Dünən

Sosial artımlar və iqtisadi sabitlik: Azərbaycanın sosial siyasət baxışı - TƏHLİL

Dünyadakı geosiyasi gərginliklərin enerji və ərzaq bazarlarına mənfi təsirləri, əmtəə, xidmət və digər sahələrdə qiymət artımlarının davam etdiyi bir zamanda Azərbaycan iqtisadiyyatının davamlı artım tempi, əldə olunan gəlirlərin əhalinin rifahı məqsədinə yönəldilməsi hökumətin sosialyönümlü siyasətinin səmərəliliyini bir daha təsdiqləyib. 

Ölkəmizin inkişaf modelini xarakterizə edən xüsusiyyətlərdən birini də möhkəm iqtisadi əsaslar fonunda əhalinin maddi rifah halının davamlı şəkildə yüksəldilməsi təşkil edir. Eyni zamanda, müəyyən zərurət qarşısında həyata keçirilən qiymət tənzimləmələri və artımları sosialyönümlü tədbirlərlə kompensasiya olunur. Dövlət vətəndaşların sosial mənafeyini nəzərə alaraq böyük maliyyə tələb edən investisiya layihələrini maliyyələşdirir.

Ukrayna və Yaxın Şərqdəki müharibə səbəbindən bir sıra ölkələrdə qeydə alınan aşağı iqtisadi artım göstəricilərinə rəğmən, 2025-ci ilin yanvar-aprel aylarında ölkədə 39305,8 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz çox ümumi daxili məhsul istehsalı, qeyri neft-qaz sektorunda əlavə dəyərin 3,3 faiz artması, strateji valyuta ehtiyatlarının 74 milyard dollara yüksəlməsi ölkənin davamlı inkişaf yolunda olduğunu, maliyyə sabitliyinin qorunub saxlanıldığını bir daha təsdiqləyir. Bütün bunlar, eyni zamanda, insan və vətəndaş amilinin yüksəlişinə xidmət edən islahatları davam etdirilməsinə imkan yaradır. Eyni zamanda, dövlətin sosialyönümlü siyasəti azad bazar iqtisadiyyatının tələbləri ilə ziddiyyət doğurmur.

Prezident İlham Əliyevin hələ 23 dekabr 2024-cü il tarixdə imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” sərəncamı göstərib ki, ölkədə sosialyönümlü iqtisadiyyatın formalaşdırılması, ədalət prinsiplərinə söykənən sosial quruluşun təmini, iqtisadi gəlirlərin mütənasib qaydada bölüşdürülməsi istiqamətində sistemli tədbirlər həyata keçirilir. Dövlət başçısı İlham Əliyev dəfələrlə bildirib ki, dövlətimizin yürütdüyü siyasətin əsasında insan amili dayanır.

Ümumiyyətlə, yeni mərhələdə reallaşdırılan sosial islahatlar paketinin əsas hədəfi aztəminatlı və həssas əhali qruplarının ölkədəki inkişaf proseslərindən dolğun və hərtərəfli şəkildə bəhrələnmələrinə şərait yaratmaqdır. 2025-ci ildə sosialyönümlü xərclərin 16,9 milyard manat və ya dövlət büdcəsi xərclərinin 41 faizini təşkil etməsi deyilənləri təsdiqləyir. 2025-ci ildə minimum əməkhaqqı, pensiya, müavinət və digər sosial ödənişlərdə artımların 3 milyona yaxın ölkə vətəndaşını əhatə edəcəyi gözlənilir.

Prezident İlham Əliyevin “Sosial müavinətlərin, Prezident təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar bəzi normativ sənədlərdə dəyişiklik edilməsi haqqında” 12 iyun 2025-ci il tarixli Fərmanı ölkədə həyata keçirilən sosial islahatların davamlı səciyyə daşıdığını bir daha təsdiqləyib. Sosial islahatların yeni mərhələsinə start verən bu sənəd, ilk növbədə, inflyasiya və qiymət artımlarının aztəminatlı həssas təbəqələrin həyat keyfiyyətinə mənfi təsirlərinin azaldılmasını təmin edəcək. Bu mənada, imzalanan fərman həm də əhalinin real gəlirlərinin qorunmasına yönəlib.

Fərman göstərir ki, Azərbaycan iqtisadi inkişafla paralel şəkildə sosial sahəyə ciddi önəm verən ölkədir. Şəhid ailələrinin, müharibə iştirakçılarının və əlillərinin, əmək qabiliyyətini itirmiş şəxslərin, yaşa görə təqaüd alanların, fəxri ada layiq görülmüş şəxslərin və digər həssas sosial qrupların mənafeyini önə çəkən bu fərman həm də sosial ədalətin təminatına xidmət edir.

Aparılan pensiya islahatları, cari ilin əvvəlindən minimum əməkhaqqının 345 manatdan 400 manata, pensiyaların minimum məbləğinin 280 manatdan 320 manata qaldırılması dövlətin sosial sahəyə həssas yanaşmasının təzahürüdür. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, 2018-ci ildən bu günə qədər minimum əməkhaqqı 3,1 dəfə, pensiyalar isə 3 dəfəyə qədər artırılıb. Müavinət və təqaüdlərdə 5 dəfə artım qeydə alınıb və bu dinamikanın son fərman əsasında davam etməsi gözlənilir. Ünvanlı sosial yardım mexanizmlərinin təkmilləşdirilməsi, bu sahədə şəffaflığın təmini kimi addımlar sosial siyasətin səmərəliliyini artırıb.

Xüsusilə qeyd etmək lazımdır ki, ölkədəki makroiqtisadi sabitlik, neft-qaz gəlirlərinin düzgün idarə olunması belə genişmiqyaslı sosial islahat paketinin büdcəyə əlavə yük yaradılmadan həyata keçirilməsinə imkan verir. Sosial xərclərin davamlı artımı təkcə sosial təminat deyil, həm də makroiqtisadi sabitlik baxımından müsbət təsirə malikdir. Sosial artımlar daxili istehlak bazarını canlandırmaqla yanaşı, kiçik və orta sahibkarlığın inkişafına, daxili dövriyyənin artımına da təkan verir.

Son nəticədə Azərbaycan dövləti bir daha nümayiş etdirir ki, sosial rifah və iqtisadi inkişaf paralel şəkildə yürüdülə bilər və vətəndaş amili dövlət siyasətinin hər zaman mərkəzində dayançalıdır. Dövlət-vətəndaş münasibətlərində etimadın daha da gücləndirilməsi baxımından da fərmanın rolu danılmazdır. 

MTM Analitik Qrupu 

SORĞU

Çörəyin qiyməti

İstehlak etdiyiniz çörəyin keyfiyyətindən razısınızmı?