Ermənistanın “geosiyasi balans” siyasəti dalana dirənib - TƏHLİL

Ermənistanın son illər Rusiya ilə Qərb arasında uğursuz siyasi manevrlər etməsi, daha dəqiqi Moskvanın siyasi-iqtisadi təsirindən çıxmaq cəhdləri hansısa nəticə vermir. Bu ölkənin baş naziri Nikol Paşinyanın Praqada keçirilən “GLOBSEC 2025” forumunda verdiyi açıqlamalar onun əks siyasi qütb arasında manipulyasiya etmək imkanlarının daraldığını göstərir.
Baş nazir etiraf edib ki, Ermənistan eyni anda həm Avrasiya İqtisadi İttifaqı, həm də Avropa İttifaqının üzvü ola bilməz və gec-tez seçim etməli olacaq. O bildirib ki, bu məsələ müəyyən mərhələdə Ermənistanın siyasi gündəliyinə daxil ediləcək və hökumət vətəndaşlarla birlikdə qərar verəcək. Bu bəyanat Ermənistanın xüsusən də İkinci Qarabağ müharibəsindən sonra yürütməyə çalışdığı “geosiyasi balans” siyasətinin artıq dalana dirəndiyini, “nala-mıxa vuran” bu ölkənin ciddi seçim qarşısında olduğunu nümayiş etdirir. Bu açıqlama həm də Ermənistanın son illərdə apardığı xarici siyasət kursunun uğursuzluğuna dəlalət edir.
Rəsmi İrəvan 2020-ci ilədək həm Rusiyanın təhlükəsizlik təminatına arxalanır, həm də Qərbin siyasi dəstəyinə bel bağlayaraq iki güc mərkəzi arasında manevrlər etməyə çalışırdı. Lakin hazırda bu siyasətin uğursuzluğu aşkar görünür. Rəsmi İrəvan son illərdə Rusiyadan uzaqlaşması görüntüsünü yaratmağa çalışsa da, faktiki olaraq Moskvanın siyasi və iqtisadi təsirindən çıxmaqda acizlik nümayiş etdirir. Doğrudur, işğalçılıq siyasəti puça çıxan, sarsıdıcı məğlubiyyətə uğrayan Ermənistan Rusiyanı ona hərbi-siyasi dəstək verməməkdə, “meydanda tək qoymaqda” ittiham edir, narazılığını açıq büruzə verir. Bununla belə, ölkənin Rusiyanın “for-postu” statusundan çıxmaq cəhdləri bir sıra səbəblərdən hansısa nəticə vermir.
Əvvəla, hazırda Ermənistanın iqtisadiyyatının əsas sektorlarında Rusiya kapitalının iştirakı ilə fəaliyyət göstərən 40-dan çox iri müəssisə mövcuddur. Bu müəssisələr müxtəlif sahələri – metallurgiya, energetika, nəqliyyat, bank-maliyyə, rabitə və sənaye sahələrini əhatə edir. Praktiki olaraq ölkənin iqtisadi sütunları Rusiya şirkətlərinin nəzarəti altındadır. Bu da Ermənistanın müstəqilliyini ciddi şəkildə məhdudlaşdırır, onun beynəlxalq siyasətdə sərbəst qərar vermək imkanlarını minimuma endirir.
Ermənistanın enerji sektorunda da Rusiya həlledici mövqeyə hakimdir. Ölkənin təbii qaz təminatı, daşınması, saxlanması və paylanması sistemi tam şəkildə Rusiyanın “Qazprom” şirkətinin nəzarətindədir. “Qazprom Armenia” adlı törəmə şirkət bu bazarda tam inhisarçı mövqedədir. Bu şirkət həm də Hrazdan İstilik Elektrik Stansiyasının 5-ci enerji blokunu idarə edir və bu obyekt Ermənistanın elektrik enerjisi ilə təchizatında mühüm rol oynayır. Ölkənin ərazisindəki qaz nəqli sistemlərinin istismarı və yenidən qurulması da həmin şirkətin səlahiyyətindədir.
İmzalanmış hökumətlərarası müqaviləyə əsasən, Rusiya Ermənistana güzəştli qiymətlərlə ildə 2,5 milyard kubmetr qaz nəql edir. Münasibətlərdə gərginlik yaranacağı təqdirdə, qiymət artımı və ya təchizatın dayandırılması ehtimalı Ermənistan üçün ciddi enerji böhranı yarada bilər. Bundan əlavə, bəzi strateji müəssisələrin – dəmir yollarının, bir sıra hava limanlarının, rabitə infrastrukturlarının Rusiya şirkətlərinin nəzarətində olması da rəsmi İrəvanın qərarvermə imkanlarını daraldır.
Ermənistanın son illərdə Rusiyadan uzaqlaşmaq cəhdləri Kremlin narazılığı ilə yanaşı, ölkə daxilindəki radikal-revanşist qüvvələrin də fəallaşmasına səbəb olub. Radikal müxalifətin “Qarabağ klanı”nın təmsilçiləri – Robert Köçəryan, Serj Sarkisyan Rusiyanın müəyyən hərbi-siyasi dairələri ilə əlaqələrini işə salaraq, qarşıdakı seçkilər ərəfəsində fəallaşmağa çalışırlar. Bunu nəzərə alan Nikol Paşinyan isə son aylarda Moskva ilə münasibətlərini normallaşdırmağa, radikal müxalifəti bu ölkənin dəstəyindən məhrum etməyə çalışır. Bundan əlavə, Ermənistanın hazırkı hakimiyyəti Rusiya ilə qarşıdurmadan yayınmaqla, daxildə sabitliyi qorumağa, siyasi mövqeyini qoruyub saxlamağa çalışır.
Bütün bunlar isə Ermənistanın guya sıx tərəfdaşlıq etdiyi bəzi Qərb ölkələri tərəfindən qeyri-ciddi və tərəddüdlü addımlar kimi qəbul olunur. Ermənistan rəhbərliyi isə bunun müqabilində Qarabağ məsələsində Qərbə bağladığı ümidlərin özünü doğrultmadığını etiraf edir. Bu vəziyyətdə Ermənistan həm Rusiya hərbi bazasını, həm də Avropa İttifaqının “mülki missiya” adı verilən hərbi kontingentini ərazisində saxlayaraq “ikili oyun oynamağa” çalışır. Rusiya hərbi bazasının və Avropa İttifaqının müşahidə missiyasının eyni vaxtda Ermənistan ərazisində olması ölkənin hansı geosiyasi blokda qərarlaşacağına dair sualları artırır. Beləliklə, Ermənistanın “balans siyasəti” iflasa uğrayır – N.Paşinyan hökuməti nə Rusiya ilə münasibətləri dayandıra, nə də Qərbdən real dəstək ala bilir.
Ermənistanın bu vəziyyətə düşməsinin real səbəblərindən biri də Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdıra bilməməsidir. Qarşı tərəf Azərbaycanın haqlı tələblərini yerinə yetirib sülh təşəbbüsünə konstruktiv cavab verərsə, regiondakı bir sıra enerji və nəqliyyat layihələrinə qoşular, blokadadan çıxar və müstəqilləşmək imkanı əldə edə bilər. Başqa sözlə, hazırda Ermənistanın sabitliyi, təhlükəsizliyi və iqtisadi rifahı məhz dayanıqlı sülhdən keçir.
MTM Analitik Qrupu