tez-tez rast gəlirik. Tərəfimizdən təhlükəli hesab olunan “çağırılmamış qonaqlar”ın bizi tez-tez ziyarət etməsi əhalidə narahatlıq doğurur. Yaşam arealı insanlardan kənar ərazilər hesab olunan sürünənlər artıq parklarda, küçələrdə və hətta binaların zirzəmilərində də peyda olur. Təbii ki, bu, vətəndaşlar arasında narahatlıq və təşviş yaradır. Amma məsələ göründüyündən bir qədər fərqlidir.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Zoologiya instutunun Quru onurğalıları laborotoriyasının müdiri dosent Təvəkkül İsgəndərov mövzu ilə bağlı saytımıza açıqlamasında bildirib ki, Bakı və ətraf ərazilər landşaft etibarilə yarımsəhra, çöllük ərazi olub, yəni ilanların yaşayışı üçün əlverişli olub.
“Lakin artıq burada şəhər salınıb, qəsəbələr salınıb, insanlar məskunlaşıb və Abşeron yarımadası öz təbii obrazını, mənzərəsini itirib. El arasında deyim var: ilan mələyən çöllər. Buradan da ilanın yaşaması üçün əlverişli hesab olunan ərazilərin çöllər olduğu məlum olur. İlan kolluqda, daşlıqda, qayalıqda insanların olmadığı yerlərdə siçan, siçovul, kərtənkələ və s. canlılarla qidalanaraq yaşayır. Yeraltı yuvalar, ağac koğuşları, qayaların altı və s. yerlər ilanlar üçün təbii sığınacaqlardır. Onlar insanlardan çəkinirlər. Amma ilanların yaşadığı yerə bitişik yerlər var ki, orada insanlar məskunlaşıb. Bəzən həmin yerlərə ilanlar gəlir. İnsanlara zərər vermək üçün yox. Qida tapmaq üçün” - deyə o, qeyd edib.
İlanları bəzən biz özümüz gətiririk
T.İsgəndərov vurğulayıb ki, şəhərin mərkəzində rast gəlinən ilanlarla bağlı səbəblər müxtəlifdir: "Məsələn, Bakının ətrafında ilanların yaşadığı ərazilərə yaxın yerlərdə daş karxanaları var, anbarlar var. İlanlar belə yerlərə gəlir. Şəhərə tikinti materialı gətirmək üçün həmin anbarlara yük maşınları gedir. Bəzən ilanlar maşınlarının künc-bucağında gizlənib qalır. Yük maşınları da şəhərə gəlir yeraltı qarajlarda və ya başqa yerlərdə dayananda ilan ortalığa çıxır. İnsanlar da təşvişə düşür, elə bilirlər ki, ilanlar şəhəri basıb. Yəni ki, gördüyümüz o ilanlar burada yaşayan ilanlar deyil, hansısa yolla gəlir”.
Onlar qorxduğumuz qədər təhlükəli deyillər
Mütəxəssis qeyd edib ki, bulvar ərazisində rastlaşdığımız ilanlar su ilanları olduqları üçün təhlükəli hesab edilmirlər: "Bulvarda daşlıq ərazilər var ki, oralar su ilanlarının yaşadığı yerdir. Hansı ki, zəhərsizdirlər və insan üçün heç bir təhlükə törətmirlər. Onlar gecə vaxtı yumurta qoymaq üçün sahilə gələ bilir və orada qalırlar".
T.İsgəndərov əlavə edib ki, ilanların şəhərin mərkəzinə "ziyarəti" bəzən dəcəl uşaqlar, məsuliyyətsiz adamların sayəsində də mümkün olur.
"Bəzən olur ki, uşaqlar və ya ayrı-ayrı şəxslər kənar yerlərdə gördükləri ilanı camaatın çox olduğu yerlərə və ya şəhərin mərkəzinə özləri tutub gətirirlər. İlan heç bir halda insana hücum etmir. Sadəcə olaraq, biz ilanı görəndə özümüz ona hücum edirik. Sancanda da deyirik ki, ilan sancdı” - deyə, dosent fikrini tamamlayıb.
Səbahəddin Qurbanov