70 min müəllimin maaşı artırılacaq - AÇIQLAMA

Azərbaycanda müəllimlərin peşəkar inkişafı istiqamətində həyata keçirilən sertifikatlaşdırma prosesi yeni mərhələyə daxil olur. Növbəti həftə keçiriləcək imtahanlarda 22 minə yaxın təhsilverənin iştirakı gözlənilir. Sertifikatı uğurla keçən müəllimləri isə differensial maaş artımı gözləyir.
Təhlil.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov “Zəkalar” liseyində təşkil olunan “Son zəng” tədbirində çıxışı zamanı məlumat verib.
“Prosesə hazırlıq artıq yekunlaşmaq üzrədir”- deyən, Eşqi Bağırov bildirib ki, əvvəlki mərhələlərin nəticələri qarşıya qoyulan hədəflərə çatıldığını göstərir: “Sertifikatlaşdırma müəllimin peşəkar səviyyəsini və yararlılığını yoxlayır. Bu proses müəllimin öz üzərində işləməsinə və nəticələrini yaxşılaşdırmasına stimul verir. Çünki keyfiyyətli təhsil ancaq keyfiyyətli müəllimlə mümkündür”.
Agentlik rəhbəri əlavə edib ki, 2022-ci ildən bəri 64 901 müəllim sertifikatlaşdırma prosesində iştirak edib, onlardan 17 426 nəfərin maaşına 35%, 38 084 nəfərin maaşına isə 10% artım tətbiq olunub: "Bu il həmin siyahıya 70 mindən çox müəllim əlavə olunacaq".