İrandan 41 Azərbaycan vətəndaşı təxliyə edildi - RƏSMİ

41 Azərbaycan vətəndaşı İrandan Azərbaycana təxliyə edilib.
Təhlil.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə açıqlamasında deyib.
"İlkin olaraq İran İslam Respublikasındakı Səfirliyimizin əməkdaşlarının ailə üzvləri də daxil olmaqla ümumilikdə 41 nəfər Azərbaycan vətəndaşının İran-Azərbaycan sərhədindən keçidi təmin olunub", - deyə XİN rəsmisi vurğulayıb.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.
Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.