Bakıda Muğam Festivalı başlayır

Azərbaycanın zəngin musiqi irsinin incisi olan muğam sənətini beynəlxalq miqyasda tanıtmaq məqsədilə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalı bu gündən etibarən start götürür.
Təhlil.az xəbər verir ki, festivalın açılış mərasimi bu gün Bakıda – Heydər Əliyev Sarayında “Bayatı” adlı konsert-tamaşa ilə baş tutacaq.
Festivalda Türkiyə, Almaniya, İspaniya, Mərakeş, İraq, Cənubi Koreya, Özbəkistan, Tacikistan, Kanada, Hindistan, Norveç, Rusiya, Böyük Britaniya, ABŞ, Yaponiya, İsveçrə, ümumilikdə 25-dən çox ölkədən 50-dən çox ifaçı, tədqiqatçı və qonaq iştirak edəcək.
Festival çərçivəsində Azərbaycan, Türkiyə, Tacikistan, Özbəkistan, Səudiyyə Ərəbistanı və Çindən olan gənc istedadların beynəlxalq muğam müsabiqəsi keçiriləcək.
Müsabiqədə ümumilikdə 30-dan çox gənc xanəndə və instrumental ifaçı iştirak edəcək. Festivalın proqramına İçərişəhərdə Azərbaycan radiosunun 1950-60-cı illərin “Muğam saatı” proqramı əsasında interaktiv səs performansının, XIII əsrin görkəmli musiqişünası Səfiyəddin Urməvinin nəzəri və praktik irsi ilə bağlı simpiziomun, “Muğam 12” musiqi marafonunun keçirilməsi daxildir. Festival boyunca Azərbaycanın tanınmış muğam ifaçılarının iştirakı ilə ustad konsertləri də olacaq.
Müsabiqənin bağlanış mərasimi muğamın beşiyi olan azad Qarabağda – Ağdam Muğam Mərkəzində keçiriləcək.