Dünən

İsrail-İran toqquşmasının Ermənistana təsiri - TƏHLİL

Artıq iki gündür İsrail ilə İran arasında hərbi qarşıdurma davam edir. İsrail Hərbi Hava Qüvvələri cümə günü İranın bir sıra hərbi və nüvə obyektlərinə zərbələr endirib, yüksək rütbəli ordu mənsublarını qətlə yetirib. Cavab olaraq isə İran hərbi qüvvələri İsrail ərazisinə çoxlu raket zərbələri endirib. Ekspertlərin fikrinə görə, bu toqquşmalar regionu böyük müharibəyə sürükləyə bilər. Artıq bir sıra dövlətlər, beynəlxalq təşkilatlar tərəfləri danışıqlara, hərbi qarşıdurmadan daşınmağa səsləyir. Təbii ki, bu hərbi toqquşma Qafqaz regionuna da təsirsiz ötüşmür. Ermənistan bu qarşıdurmadan ciddi ziyanla çıxa bilər. Artıq erməni hökumətinin təşvişini verilən açıqlamalardan, səsləndirilən bəyanatlardan, KİV-lərdə yayımlanan xəbər və şərhlərdən də anlamaq mümkündür.

Bu təşviş və qorxu təsadüfi deyil. Çünki İran və Ermənistan münasibətləri son illərdə, xüsusən də 44 günlük müharibədən sonra dinamik inkişaf mərhələsinə qədəm qoyub. Ermənistan İslam respublikasından təhlükəsizlik yastığı kimi istifadə edir. Rəsmi Tehran isə İrəvandan Qara dənizə, oradan da Avropaya çıxış yolu kimi baxır. Bundan əlavə iki ölkə arasında logistika, enerji təhlükəsizliyi və ticarət sahəsində ciddi tərəfdaşlıq münasibətləri də var. Bununla yanaşı, İrəvan Hindistandan aldığı silahları İran ərazisindən daşıyır. Bundan əlavə, Hindistan, İran və Ermənistanın birgə layihəsi əsasında Çabahar limanından (İran ərazisi) yüklərin Ermənistan vasitəsilə Qara dənizə çatdırılması da layihələndirilib. Tərəflər bu istiqamətdə müəyyən addımlar atıb, müqavilələr imzalayıblar. Əlavə olaraq da söyləmək lazımdır ki, İran da uzun müddətdir Ermənistana dəstək adı altında Azərbaycanın Zəngəzur dəhlizinin əleyhinə çıxır, bunun İran üçün qırmızı xətt olduğunu bildirir. Layihənin region ölkələri, dünya ticarəti üçün əhəmiyyətini dərk etməyən İrəvan və Tehran logistik imkanları məhdudlaşdırmaqla məşğul olurlar. Əvəzində İran başqa bir layihə, erməni dövləti də “Sülhün kəsişməsi”, əslində adı dəyişdirilmiş “Erməni qovşağı”nı qoltuğuna vuraraq, Qərbin siyasi kulislərini gəzsə də, dəstək tapa bilmir.

Amma iki gündür regionda baş verən hərbi qarşıdurma yuxarıda sadalanan bir çox şeyin üstündən xətt çəkə bilər. Birincisi ona görə ki, Ermənistan ticarət, logistika, enerji təhlükəsizliyi və digər sahələrdə İrandan aldığı dəstəyi itirə bilər. Bundan əlavə, hərbi eskalasiya səbəbindən İran-Ermənistan yolunun bağlanması ehtimalı da var. Bu isə uzun illər özünü blokada vəziyyətinə salan erməni dövlətinin iqtisadiyyatına ciddi zərbə vura bilər. Belə bir yolun bağlanması Hindistandan təmin edilən silahların da alışını sual altına qoyar. Bir neçə vaxtdır regionda revanşizm meylləri sürdürən Ermənistan silahlanmaya çox ümid etdiyi üçün bu situasiya hakimiyyəti mat vəziyyətinə sala bilər. Eyni zamanda nəzərə almaq lazımdır ki, regionda eskalasiya riski artsa, Qərb, xüsusən də ABŞ və NATO İrana hərbi müdaxilə edəcək. Əgər Ermənistanda uzun müddətdir Aİ müşahidəçilərinin sərhəddə kəşfiyyat materiallarını topladığını nəzərə alsaq, Paşinyan hökumətinin bu dövrdə anti-İran çıxışlarını da görə biləcəyik. Bu isə Tehranla İrəvan arasında münasibətləri kəskin şəkildə dəyişəcək.

Göründüyü kimi, hər zaman doğru yolu qoyub səhv və əyri yolla gedən Ermənistan hökuməti geosiyasi dalana dirənmək üzrədir.

Hikmət Həsənov

SORĞU

Çörəyin qiyməti

İstehlak etdiyiniz çörəyin keyfiyyətindən razısınızmı?